Hazırda İsmayıllı rayon ərazisindən axan əksər çaylarda məcra təmizləmə işləri aparılır. Bu il bir neçə dəfə yağan güclü yağış nəticəsində gələn sel suları xeyli daş-çınqıl gətirərək çay məcrasını doldurub. Çayın məcrasının təmizlənməsi nəticəsində yaxınlıqda olan yaşayış məntəqələri və əkin sahələri sel sularından mühafizə olunub.
2023-cü ildə suvarmanı mütəşəkkil həyata keçirmək üçün İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən 134 min kubmetr suvarma kanallarının lildən təmizlənməsi və 221 min kubmetr çay yatağının təmizlənməsi işləri həyata keçirilib, beton kanallarda 1.5 kilometr cari təmir işləri görülüb. Bundan başqa, 11 ədəd hidrometrik post və 10 ədəd subartezian quyusu cari təmir olunub. Su itkisinin qarşısının alınması üçün isə hər il torpaq məcralı kanallar beton üzlüyə alınır.
İsmayıllı rayonunda suvarma mövsümü uğurla yekunlaşır. Bəzi kənd təsərrüfatı bitkiləri, o cümlədən meyvə bağlarının suvarılması isə davam edir. Fermerlər sahələrini suvarmaq üçün suvarma suyu ilə vaxtında təmin olunduqlarını bildirirlər.
Qeyd edək ki, İsmayıllı Suvarma Sistemləri İdarəsi rayonda 9 min hektara yaxın suvarılan torpaq sahəsinə xidmət edir. Bu sahələrin suvarılması Aşıqbayramlı Su Anbarı, Yuxarı Şirvan kanalı, Göyçay çay, Axox çay, Cülyan çay, Talıstan çay, Əyriçay və Girdiman çay vasitəsilə həyata keçirilir.
Nəriman CAVADOV,
"Respublika".