Silsilə tədbirlər çərçivəsində konfrans
Region

Silsilə tədbirlər çərçivəsində konfrans

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Qobustan rayonunda "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi" adlı konfrans keçirilib. Konfrans iştirakçıları tərəfindən ilk öncə Heydər Əliyev Parkında ulu öndərin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək bildirib ki, respublikaya rəhbərlik etdiyi bütün illərində ömrünü doğma Vətəninə həsr edən ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Çünki ulu öndərin müdrik siyasətinin ondan sonra da həyata keçirilməsi nəticəsində respublikamız qısa zamanda regionun lider dövlətinə çevrilib, torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində düşünülmüş addımları öz bəhrəsini verib. Ulu öndərin dövlət siyasətinə çevirdiyi Azərbaycançılıq məfkurəsi bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbəriliyi altında uğurla inkişaf etdirilir.

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli Xeyrəddin Qoca, YAP Təftiş komissiyasının üzvü Həsən Həsənov, partiyanın rayon təşkilatının sədri Qasım Qasımov və başqaları çıxışlarında bildirdilər ki, ali idarəçilik fəlsəfəsinə dərindən bələd olan ulu öndər dövlətçiliyimizin siyasi-ideoloji varisliyini təmin etməklə yanaşı, cənab İlham Əliyevi Azərbaycan xalqına layiqincə xidmət edən dövlət xadimi kimi yetişdirdi. Fərəhləndirici haldır ki, ulu öndərin siyasi kursunun layiqincə davam etdirilməsi sayəsində son 20 ildə Azərbaycan bütün sahələr üzrə inkişaf edərək dünya birliyində əhəmiyyətini möhkəmləndirib. Mənz bu səbəbdən də ulu öndərin xatirəsi qəlbimizdə əbədi yaşayacaq.

M.NƏRİMANOĞLU,

"Respublika".