Şəhid Vüsal Kazımovun həyat yoldaşı məzun olub
Sosial həyat

Şəhid Vüsal Kazımovun həyat yoldaşı məzun olub

2022-2023-cü tədris ilində Lənkəran Dövlət Universitetini 1025 məzun bitirib.

“Respublika” xəbər verir ki, Lənkəran elinin qürur yeri, bütöv bir xalqın qəhrəmanlıq simvolu kimi adı dillərdən düşməyən  Vətən müharibəsinin şəhidi, baş leytenant Vüsal Kazımovun həyat yoldaşı Aysel Kazımova da bu məzunlar arasında yer alıb.

Belə ki,  Aysel Kazımova Xarici dilin (ingilis dili) tədrisi metodikası və metodologiyası ixtisaslaşması üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə başa vurub. O, bildirir ki, ali təhsil almağı elə Vüsalın arzusu olub: “Vüsal Vətənini, xalqını çox sevirdi. Həyatım boyu çalışaram ki, həmişə əməllərimlə onun qəhrəman adını qoruyum.  Mən Vüsalın yadigar qoyduğu iki qız uşağını  onun kimi ləyaqətli tərbiyə edəcəm. Qızları- Nuray, Aynur  ataların dövlət tərəfindən layiq görüldüyü “İgidliyə görə”,  “Vətən uğrunda”, eləcə də Füzulinin, Cəbrayılın, Xocavəndin azadlığına görə medallarına baxıb qürurlanır...” 

Qeyd edək ki, Vətəninə, xalqına şöhrət olan Vüsal Kazımov Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində dünyaya göz açıb. O, orta təhsilini doğma kənd məktəbində alıb, daha sonra Lənkəran Dövlət Universitetinə daxil  olub və oranı fərqlənmə diplomu ilə başa vurub. Bir il   Lənkəran şəhər Uşaq Poliklinikasının psixi sağlamlıq bölməsində müalicə bədən-tərbiyəsi üzrə təlimatçı vəzifəsində işləyib. Vüsal Kazmov həmçinin Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində  qiyabi olaraq  “Mühasibat uçotu   və audit” ixtisası üzrə ikinci təhsilə də yiyələnib. O, təhsili ilə yanaşı, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin nəzdində  Uşaq-Gənclər İdman Mərkəzinin direktoru vəzifəsində də çalışıb.        

Köksündə əsl qəhrəman ürəyi döyünən Vüsal Kazımov  2020-ci il başlanan Vətən müharibəsinə könülü olaraq yollanıb və Füzulidə, Cəbrayılda, Xocavənddə   ağır döyüşlərdə  fərqlənib. Vüsal Kazmov yağıya qan uddurub, onun kabusuna çevrilib və hər dəfə də Şuşanı görmək arzusu ilə özünü odun-alovun içinə atıb. Şuşanı düşməndən  azad etmək üçün son nəfəsinədək vuruşacağına and içən cəsur  baş leytenant   Şuşa döyüşündə  düşmən gülləsinə tuş gəlib və  əbədiyyət adlı dünyasına qovuşub. Özü getsə də, yazdığı qəhrəmanlıq tarixi örnək olaraq əbədi qalıb. 

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü