Birinci Qarabağ savaşı neçə-neçə ana-bacıların, başına qara bağlayan gəlinlərin, körpə, fidan balalarımızın ürəyinə çalın-çarpaz dağ çəkdi. Ermənilərlə ölüm-dirim savaşında cəsur oğullarımız şəhidlik zirvəsinə ucaldı. Döyüş meydanında erməni quldurlarına qarşı igidliklə vuruşan Vətən oğullarından biri də Naxçıvan torpağının yetirməsi Səyavuş Həsən oğlu Həsənov olmuşdur.
20 yanvar 1964-cü ildə Şərur rayonunun Yengicə kəndində Həsən kişinin ailəsində iki əkiz oğlan uşağı dünyaya göz açdı. Onlardan birinin adını Səyavuş qoydular. Ailəyə gözaydınlığı verənlər Vətənə layiq övlad olmasını arzuladılar.
Səyavuş səkkizinci sinfə qədər kənd məktəbində oxudu, sonra isə təhsilini Bakıdakı 54 saylı texniki-peşə məktəbində davam etdirdi. Rəngsaz peşəsinə yiyələndi. Bir neçə ay Bakı Baş Tikinti İdarəsinin nəzdindəki Evtikmə Kombinatında işlədi, sonra isə hərbi xidmətə yollandı. Stavropol diyarında xidmətini başa vurduqdan sonra yenidən işlədiyi kombinata qayıtdı. Bir müddət keçdi. Evtikmə Kombinatından 3 ay müddətində Tümenə 300 nəfərlik dəstə göndərildi. Səyavuş da bu dəstənin tərkibinə daxil edilmişdi.
1990-cı il yanvarın 20-də əkiz qardaşların ad günü qeyd olunurdu. Elə bu vaxt Moskva televiziyasından verilən acı xəbər azərbaycanlıları sarsıtdı. Qəflətən Bakı şəhərinə ordu yeridilmiş, yüzlərlə günahsız insan qətlə yetirilmişdi. Həmin gecəni sübhəcən oyaq qalan eloğlular ertəsi gün Vətənin harayına çatmaq üçün geriyə-Bakıya dönməyi qərara aldılar. Səyavuş Bakıya qayıdan kimi Xalq Hərəkatına qoşuldu.
Qarabağı qorumaq üçün könüllü müdafiə batalyonu yarananda ona ilk qoşulanlardan biri də məhz Səyavuş oldu. O, Azərbaycanın bir çox bölgələrində -Qazaxda, Goranboyda, Gədəbəydə, Şuşada qeyrətlə vuruşdu, mühüm döyüş tapşırıqlarını layiqincə yerinə yetirdi.
Azərbaycanın alınmaz qalası olan Şuşa xəyanətin qurbanı olanda Səyavuş bir neçə ay özünə gələ bilmədi. Axı bu qədim şəhər neçə-neçə igidin qanı bahasına qorunub saxlanmışdı. Şuşadakı uğursuzluqlardan sonra Səyavuş respublika Daxili İşlər Nazirliyinin polis dəstəsinə yazıldı.
1992-ci il iyunun 18-də Ağdərə bölgəsinə yola düşən dəstə bir çox kəndlərin geri alınmasında böyük şücaət göstərdi. İyunun 25-də dəstəyə növbəti tapşırığı yerinə yetirmək əmri verilir. Bu dəfə Qırmızıkənd düşməndən azad edilməli idi. Dəstə kəndə doğru irəliləyirdi. Birdən güclü atəş başladı. Dəstə cəld öz mövqeyini möhkəmləndirib döyüşə başladı. Döyüş getdikcə qızışırdı. Səyavuş yaralı olsa da, özündə güc taparaq əl qumbaraatanını düşmən tankına doğru atdı, bir göz qırpımında tank alova büründü. Səyavuşun döyüş sursatı qurtarmış, döyüş meydanında əliyalın qalmışdı. İgid döyüşçü qəflətən yerə sərildi.
Cəsur döyüşçünün cəsədi bir həftə sonra döyüş meydanından çıxarıldı. Son mənzili Bakı şəhərindəki Şəhidlər Xiyabanı oldu.
Azərbaycan Respublikası Prezidentinin 21 iyul 1992-ci il tarixli 69 saylı Fərmanı ilə Səyavuş Həsən oğlu Həsənov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.
Qədir ASLAN,
“Respublika”.