"İkinci Qarabağ müharibəsi başa çatanda mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik və çeviririk, hər gələn insan onu görür". Bu fikirləri Prezident İlham Əliyev sentybarın 20-də xalqa müraciətində deyib. Dövlət başçısı bildirib ki, eyni şəraiti Xankəndidə, Ağdərədə, Xocavənddə, Əsgəranda yaradacağıq. Bu, bizim əlimizdədir. Xunta rejimi artıq tamamilə ifşa olundu və təslim oldu. Onlar ağ bayraq qaldırdılar.
Dövlət başçısının sözlərinə görə, beynəlxalq tərəfdaşlar məlumat vermişlər ki, qanunsuz silahlı birləşmələr, artıq bizim şərtlərimizi qəbul etməyə hazırdırlar. Şərtlərimiz isə bu idi ki, Ermənistan ordusunun bizim ərazimizdə qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, ərazimizdən tamamilə çıxarılmalı və eyni zamanda bütün silahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azərbaycan antiterror tədbirlərini dayandıra bilər.
Vətən müharibəsindən ötən üç il ərzində görülmüş genişmiqyaslı işlər Azərbaycanın iqtisadi gücünü və potensialını nümayiş etdirir. Çünki ermənilər tərəfindən tamamilə dağıdılmış əraziləri qısa müddətdə dirçəltmək, bu yerlərə insanları qaytarmaq böyük potensialdan xəbər verir. Azərbaycan müstəqil siyasət aparan ölkədir və qonşularımızla, o cümlədən bütün başqa ölkələrlə münasibətləri müstəqil siyasət əsasında qurur. Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, sülh müqaviləsinin imzalanması, ölkələrin bir-birinin ərazi bütövlüyünü tanıması, iqtisadi əlaqələrin bərpası, nəqliyyat kommunikasiyaların açılması, bütün bunlar gündəlikdə olan məsələlərdir. Dövlət başçısının müəllifi olduğu yeni reallıqlar, Qarabağla Şərqi Zəngəzurun müasirliyi və qədimliyi ehtiva edən dirçəlişi bütün ölkələr üçün nümunəyə çevrilir. Bu gün hər birimiz müharibədən sonra Qarabağ və Şərqi Zəngəzurda gedən quruculuq işlərinin şahidi oluruq. Azərbaycan dövlətinin dəfələrlə üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, sülh müqaviləsinin imzalanması müraciətləri Ermənistan tərəfindən müxtəlif bəhanələrlə təxirə salınmışdır. Odur ki, antiterror tədbirlərin görülməsi qaçılmaz idi.
Lokal xarakterli antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz ərazilərində suverenliyini bərpa etdi. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər yaradılan istehkamların mövcudluğu, mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərdilər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli hərbi uğurlar əldə edildi. Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edildi, hərbi texnika sıradan çıxarıldı.
Bu gün Yaxın Şərq və postsovet məkanında hibrid müharibələrin alovlandığı bir vaxtda Türkiyə və Azərbaycanın sülh, əmin-amanlıq tərəfdarı olması hər şeydən öncə Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın müstəsna liderlik keyfiyyətləri ilə bağlıdır. Məhz onların mühüm qərarları Cənubi Qafqaz kimi mürəkkəb regionda sülhün və əməkdaşlığın inkişafı üçün yeni mühit formalaşdırır. Türkiyə ölkəmizin lokal xarakterli antiterror tədbirlərinə dəstəyini ifadə edib. "Bu, Qarabağda talançı erməni komandası ilə bağlı məsələdir". Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlaması zamanı bildirib. Ərdoğan qeyd edib ki, separatçıların "prezident seçkiləri"ni keçirmək cəhdi həm Ermənistanın baş naziri Nikol Paşinyanı, həm də Azərbaycanı ciddi narahat edib. Çünki Azərbaycan bu hadisəyə "hələ də davam edən bir prosesi alovlandırmaq cəhdi" kimi baxırdı. Bu arada, təbii ki, qardaşlarımızın şəhid olması hadisəni çox fərqli səviyyəyə qaldırdı. Xəbərdarlıqlar edildi, lakin bütün bu xəbərdarlıqlara baxmayaraq, əksinə, prosesi davam etdirdilər. Hadisə belə davam etdiyi üçün də Azərbaycan müvafiq addım atdı. Və gecikmədən orada əməliyyatlarını yekunlaşdırdılar.
Cənubi Qafqazda yeni siyasi düzənin formalaşması Prezident İlham Əliyevin adı ilə bağlıdır. Uzun müddətdir beynəlxalq təşkilatların gözünə kül üfürən separatçılar artıq yeni reallıqlarla barışmağa məcbur olublar. Bunu həyata keçirilən antiterror tədbirləri də bir daha sübut etdi.
Ağ bayraq qaldıran qondarma rejim Bakının şərtlərini qəbul etdi. Yevlaxda görüşə razılıq verilməsi də yeni tarixin başlanğıcıdır. Əslində Azərbaycan mərkəzi hakimiyyəti dəfələrlə bölgədə sülhün, əmin-amanlığın bərqərar olması yönündə təkliflərlə çıxış etsə də düşmən yenə ictimaiyyəti çaşdırmaq, öz mənfur siyasətini davam etdirmək istəyirdi. İkinci Qarabağ müharibəsindən keçən müddət ərzində buna qismən nail olan ermənilər düşünürdülər ki, vəziyyət belə də davam edəcək. Ancaq reallıqlar və öhdəliklər zamanın dolduğunu göstərdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 78-ci sessiyasında deyib ki, biz əvvəldən Azərbaycan və Ermənistan arasında danışıqlar prosesini dəstəkləmişik. Ancaq görürük ki, Ermənistan bu tarixi fürsətdən istifadə edə bilmədi. Biz Ermənistandan verdiyi vədləri yerinə yetirməsini, xüsusən də Zəngəzur dəhlizinin açılmasını gözləyirik. İndi hamının qəbul etdiyi kimi, Qarabağ Azərbaycan ərazisidir. Bundan başqa statusun qoyulması heç vaxt qəbul edilməyəcək. Bir millət, iki dövlət devizi ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün atdığı addımları dəstəkləyirik. Qardaş ölkə liderinin dünyanın mötəbər kürsüsündən bəyan etdiyi bu sözlər və dəstək qürurvericidir.
İkinci Qarabağ müharibəsində və ondan sonra həyata keçirilmiş antiterror əməliyyatlarında olduğu kimi, bu lokal xarakterli antiterror tədbirlərinin də əsas hədəfi hərbi obyektlər oldu və heç bir halda mülki obyektlər hədəf olaraq seçilmədi. Erməni əsilli mülki əhalinin hərbi obyektlərdən uzaq durması ilə bağlı Azərbaycanın müvafiq dövlət qurumlarının etdiyi çağırışlar buna bariz nümunədir. Bölgədə məskunlaşmış qeyri-qanuni erməni silahlı birləşmələri bu tədbirlər nəticəsində zərərsizləşdirildikdən sonra nəhayət ki, Qarabağda uğurlu reinteqrasiya prosesindən və Ermənistanla davam edən sülh danışıqlarının yekunu olaraq real sülh müqaviləsindən danışa bilərik. Azərbaycanın keçirdiyi lokal xarakterli antiterror tədbirləri regionda sülh və təhlükəsizliyin təmin olunacağına əminlik yaradır.
Mustafa KAMAL,
"Respublika".