2022-ci il sentyabrın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı 5 hərbiçimiz şəhid oldu. Bu müqəddəslərdən biri Azərbaycan Ordusunun giziri Xəyal Əlövsət oğlu Əhədzadədir. Milyonların ürəyində özünə əbədi yer edən Vətənin qəhrəman oğlu 1998-ci il avqustun 21-də Lənkəran rayonunun Nərimanabad qəsəbəsində dünyaya göz aşıb. Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi olan Xəyal boks üzrə məktəblilər arasında 40 kiloqram çəki dərəcəsində Azərbaycan çempionatının qalibi, eləcə də, yeniyetmələr arasında ölkə çempionatının iştirakçısı olub.
Xəyal İkinci Qarabağ müharibəsində Murovdağ, Cəbrayıl, Füzuli və Şuşa istiqamətində gedən döyüşlərdə savaşıb. Haqq savaşımızda misilsiz şücaət göstərdiyi üçün "Azərbaycan Bayrağı" ordeni, Cəbrayılın, Füzulinin, Şuşanın, Kəlbəcərin azadlığına görə medallarla təltif edilib. 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra III dərəcəli "Rəşadət" ordeninə, “Vətən uğrunda” medalına layiq görülüb.
Bu günlər Lənkəran Olimpiya İdman Kompleksində şəhid Xəyal Əkbərzadənin əziz xatirəsinə həsr olunmuş sərbəst güləş idman növü üzrə uşaq və yeniyetmələr arasında Lənkəran rayon açıq turniri keçirilib. Açılışda əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Zəfər ORUCOĞLU.