Sağlam bir nəsil yetişdirildi
Digər xəbərlər

Sağlam bir nəsil yetişdirildi

Xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi silsilə tədbirlər ilə qeyd edilməkdədir. Ölkəmizdə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamında qeyd olunur ki, ulu öndərimiz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Müstəqil Azərbaycan ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Ulu öndərlə bağlı nəsillərin yaddaşında unudulmaz xatirələr yaşayır.

"Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu hər iki dövrdə regionların sosial-iqtisadi, mədəni inkişafına, gənclərin təhsilinə və gələcəyin qurucuları kimi hərtərəfli hazırlığına xüsusi diqqət yetirib. Ulu öndər Kür-Araz ovalığında və Mil düzündə yerləşən İmişli rayonuna dəfələrlə səfər edib, əməkçi insanlarla iş başında görüşüb, qayğı və problemlərinin həllinə çox həssaslıqla yanaşıb. Biz imişlililər bu dahi şəxsiyyəti, görkəmli dövlət xadimini daim böyük ehtiramla xatırlayırıq".

İmişli rayonunun Yusif Sadatxanov adına Aranlı kənd tam orta məktəbinin sabiq direktoru Tofiq Kərimov belə deyir. 82 yaşlı el ağsaqqalı yarım əsr əvvəl baş verən hadisələri elə yerli-yataqlı danışır ki, adam onun hafizəsinə heyran qalır:

 "1970-ci ildə pambıq mövsümünün başlanması ilə əlaqədar İmişli rayonunda zona müşavirəsi keçirilirdi. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçiləndən sonra ilk bölgə səfərini İmişli rayonuna etmişdi. Müşavirəyə ətraf rayonların birinci katibləri, pambıq briqadirləri, qabaqcıl zəhmət adamları və məktəb direktorları, müəllimlər dəvət olunmuşdular. Müşavirədən sonra Heydər Əliyev dəmiryolçular klubunun qarşısında dayanıb adamlarla söhbət etdi. Mən də yaxınlaşıb onun söhbətinə qulaq asırdım. O, adamlarla mehriban və səmimi danışır, onların yaşayış şəraitlərini, qayğı və problemlərini soruşub öyrənirdi. Elə səmimi, elə mehriban ünsiyyət yaradırdı ki, sanki neçə illər idi bu adamların arasında idi. Hətta qadınlardan çörəyi qazma, yoxsa palçıqla hörülən təndirdə bişirdikləri ilə maraqlandı. Rayon Partiya Komitəsinin Birinci katibi Heydər Əliyevə rayon partiya komitəsinin inzibati binasına avtomaşınla getməyi təklif etsə də, o, razılaşmayaraq "gəzə-gəzə getsək yaxşıdır" deyərək, yolboyu əhali ilə söhbətini davam etdirdi.

Tofiq Kərimov qeyd etdi ki, ulu öndər Heydər Əliyevin İmişli rayonuna növbəti unudulmaz səfərlərində - 1974 və 1979-cu illərdə yaşadıqları Aranlı kəndində olub:

"Onun 1979-cu ildə kəndimizə gəlişi mənim və yaşlı nəsil nümayəndələrinin yaddaşında silinməz iz buraxıb. Kəndin yaxınlığında böyük pambıq sahəsində rəhbərlə görüş üçün yer ayrılmışdı. İmişli rayonunun birinci katibi, mərhum Qadir İsmayılzadə, kolxoz sədri Ağan Məmmədov və kənd sakinləri çox böyük səbirsizliklə bu dahi şəxsiyyətin yolunu gözləyir, onu görmək istəyirdilər. Vaxt tamamında Heydər Əliyev həmin yerə gəldi, maşından düşdü. Onun yanında Mərkəzi Komitənin digər nümayəndələri də vardı. Zəhmətkeşləri salamlayıb, onlarla doğmaları, köhnə dostları kimi görüşdü.

Tədbirdə maraqlı anlar yaşandı. Qabaqcıl manqa başçısı, sinəsində bir neçə medalı olan Şüşə Məmmədova bəstəboy olduğundan kiçik təpə üstündə dayanmışdı. Kimsə buna fikir verməsə də, dahi rəhbərin diqqətindən yayınmadı. Dedi, nə qəşəng bəzənmisən, elə bil gəlin gedəcəksən. Bu, hamıda gülüşə səbəb oldu. O, hər kəsə danışmaq, üzləşdiyi problemi demək, təklif səsləndirmək imkanı yaratdı. Bu, əsl rəhbər işçiyə xas keyfiyyət idi.

Qeyd edim ki, həmin illərdə Leninin adını daşıyan kolxozumuz tək İmişli rayonunda yox, Azərbaycanda tanınırdı. Burada qabaqcıl pambıq briqadirləri, mexanizatorlar, hətta qadınlardan manqa başçıları ulu öndərin diqqət və qayğısı nəticəsində medallar və fəxri adlarla təltif olunur, qiymətli hədiyyələrlə mükafatlandırılırdılar.

 1981-ci ildə bir qrup Azərbaycan müəlliminə orden və medallar verilirdi. Mən də onlar arasında idim. Medalları ulu öndər özü təqdim edirdi. Bu zaman mən çox həyəcan keçirirdim. Tədbir "Siyasi maarif evi"ndə keçirilirdi. Zalda 600 nəfərdən çox adam var idi. Mənə "əməkdə fərqlənməyə görə" medalını ulu öndər təqdim edərkən əlini uzatdı. Mən hər kəslə görüşəndə əlini möhkəm sıxıram, bu dəfə də özümdən asılı olmadan belə etdim... Bundan ulu öndər qeyri-adi olaraq diksindi. İclas zalında gülüş qopdu. Ulu öndər əlimi buraxmadan zaldakılara ucadan gülümsəyərək dedi: "Bir baxın, kənd müəllimi nə qədər enerjilidir!" Zaldakılar ayağa qalxaraq Heydər Əliyevin bu sözünü alqışlarla qarşıladılar".

Həmsöhbətim ulu öndərin bölgələrdə, o cümlədən İmişli rayonunda savadlı, ixtisaslı kadrların yetişməsinə, onların dövlət orqanlarında yüksək vəzifələrə irəli çəkilməsinə xüsusi qayğı göstərdiyini bildirir. O vurğulayır ki, məhz bunun nəticəsi olaraq çox qısa müddətdə rayonda ali və orta ixtisas təhsili alanların sayı artdı, ehtiyac olan yerlərə yerli kadrlar işə düzəldi:

"Çox zaman Heydər Əliyev partiya, təsərrüfat rəhbəri, siyasət adamı kimi təqdim olunur. Amma o, sözün əsl mənasında, millətin gələcəyini düşünən böyük ziyalı idi. Onun Azərbaycan mədəniyyəti, ədəbiyyatı, kinematoqrafiyası, təhsili, xüsusilə milli hərbçi kadrlarının hazırlanması üçün çəkdiyi zəhmət misilsizdir və bu gün bəhrəsini görürük. O, həqiqətən sağlam bir nəsil yetişdirdi".

Ərəstun ABDULOV,

"Respublika".