Separatçıların “qəhrəmanlıq
Siyasət

Separatçıların “qəhrəmanlıq"simvolu artıq yoxdur

Heykəl bir xalqın, bir ölkənin, ümumiyyətlə bir quruluşun əzm, iradə, qəhrəmanlıq  simvolu hesab edilir. Amma bəzi heykəllər də var ki, xəbis niyyətlərə xidmət edir. Tarixi olmayan  bəzi ölkələr özlərinə uydurma tarix yaratmaq üçün "yoldan keçən" birinin, bir qatilin, bir terrorçunun və ya həmin ölkəyə heç xidməti olmayan birinin "şərəfinə" heykəl qoyur. Ermənistan da bu qəbildən istisna deyil.

Erməni faşizminin simvolu olan Qaregin Njde, xüsusilə Türkiyə Cümhuriyyətində Tələt Paşa və Azərbaycanda bir sıra yüksək rütbəli şəxsləri qətlə yetirən Soğomon Tehliryan və Birinci Qarabağ müharibəsindən yaxşı tanıdığımız azərbaycanlı qızları, qadınları, körpə uşaqları, yaşlıları xüsusi işgəncə ilə öldürən "ASALA" terror təşkilatının üzvü Monte Ave Melkonyan və digər qatillərin "şərəfinə" ucaldılan abidələr ermənilərin öz keçmişini açıq-aydın nümayiş etdirir. Lakin məsələni aktual edən səbəb başqadır. Yuxarıda adları sadalanan terrorçulardan Monte Ave Melkonyanın heykəli ötən günlərdə Xocavənddə sökülüb. Azərbaycanın sentyabrın 19-u başlatdığı və 20-si razılaşma əsasında dayandırdığı Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz bu ərazilərdə tam suverenliyi bərpa etmiş oldu. Monte Melkonyan kimi terrorçudan ibrət götürən separatçı ünsürlər 30 il ərzində bu ərazilərdə daşı daş üstə qoymayıblar.

Ümumiyyətlə, heykəl qeyd etdiyimiz kimi, bir quruluşu təmsil edir. Bütün ölkələr öz tarixlərini tanınmış şəxsiyyətləri ilə nümayiş etdirirlər. Ermənistanın isə belə bir şansı yoxdur. Onun öz ərazisində ucaltdığı terrorçu heykəlləri dövlətin məchul tarixinə bir nişanədir.

Bu da sübut edir ki, heykəl həmişə büt olmur. Artıq yavaş-yavaş tarixə qovuşan separatçı rejimin "azadlıq" rəmzi hesab olunan Monte Ave Melkonyanın heykəlinin sökülməsi əslində bir çağırışdır. Terrorçulara, uşaq qatillərinə qoyulan heykəllər əsla bir quruluşun "azadlıq" rəmzi ola bilməz. Melkonyan neynədi ki, ona heykəl qoydular? Cavab isə konkretdir: "ASALA"nın tərkibində türklərə qarşı qətliamlar törətdi, ötən əsrin 90-cı illərində Qarabağda günahsız azərbaycanlılara qarşı xüsusi amansızlıqla davrandı. Bu gün Ermənistana havadarlıq edən Fransada 1985-ci ildə Orli hava limanında terror aktı törətdi. Hətta bir çox erməni mənbələri qeyd edir ki, ABŞ-ın Kaliforniya əyalətində dünyaya gələn muzdlu qatil zaman-zaman öz xalqına da qəsd etmək fəaliyyətlərində iştirak etmişdir. Xocalı faciəsinin əsas iştirakçılarından biri olan, silah və narkotik satıcısı, muzdlu qatil Monte Melkonyanın və onun yaratdığı terrorçu "Arabo" və "Aramo" dəstələrinin məqsədi qardaşı Markar Melkonyanın dilindən daha aydın ifadə olunub: "Melkonyan və onun təşkil etdiyi quldur dəstələri Qarabağda 38 nəfər əsiri güllələdi, yaralı azərbaycanlı əsgərlər diri-diri yandırıldı, 50-dən çox mülki şəxsə işgəncə verildi. Sözügedən qətliam 17 fevral 1992-ci ildə baş vermişdir. Bu hadisədən bir həftə sonra, fevralın 25-dən 26-na keçən gecədə Melkonyan Xocalıda xüsusi amansızlıqla soyqırımı törətdi. "Arabo" quldur dəstəsinin üzvləri bıçaqlarını çıxararaq yaralı və sağ qalanları doğramağa başladı. Xocalıda başladılan qətliamın ardından terrorçular körpə, uşaq, qadın, yaşlı fərqi qoymadan günahsız insanları qətlə yetirdilər".

Lakin bu qətliamlar sona qədər davam edə bilməzdi. Terrorçu Melkonyanın Qarabağda törətdiyi cinayət əməlləri artmaqda davam edirdi. Həmin vaxt Azərbaycan Respublikasının Milli Qəhrəmanı, o zamanlar Qarabağda döyüşən İbad Hüseynov və onun "kəşfiyyat-diversiya dəstəsi"nə xüsusi tapşırıq verilir - Melkonyanı tapmaq və zərərsizləşdirmək. Bu məqsədlə, İbad Hüseynov və onun dəstəsi 1993-cü ilin 10 iyununda verilən tapşırığı yerinə yetirmək üçün Xocavəndin Muğanlı kəndinə gəlir. Uzun sürən axtarışdan sonra Melkonyanın izini tapmaq mümkün olur. İyunun 13-də İbad Hüseynov və dəstəsi gizli yollarla Melkonyanı izləyərək onu tapır və təkbətək döyüşdə zərərsizləşdirilir. Azərbaycan tərəfi isə qarşı tərəfdən fərqli olaraq və müharibə qanunlarına uyğun olaraq ölmüş hərbçiyə işgəncə vermir. Bunu onun quldur dəstəsinin üzvləri də sonradan təsdiq ediblər.

Bu gün ölkəmizin bütün ərazilərində suverenliyini bərpa etməsi həm də bu kimi məqamları göz önünə gətirdi. Terrorçuya ucaldılan heykəlin sökülməsi Qarabağda yaşayan erməni əsilli sakinlərin də yuxudan oyanması üçün bir addım idi. Həm də beynəlxalq qurumlar bu hadisə ilə birgə gerçəkləri daha aydın görə bilərlər. Azərbaycan heç bir halda öz ərazisi daxilində hansısa separatçı və quldurbaşına heykəl ucaldılmasına göz yuma bilməz.

Tacir SADIQOV,

"Respublika".