Regionların inkişafı ölkəmizin iqtisadi yüksəlişinə təkan verir
Region

Regionların inkişafı ölkəmizin iqtisadi yüksəlişinə təkan verir

Bölgələrdə həyata keçirilən layihələr xalqın sosial müdafiəsinin və rifah halının yaxşılaşdırılmasına xidmət edir

"Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çox böyük, genişmiqyaslı quruculuq işləri aparılmışdır". Bu fikirləri Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Bu işlərin davam etdirildiyini və hazırda 4-cü Dövlət Proqramının icra olunduğunu vurğulayan Azərbaycan Prezidenti bildirib: "Mənim də bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bölgələrdə bizim bəyan etdiyimiz bütün hədəflər təmin edilsin, ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda ölkəmizi gücləndirir".

Avqustun 7-də Prezident İlham Əliyev ölkənin qərb bölgəsinə səfəri çərçivəsində Qazaxda yenidən qurulmuş Qarapapaq-Çaylı avtomobil yolunun açılışında, Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində iştirak edib, "Qazax" Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində şəraitlə tanış olub. Dövlət başçısının iştirakı ilə Qazaxda Venzana mebel fabrikinin, Gəncə-Qazaxbəyli yolunun 102 kilometrlik hissəsinin açılışı olub. Şəmkir rayonunda dövlət başçısı Məhəmməd Füzuli adına humanitar təmayüllü məktəb-liseyin yeni binasının açılış mərasimində olub. Bərdədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin, Samux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının, Samuxda Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi çərçivəsində inşa olunan Sərkar kənd uşaq musiqi məktəbinin yeni binasının açılışında iştirak edib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tarixində xüsusi əhəmiyyət kəsb edir. Hər bir Azərbaycan vətəndaşı bu tarixi, şərəfli məqamların şahidi olmaqdan, qürurverici günləri yaşamaqdan məmnunluğunu dilə gətirir. Azərbaycan xalqı 30 ildə bu möhtəşəm Qələbə xəbərini səbirsizliklə gözləyirdi. Fərəhləndirici haldır ki, heç bir qüvvə xalqımızın qələbəyə inamını sarsıtmadı, Azərbaycan xalqının, dövlətinin, onun liderinin iradəsinə təsir etmədi. Hər ötən gün xalqımız Prezident İlham Əliyevin ətrafında getdikcə daha sıx birləşdi. Məhz xalq-dövlət-ordu birliyi sayəsində Azərbaycanın işğal altında olan torpaqları azad olundu. Ancaq bütün qələbələrin əsasında, əlbəttə ki, Prezident İlham Əliyevin mükəmməl diplomatik bacarıqları, dövlət maraqlarının təmin olunmasına istiqamətlənmiş xarici siyasət kursu dayanırdı.

44 günlük tarixi Zəfərdən dərhal sonra Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə geniş tikinti-quruculuq işlərinə başlanması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi üçün tapşırıqlar verdi. İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri ilə yanaşı, digər şəhər və rayonların inkişaf etdirilməsi də dövlət başçısının diqqət mərkəzində oldu. Regionların inkişafı hər zaman prioritet məsələlərdən biri olub. Aparılan işlər regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaradıb. Prezident İlham Əliyevin bölgələrə ardıcıl səfərləri həm ölkənin hərtərəfli inkişafına, həm də xalqın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlardır.

Prezident İlham Əliyev bölgələrə mütəmadi səfərləri çərçivəsində müxtəlif müəssisələrin açılışlarını edir, regionların sosial-iqtisadi vəziyyəti ilə yerində tanış olur və bu sahədə müvafiq tapşırıqlarını verir. Bütün bunlar həm ölkənin hərtərəfli inkişafına, həm də xalqın rifahının yüksəlməsinə xidmət edir. İndi hər kəs dövlət başçısının bölgələrə səfərlərinə regionların sosial-iqtisadi mənzərəsini real olaraq dəyişən hadisə kimi baxır. Məhz onun rəhbərliyi və nəzarəti ilə quruculuq-abadlıq işləri bölgələrdə geniş vüsət almışdır. Prezident İlham Əliyev şəxsən özü görülən işlərə ciddi nəzarət edir, yerli sakinlərlə görüşür, yeni iş yerlərinin açılması üçün Dövlət proqramları təsdiqləyir. Bu işlərə bacarıqlı iş adamları cəlb edilir.

Bu gün Azərbaycanın inkişafı yalnız onun paytaxtının hesabına deyil, regionlarının da hesabına baş verir. Artıq bir faktdır ki, regionlarımızdakı vəziyyət 20 il əvvəllə müqayisədə tamamilə dəyişib. Bu gün regionlarımızın inkişafını şərtləndirən əsas amil odur ki, onlar ölkənin ümumilikdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasından təcrid edilmir. Azərbaycanda regionların inkişafına ölkənin davamlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi baxılır. Məhz bu yanaşmanın nəticəsində regionların inkişafı üzrə ayrıca Dövlət proqramları hazırlanaraq icra edilir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar davamlı olaraq, bir-birinin ardınca həyata keçirilməkdədir. Hazırda regionların inkişafı üzrə sayca 4-cü Dövlət Proqramı icra edilir. Ümumilikdə "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına ən azı 17 milyard manatdan çox vəsaitin sərf edilməsi nəzərdə tutulur ki, bunun 4,6 milyard manatı özəl sektor tərəfindən hazırda icra edilən və hazırlığı gedən layihələrə investisiya şəklində qoyulacaq. Eyni zamanda dövlət tərəfindən təxminən 13 milyard manata yaxın investisiyanın yatırılacağı gözlənilir.

Ölkə başçısı vurğulayıb ki, son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülüb, böyük infrastruktur layihələri icra edilib və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxıb. Dövlət Proqramı çərçivəsində elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələrinin icra olunduğunu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblərin inşa edildiyini vurğulayan dövlətimizin başçısı bildirib: "Əlbəttə ki, rayonların sosial-iqtisadi inkişafına bunun çox böyük töhfəsi olmuşdur. Çünki infrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Biz elə infrastruktur layihələri icra etdik ki, heç sovet vaxtında bunlar icra edilmirdi. Xüsusilə Lerik rayonu sovet vaxtında qazlaşdırılmamışdı. Mənim göstərişimlə Lerikə qaz çəkildi. Üç rayon dağlıq rayon olduğu üçün əlbəttə ki, qazlaşdırma ilə bağlı problemlər digər rayonlarla müqayisədə daha ciddidir. Ancaq biz imkan daxilində bütün bu işləri görməklə insanların rifah halını yaxşılaşdırmışıq".

Mustafa KAMAL,

"Respublika".