Sarsılmaz qardaşlıq münasibətləri regionda rifaha xidmət edir
Gündəm

Sarsılmaz qardaşlıq münasibətləri regionda rifaha xidmət edir

"2008-ci ildəki son səfərimdən etibarən Naxçıvanın əldə etdiyi inkişafı qürurla müşahidə etdim. Naxçıvanın bugünkü səviyyəyə çatmasında böyük payı olan Azərbaycanın ümummilli lideri Heydər Əliyevi anadan olmasının 100-cü ildönümündə bir daha ehtiramla yad edirəm".

Bu fikirləri sentyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Naxçıvana rəsmi səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. Ölkəmizə səfərə gələn qardaş ölkənin liderinin ölkə başçımız ilə təkbətək görüşü baş tutub. Görüş çərçivəsində Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlər müzakirə olunub. Bundan başqa, aktual regional və qlobal problemlər, xüsusilə Qarabağdakı son hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan-Türkiyə münasibətləri dostluq, qardaşlıq, qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulub. Çağdaş dünyanın dəyişməsi fonunda ikitərəfli əlaqələr daha da möhkəmlənir, inkişaf edir. Azərbaycan və türk xalqının eyni soykökünə, dilə, dinə, mədəniyyətə və digər qarşılıqlı bağlara malik olması isə iki dövləti bir-birinə doğma edən başlıca amillərdən hesab olunur. Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərində bir-birinin yanında olub. Ümummilli lider Heydər Əliyevin "bir millət, iki dövlət" kimi xarakterizə etdiyi münasibətlər bu gün də hər iki ölkənin rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatıb. Azərbaycan və Türkiyə arasındakı əməkdaşlığın şaxələndirilməsi bir sıra sahələr üzrə keyfiyyətcə yeni müstəviyə keçidə şərait yaradıb.

Xüsusi qeyd etmək lazımdır ki, qarşılıqlı əlaqələrin yüksələn xətlə inkişafı təkcə iki ölkənin deyil, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verib. Türk dünyasının daha intensiv şəkildə bir araya gəlməsini şərtləndirən əsas mühüm amillərdən biri də məhz Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı ilə bağlıdır. Hazırda beynəlxalq müstəvidə ölkələrimiz arasında siyasi sahədə də əlaqələrin daha da güclənməsi müşahidə olunur. Prosesdə ölkə başçılarının qarşılıqlı səfərləri də mühüm rol oynayır.

Region üçün əlamətdar olan bir hadisə də Ərdoğanın səfəri ilə reallaşmış oldu. Belə ki, dövlət başçıları İğdır-Naxçıvan qaz kəmərinin təməlini qoydular. Qeyd edək ki, İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan qaldırmış olacaq. 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə bu il iyunun 5-də qəbul edilən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın prioritet layihələri sırasında yer alıb. Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək. Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür. Ölkə başçımızın qeyd etdiyi "bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz" reallığı iki ölkə arasındakı qırılmaz bağın təzahürüdür. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir.

Əminliklə qeyd edə bilərik ki, türk dünyasının və 3+3 platformasının gələcəyi ilə bağlı önəmli məsələlərin reallığa çevrilməsi mümkün olacaqdır. Belə ki, səfərin Naxçıvanda keçirilməsi çox dərin məna daşıyır. Türk dünyasının həmrəyliyinin qarşısını almağa çalışan dairələr üçün bu olduqca mühüm mesajdır. Qars-Naxçıvan dəmir yoluna dair niyyət protokolunun imzalanması türk dünyasının daha sıx birləşməsinə zəmin yaradır. Artıq türk dünyasının birləşməsi, ortaq hərbi birliyinin yaradılması məsələsi də aktualdır. Türk dünyasının iki lideri tərəfindən irəli sürülən 3+3 platformasının bundan sonrakı yol xəritəsi sağlam təməllər üzərində qurulub. Lokal antiterror tədbirlərindən qısa bir zaman sonra regiona səfər edən Türkiyə liderinin bu gəlişi regional olaraq olduqca əhəmiyyətlidir. Türkiyə həmişə ən həssas dövrlərdə dövlət rəhbəri səviyyəsində Azərbaycanın yanında olub. Ölkə başçımız bütün türk dünyasına "Gücümüz birliyimizdədir" çağırışını edərkən daim bu fikri də xüsusi qeyd edir ki, bir ölkənin problemi digərinin problemi kimi qəbul olunmalı, aradan qaldırılması üçün birgə səylər göstərilməli, addımlar atılmalıdır. 2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması ilə dost, qardaş və strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələr yeni mərhələyə qədəm qoydu.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak etmələri Azərbaycan-Türkiyə tandeminin göstəricisidir. Hərbi kompleks müxtəlif növ tank, zirehli döyüş maşını və transportyorların, artilleriya qurğu və sistemlərinin, hava hücumundan müdafiə vasitələrinin, atıcı silahların, mühəndis texnikasının, rabitə avadanlıqlarının, optik cihazların təmirini və modernləşdirilməsini, müxtəlif növ daxiliyanma mühərriklərinin təmirini və stend üzərində yoxlanılmasını, qeyd olunan bütün vasitələr üzərində detal və avadanlıqların dəyişdirilməsini və test edilməsini həyata keçirmək imkanına malikdir. Hərbi kompleks 1 mərkəzdən, 8 təmir müəssisəsindən və 10 sahədən ibarətdir. Burada müxtəlif növ texnikaların təmiri və bərpası üçün 300-dən çox avadanlıq quraşdırılıb.

İki dövlət, bir millət, bir yumruq olan ölkələrimizin əsas hədəfi regional təhlükəsizliyi təmin etmək və beynəlxalq məkanda nüfuz dairələrini genişləndirməkdir. Məhz bu çərçivədə görülən işlər - Azərbaycan Ordusunun Türkiyə modeli əsasında inkişafı, Türkiyə müdafiə sənayesinin gücü anti-türk dairələrini ciddi şəkildə narahat edir, bədnam qüvvələr bu birliyi qısqanır.

 

Nurlan ABDALOV,

"Respublika".