Azad edilən ərazilərdə quruculuq və bərpa işləri, ilk növbədə işğal illərində dağıdılan yolların tikintisi, yol qovşaqlarının qurulması, körpülərin salınmasından başlandı. Məhz ilk infrastruktur layihələr də düşmən tərəfindən dağıdılan və yararsız vəziyyətə salınan geniş yol şəbəkəsinin yenidən qurulmasını əhatə edir. Artıq bir neçə həyat əhəmiyyətli yol istifadəyə verilib. Ən fərəhli haldır ki, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış da bu yollardan başlayıb və uğurla davam edir. Yeni yollar Qarabağda və Şərqi Zəngəzurda başlanan dirçəlişin döyünən nəbzi, inkişafın arteriyasıdır, bu yerlərə həyatın qayıtmasından xəbər verir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısı İlham Əliyevin müəyyən etdiyi strategiya, tövsiyə və tapşırığı ilə icra olunan yol infrastruktur layihələr işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edəcək. Yol həyat, yol mədəniyyət, yol inkişafdır. Şərqi Zəngəzurda həyata keçirilən yol infrastrukturu layihələrindən biri Xudafərin-Qubadlı-Laçın avtomobil yoludur və həmin yolun tikintisi sürətlə davam etdirilir. Qeyd edək ki, başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin Su Anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 56,4 kilometrdir. Eyni zamanda həmin yolun Xanlıq yaşayış məntəqəsindən keçən hissəsindən Qubadlı şəhərinə qədər uzunluğu 14 kilometr olan yeni avtomobil yolunun da inşası davam etdirilir. Çətin relyefli ərazilərdən çəkilən Xudafərin-Qubadlı-Laçın avtomobil yolu 4 hərəkət zolaqlı və bəzi yerlərdə bir, digər yerlərdə isə ikinci texniki dərəcəyə uyğun inşa olunur. Hazırda yolun genişləndirilərək profilə salınması və 21.5 metr enində yeni torpaq yatağının inşası həyata keçirilir. Yolun layihə üzrə hərəkət hissəsinin eni 16.5 metr təşkil edir. Yol yatağı hazır olan 20.4 kilometrlik hissədə asfalt-beton örtüyünün döşənməsi işləri başa çatdırılıb. Artıq yolda layihə üzrə nəzərdə tutulan 80 dairəvi, 31 düzbucaqlı boru və 13 yeraltı keçid tikilib, 3105 metr istinad divarı da inşa olunub. Bəzi keçilməz ərazilərdə isə ümumi uzunluğu 2397 metr olan 8 ədəd tunelin inşası da nəzərdə tutulur. Hazırda T-1 və T-2 adlandırılan tunellərdə qazma və qrunt bərkitmə işləri davam etdirilir.
Magistral yolun Xanlıq kəndi istiqamətində olan 14 kilometrlik hissəsində torpaq işləri, boru və keçidlərin, körpülərin, istinad divarlarının tikintisi, topoqrafiya və layihələndirmə işlərinin icrası davam edir. Yeni inşa edilən yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə dairəvi borular və düzbucaqlı su keçidləri, həmçinin əsas yolun 10, 22, 32 və 43-cü kilometrdə, yanaşma yolun 35-ci kilometrdə, eləcə də Qubadlı şəhərinə gedən avtomobil yolunun 1-ci kilometrdə nəzərdə tutulan körpülərin inşası aparılır. Körpülərdə işlərin 50 faizə qədəri yekunlaşıb. Layihə üzrə indiyə kimi 501.8 min kubmetr ərazidə bitki qatının çıxarılması, 6.1 milyon kubmetr həcmində qazma işləri aparılıb, 3.0 milyon kubmetr həcmində isə dolğu işləri icra olunub. Yeni avtomobil yolunun inşası tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilir. Tikinti işlərinin vaxtında başa çatdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.
Qeyd edək ki, Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçən bu avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, həmin rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edir. Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisini 37 saylı Yol İstismarı MMC ilə subpodratçı şirkət, yol tikintisi sahəsində ixtisaslaşmış və ölkəmizdə indiyədək bir neçə layihəni uğurla həyata keçirmiş qardaş Türkiyənin "Polat Yol Yapı San. və Tic. Anonim" Şirkəti birgə icra edir. Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar işçi qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə