Hindistanın ölkəmizdəki səfirliyi 2023-cü il Beynəlxalq Yoqa Gününü qeyd etmək üçün Azərbaycanın müxtəlif şəhərlərində silsilə yoqa tədbirləri təşkil edib. Yoqa 6000 il əvvəl Hindistanda yaranmış qədim fiziki, əqli və mənəvi təcrübə və ənənəvi Asiya sisteminə əsaslanan fiziki tapşırıqların, tətbiqlərin, məşqlərin sırasıdır. Yoqanın ən aydın, şəffaf mənası onun etimoloji mənşəyində saxlanılır. Yoqa sözü Sanskrit dilində yuj sözündən götürülüb, mənası "birlik", "ittifaq" deməkdir. Yoqa fövqəltəbii qüvvələrin sirrini bugünkü günə qədər yaşadan yeganə mistik təriqətdir. Bu mistik təcrübə XIX əsrdə Şərq mədəniyyəti və fəlsəfəsinə ümumi maraq göstərməyə başlayan Qərbin diqqətini çəkdi. Tezliklə qərb auditoriyasına yoqanı fəal şəkildə təbliğ və izah edən ilk hindu müəllimi Swami Vivekananda Avropa və ABŞ-ı gəzdi.
Beynəlxalq Yoqa Gününü təsis edən qətnamə layihəsi də Hindistan tərəfindən təklif edilib və 175 üzv dövlət tərəfindən təsdiq olunub. Təklifi ilk dəfə Baş nazir Narendra Modi Baş Assambleyanın 69-cu sessiyasının açılışı zamanı çıxışında deyib: "Yoqa qədim ənənəmizdən gələn əvəzsiz hədiyyədir. Yoqa ağıl və bədən, düşüncə və hərəkət birliyini təcəssüm etdirir, sağlamlığımız və rifahımız üçün dəyərli olan vahid yanaşmadır. Yoqa təkcə idmanla bağlı deyil. O, özünüzlə, dünya ilə və təbiətlə birlik hissini kəşf etməyin bir yoludur".
Beləliklə, 2014-cü ildə 21 iyun Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən Beynəlxalq Yoqa Günü elan edilib. UNGA öz qətnaməsində təsdiqlədi ki, yoqa həyatın bütün aspektləri arasında tarazlıq yaratmaqla yanaşı, sağlamlıq və rifah üçün vahid yanaşma da təmin edir. Yoqa ilə məşğul olmağın faydaları haqqında məlumatın daha geniş yayılması insanların sağlamlığı üçün faydalı olardı. Yoqa bütün dünyada tətbiq olunur. Bu dərslər hazırda cəmiyyətimizdə getdikcə çox yayılır və hər zamankından daha böyük tələbat var. Bəli, yoqa yaxşı bazara çıxarılıb, deyə bilərsiniz ki, bu, zamanın sınağından çıxmış qədim təcrübədir, lakin ənənənin gözəlliyini və faydalarını həqiqətən qiymətləndirmək üçün yogi ninjası olmağa ehtiyac yoxdur. Bəzi araşdırmalar göstərir ki, müxtəlif yoqa təcrübələri insanın ümumi sağlamlığı və fiziki sağlamlığının bəzi aspektlərini inkişaf etdirə bilər. Yoqa üzərində edilən araşdırmalar göstərir ki, 8 həftəlik intensiv yoqa təcrübəsi romatoid artrit simptomlarını azaldıb. Yoqa həm də ürək, qan-damar, xərçəng, diabet və digər yoluxucu olmayan xəstəliklərə tutulma riskini azaldır. Kaliforniya Universitetinin (ABŞ) tədqiqatçıları müəyyən ediblər ki, yoqa və meditasiya ilə məşğul olmaq beyin üçün də faydalıdır. Onlar hafizəni yaxşılaşdırır. Araşdırma göstərib ki, yoqa və meditasiya ənənəvi yaddaş məşqlərindən daha səmərəlidir. Yoqa ilə məşğul olan insanların beynində bədəni idarə edən və emosiyaları anlayan hissə daha aktivdir. Beyin stresə səbəb olan emosiyanı tanıyır və onun yayılmasına imkan vermir. Beləliklə, yoqa ilə məşğul olan insanlar çətin hallarda daha sakit reaksiya göstərir. 1989-cu ildə aparılan araşdırma göstərib ki, yoqanın bəzi pozalarını edərkən boyundakı baroreseptorlar beyinə siqnal verir, beyin isə öz növbəsində bu siqnalı ürəyə ötürür və təzyiq düşür. Bundan əlavə, yoqa qanda kortizolun səviyyəsini salır və artıq ilk dərsdən sonra insanlar əhvali-ruhiyyənin yaxşı tərəfə dəyişdiyini hiss edir.
N.DAXİLQIZI,
"Respublika".