Seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda seminar-müşavirələr
Sosial həyat

Seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda seminar-müşavirələr

Naxçıvan

Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Azərbaycan Respublikasının Ali Məhkəməsi və apellyasiya məhkəmələri ilə birgə layihəsi çərçivəsində regionlarda seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda seminar-müşavirələr start götürüb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı yanvarın 10-da Naxçıvanda keçirilən seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əli Allahverdiyev, Mərkəzi Seçki Komissiyası Katibliyinin Hüquq şöbəsinin müdiri Rafiq Abbasov, Ali Məhkəmənin hakimi Səxavət Bəylərli Azərbaycan Respublikası Prezidenti seçkilərində vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarına verilməsi və onların araşdırılması qaydaları, seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi və məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat barədə təqdimatlarla çıxış ediblər.

Vurğulanıb ki, bu layihənin reallaşdırılmasında əsas məqsəd fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin yüksək səviyyədə təşkil olunması, azad, ədalətli və şəffaf keçirilməsi yönündə görülən işlərlə yanaşı, seçki mübahisələrinin həlli ilə bağlı dairə seçki komissiyalarının bilik, bacarıq və məlumatlılıq səviyyəsinin yüksəldilməsi, bu istiqamətdə atılan addımların səmərəliliyinin artırılması, eləcə də vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasıdır.

Sonda seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Seminarda muxtar respublika üzrə 6 dairə seçki komissiyasının sədr, katib və ekspert qrupunun 30 üzvü iştirak edib.

Gəncə

Yanvarın 10-da Gəncədə seçki hüquqlarının pozulmasına dair mübahisələrin məhkəmə qaydasında həlli mövzusunda seminar-müşavirə keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminar-müşavirədə çıxış edən Mərkəzi Seçki Komissiyasının üzvü Bəxşeyiş Əsgərov bildirib ki, yanvar ayının 8-dən başlayan lahiyə bu gündən respublikanın dörd şəhərində - Gəncə, Naxçıvan, Şəki və Şirvanda həyata keçirilir. Seminar-müşavirələrin məqsədi seçki mübahisələrinin məhkəmə qaydasında həlli məsələləri üzrə maarifləndirmə işini təmin etməkdir.

Sonra Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri İlqar Əlizadə "Azərbaycan Respublikası Prezidenti seçkilərində vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarına verilməsi və onların araşdırılması qaydaları", Cinayət Kollegiyasının sədri Rafiq Cəfərov "Azərbaycan Respublikası Prezidenti seçkilərində seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi", İnzibati Kollegiyanın sədri Rəşad Mamedov "Məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat" mövzularında təqdimatlarla çıxışlar ediblər.

Seminar-müşavirənin sonunda iştirakçıların sualları cavablandırılıb.

Şəki

Yanvarın 10-da Şəki şəhərində keçirilən regional seminar-müşavirədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair məsələlər ətraflı müzakirə olunub.

Şəki şəhərindəki "ASAN xidmət" mərkəzində keçirilən seminar-müşavirədə MSK-nın üzvləri, region üzrə apellyasiya məhkəmələrinin hakimləri və dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminar-müşavirə MSK-nın üzvü Tofiq Həsənov və Şəki Apellyasiya Məhkəməsinin sədri Nuru Quliyevin açılış nitqləri ilə başlayıb. Bildirilib ki, Şəki ilə yanaşı, ölkənin daha bir neçə regionunda təşkil edilən seminar-müşavirələr seçki mübahisələrinin həlli ilə bağlı dairə seçki komissiyalarının bilik, bacarıq və məlumatlılıq səviyyəsinin yüksəldilməsi, eləcə də vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi məqsədi daşıyır.

Bildirilib ki, bu gün ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilib. Bu, həm ölkəmizdə, həm də regionda yeni reallıqlar yaradıb. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Azərbaycanda hökm sürən sabitliyin, demokratik prinsiplərə əsaslanan seçki qanunvericiliyinin mövcudluğu tam əminliklə deməyə əsas verir ki, seçkilər yüksək əhvali-ruhiyyədə keçəcək.

Sonra MSK-nın üzvü İlkin Şahbazov "Azərbaycan Respublikası Prezidenti seçkilərində vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarına verilməsi və onların araşdırılması qaydaları" mövzusunda təqdimatla çıxış edib.

Seminar-müşavirədə, həmçinin Şəki Apellyasiya Məhkəməsinin hakimi Vəzirxan Məlikovun "Azərbaycan Respublikası Prezidenti seçkilərində seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi və məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat" mövzusunda təqdimatı dinlənilib.

Təqdimatlardan sonra müzakirə olunan məsələlərlə bağlı iştirakçıların sualları cavablandırılıb.

Seminar-müşavirədə ATƏT-in uzunmüddətli beynəlxalq müşahidəçiləri də iştirak ediblər.

Şirvan

Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramına uyğun olaraq, yanvarın 10-da Şirvan şəhərində tədbir təşkil olunub.

Tədbirdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Şirvan Apellyasiya Məhkəməsinin, həmçinin regionlar üzrə müvafiq məhkəmə orqanlarının hakimləri və dairə seçki komissiyalarının sədrləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli beynəlxalq müşahidəçiləri iştirak ediblər.

Seminar-müşavirə Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayevin çıxışları ilə başlayıb. Sonra gündəliyə uyğun olaraq, Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov və Şirvan Apellyasiya Məhkəməsinin hakimi Samir Həsənov, Azərbaycan Respublikası Prezidenti seçkilərində vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarına verilməsi və onların araşdırılması qaydaları, seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi və məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat barədə təqdimatlarla çıxış ediblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.