Rusiya Qızıl Xaç Cəmiyyətinin göndərdiyi ərzaq və qeyri-ərzaq məhsulları Ağdam-Əsgəran yolu ilə Xankəndiyə çatdırılacaq
Siyasət

Rusiya Qızıl Xaç Cəmiyyətinin göndərdiyi ərzaq və qeyri-ərzaq məhsulları Ağdam-Əsgəran yolu ilə Xankəndiyə çatdırılacaq

Rusiya Hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən Ağdam-Əsgəran yolu ilə Xankəndi şəhərinə çatdırılması üçün ərzaq və qeyri-ərzaq məhsulları yüklənmiş 1 tır sentyabrın 9-da saat 14:30 radələrində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq Samur buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçmişdir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətindən "Respublika"ya bildirilib ki, hazırda həmin yük maşını Samur-Bakı, Bakı-Bərdə, Ağdam və Əsgəran istiqamətində hərəkət edir.

Röya RÜSTƏMLİ,

"Respublika".