Aprelin 26-da görkəmli ədib, alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 115-ci ili tamam olur
Yazıçı Mir Cəlalın 100 illik yubileyinin rəsmi qeyd olunması ilə bağlı UNESCO Baş konfransının 34-cü sessiyasında qərar qəbul edilmiş, bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci il yanvarın 31-də Sərəncam imzalamışdır. Sərəncamda deyilirdi ki, milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatının inkişafında və onun məzmunca zənginləşməsində mühüm rol oynamışdır. Xalq yaradıcılığı ilə klassik bədii irsin qabaqcıl ənənələrinin vəhdətini yeni formada yaşadan və ədəbiyyatımızı təzə həyati mövzularla zənginləşdirən ədib eyni zamanda böyük tədqiqatçı-alim idi...
...Görkəmli ədib, alim və müəllim. Bu üç müqəddəs peşəni eyni vaxtda yüksək səviyyədə icra edən Mir Cəlal xalqımızın XX əsrdə yetişdirmiş olduğu ən görkəmli simalardandır. O, 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanda, Təbriz yaxınlığında yerləşən Ərdəbil kəndində dünyaya göz açmış, o zaman cənubda hökm sürən aclıq, qıtlıq ucbatından Paşayevlər də digər həmvətənləri kimi Şimali Azərbaycana köçmüşdür. Ədibin uşaqlıq və gənclik çağları Gəncə şəhərində keçib.
Atası Mir Əli ailənin sonbeşiyi Mir Cəlalı çox sevər, onun gələcəyinə böyük ümid bəsləyər, həyatdan tez köçəcəyini duyurmuş kimi, hərdən deyərmiş: "Bu uşağa yaxşı baxın, onu mütləq oxudun, qoyun mükəmməl təhsil alsın".
Mir Əli kişi 1918-ci ildə dünyadan köçəndə 10 yaşlı Mir Cəlal böyük qardaşı Mir Xəlilin himayəsində qalır. Mir Xəlil atasının vəsiyyətinə görə ailənin nə qədər ehtiyacı olsa da, Mir Cəlalı işləməyə qoymur. İti zehinli, çalışqan Mir Cəlal ibtidai təhsilini ruhani seminariyasında alır. 1928-ci ildə isə o, Gəncə Müəllimlər Seminariyasını müvəffəqiyyətlə bitirən məzunlardan biri olur. Həmin dövrdən mütaliəyə başlayır, rus klassiklərinin əsərlərini oxuyur, onlardan təsirlənir, həmin kitabların ağ vərəqləri arasındakı qara sətirlərdə onun üçün sirli, qaranlıq olan mətləblər bir-bir açılırdı. Əlbəttə, bu, ilk növbədə insanların həyatı, məişəti, psixologiyası ilə bağlı aləm olsa da, eyni zamanda gənc istedada yazmağın sirlərini də pıçıldayırdı...
Artıq Mir Cəlal "Qızıl qələmlər"in Gəncə şöbəsinin, bir qədər sonra Azərbaycan Proletar Yazıçılar Birliyinin Gəncə şöbəsinin fəal üzvlərindən biri kimi hər yerdə rəğbətlə qarşılanırdı.
Mir Cəlal bədii yaradıcılığa xırda hekayə və oçerklərlə başlayır, yazdıqları "Qızıl Gəncə", "Gənc işçi", "Hücum" və "Ədəbiyyat cəbhəsində" adlı o dövrün mətbuat orqanlarında çap olunur. İkinci Dünya müharibəsi dövründə müntəzəm olaraq hekayə və oçerklərlə çıxış edən Mir Cəlal "Açıq kitab" romanını, "Vətən yaraları" və "Vətən hekayələri" kitablarını çap etdirir, "Mirzə Xəyal" komediyasını yazır.
Müharibədən sonra yazdığı "Yaşıdlarım", "Təzə şəhər", "Yolumuz hayanadır" romanlarını, "Sadə hekayələr"ini, "Seçilmiş əsərlər"inin ikicildliyini, "İnsanlıq fəlsəfəsi", "Xatirə hekayələri", "Gül bəsləyən qız" adlı hekayələr kitablarını oxucular sevə-sevə mütaliə edirdilər.
Ədibin "Bir gəncin manifesti" əsəri Azərbaycan nəsrində vətəndaş müharibəsinə həsr edilmiş romanların ən yaxşılarındandır. Burada yazıçı 1919-1920-ci illərin Gəncə hadisələrini bədii lövhələrdə əks etdirmişdir. Ümumiyyətlə, Mir Cəlal gördüklərini, nə zamansa müşahidə etdiklərini qələmə almağı sevirdi. Onun əsərlərinin realizmini qüvvətləndirən, emosional təsirini artıran da məhz elə bu amillər idi.
Qeyd etdik ki, Mir Cəlal ədəbiyyata hekayələrlə gəlib, Azərbaycan ədəbiyyatında hekayə janrının inkişafında böyük rol oynayıb. O, 400-dən çox hekayənin müəllifi idi. Onun hekayələrində mürəkkəb hadisələr və xarakterlər öz sadə, bədii həllini tapır. Yazıçının şirin yumorla yoğurduğu hekayələr oxucunu güldürür, düşündürür: "Qəm qəmi gətirər, dəm dəmi", "On bacı