Onun taleyinə zəngin tacir ailəsində doğulub, atasız böyümək yazılır. Qisməti qədərinə üstün gəlir. Böyük şəxsiyyət, elm, dövlət xadimi, akademik və digər yüksək titullar qazanır. Qısa ömürlük həyatında biliyi və yüksək təfəkkürü sayəsində bütün şansları əldə edir, uğurlara sahiblənir, sadəcə öz ömründən başqa. Cəmi 42 il ömür sürür şərəflə, ləyaqətlə.
Heydər Nəcəf oğlu Hüseynov 3 aprel 1908-ci ildə qədim Azərbaycan şəhəri İrəvanda Təpəbaşı məhəlləsində, tacir Hacı Nəcəf Kərbəlayi oğlunun və Məşədi Gülsümün ailəsində dünyaya gəlir. Anası Gülsüm xanım çox ağıllı, geniş dünyagörüşə sahib bir qadın olub. O, həyat yoldaşı Hacı Nəcəflə bir çox Şərq ölkələrində və dini mərkəzlərdə olmuşdur. Gülsüm xanımın bilik və dünyagörüşü əlbəttə ki, övladlarının da həyatına öz təsirini göstərmişdir. Altıuşaqlı ailənin kiçiyi olan Heydər hələ körpə ikən atasını itirir. 1918-ci ilə kimi ailə İrəvan şəhərində yaşayır. O dövrlər şəhərdə vəziyyət milli zəmində gərgin idi. Ermənilərin ixtilaf törətməsi ilə Heydər Hüseynovun böyük qardaşı Yusif 1918-ci ildə qətlə yetirilir. Ailənin bütün ağırlığı Gülsüm xanımın üzərinə düşür. İrəvanda təzyiqlərlə üzləşən ailə əvvəlcə Batum şəhərinə, sonra isə Stavropola köçür. Nəhayət, 1920-ci ildə Bakı şəhərinə köçən ailə burada yaşamağa başlayır. Çətinlik içərisində yaşayan ailənin sonbeşiyi Heydər Hüseynov on iki yaşında 18 nömrəli məktəbdə ilk təhsilinə başlayır. 1927 və 1931-ci illərdə o vaxtkı Lenin adına Pedaqoji İnstitutunun həm şərqşünaslıq, həm də pedaqoji fakültələrində təhsil almış, ərəb və fars dillərini mükəmməl öyrənmiş, ilk əmək fəaliyyətinə 1924-cü ildə Pedaqoji Texnikumun kitabxanasında başlamışdır. 1932-ci ildə Azərbaycan Elmi-Tədqiqat İnstitutunun aspirantı olan Heydər Hüseynov 1936-1940-cı illərdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı Ensiklopediya və Lüğətlər İnstitutunun direktoru işləmişdir. 1943-1945-ci illərdə Azərbaycan Dövlət Universitetinin əvvəl marksizm-leninizmin əsasları, fəlsəfə kafedrasının müdiri, 1945-1950-ci illərdə isə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun direktoru olmuşdur.
1930-cu illərdə fəlsəfə elmini tədris edən Heydər Hüseynov filosof Əhməd ağa ilə birlikdə Azərbaycan dilində fəlsəfəyə aid "Dialektik materializm", "Dialektika və metafizika" və "Dialektika və tarixi materializm" adlı ilk dərslikləri yazmışdır. 1932-ci ildən başlayaraq bir sıra ali məktəblərdə fəlsəfədən dərs deyən Heydər Hüseynov 1936-cı ildə Azərbaycan Sovet Ensiklopediyasının hazırlanmasında iştirak etmiş və 1940-cı ildə isə baş redaksiyaya rəhbərlik etdiyi zaman "Şərəf" nişanı ordeninə layiq görülmüşdür. Həmin ərəfələr alimin taleyində ən uğurlu çağlar olmuşdur. 15 iyun 1939-cu ildə Tiflis şəhərində "Mirzə Fətəli Axundovun fəlsəfi görüşləri" adlı dissertasiyasını, 1942-ci ildə "Vətənpərvər şair Səməd Vurğun", "Azərbaycan ziyalıları Vətən müharibəsi günlərində", 1944-cü ildə "Ədəbi qeydlər" və digər kitabları nəşr etdirmişdir. Akademik 1944-cü ildə isə doktorluq dissertasiyasını müdafiə edərək, elə həmin ildə professor elmi adını almışdır.
Heydər Hüseynovun fəaliyyətinə nəzər salarkən alimin tarix və fəlsəfə elminin inkişafına nə qədər böyük töhfələr verdiyinin şahidi oluruq. O, Azərbaycan tərcümə məktəbinin əsasını qoyan və ilk Azərbaycan-Rus və Rus-Azərbaycan lüğətinin redaktorlarından biri olmuşdur. Nizami Gəncəvi, Füzuli, Bəhmənyar, Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi kimi mütəfəkkirlər haqqında ciddi tədqiqat işi apararaq, 100-dən çox elmi məqalə yazmışdır. Akademik 41 yaşında "XIX əsrdə Azərbaycan fəlsəfi və ictimai-siyasi fikrin tarixi haqqında" 733 səhifəlik fundamental əsər yazaraq 1950-ci ilin mart ayında növbəti Stalin mükafatını almışdır. Heydər Hüseynov 1940-cı illərdə Bəhmənyarın kiçik həcmli iki fəlsəfi traktatını aşkara çıxararaq tədqiqat obyektinə çevirmişdir. Akademik Heydər Hüseynovun rəhbərliyi və redaktəsi ilə ikicildlik "Müxtəsər Azərbaycan