"Qoşulmama Hərəkatına sədrliyimizin sonu yaxınlaşmaqdadır. Böyük qürur hissi ilə qeyd edirəm ki, Azərbaycan Qoşulmama Hərəkatının ən gənc üzvlərindən biri olmasına baxmayaraq, sədrliyi təhvil alacaq növbəti ölkələrə uğurlu miras qoyacaqdır. Ölkəmiz bundan sonra da Qoşulmama Hərəkatının məqsədlərinin və məramının beynəlxalq səviyyədə təşviq edilməsi istiqamətində səylərini davam etdirəcəkdir". Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin "Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına məktubunda qeyd olunub.
Xalqımızın mənəvi dəyərlərinin formalaşmasında, inkişafında, qorunub saxlanmasında qadınlarımızın rolu zaman-zaman öz təsdiqini tapmışdır. Zəngin mənəviyyatı, təmkini, sədaqəti ilə hər zaman seçilən Azərbaycan qadını bütün dövrlərdə dəyanət və sədaqət rəmzinə çevrilmişdir. Tariximizin, mədəniyyətimizin, adət-ənənələrimizin daşıyıcısı olan analarımız milli ruhda əsl vətənpərvər, Vətəninə, xalqına layiq, Vətən yolunda, torpaq uğrunda canından keçməyi bacaran, düşməninə qan udduran qəhrəman oğullar böyütmüşlər. 3 il bundan öncə ərazi bütövlüyümüz uğrunda başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan qadınının tərbiyə etdiyi mərd oğullar xalqımızın qəhrəmanlıq dastanını yazdılar. Bu baxımdan, dövlət başçımız ölkəmizdə keçirilən konfransın iştirakçılarına məktubunda şərəfli inkişaf yolu keçmiş qadınlarımızın xalqımızın həyatında müstəsna rolunu xüsusi vurğulayaraq bu gün respublikamızda baş verən siyasi, iqtisadi və mədəni proseslərdə onların fəal iştirak etdiyini diqqətə çatdırmışdır. Kolonializm siyasətinin qadınların hüquqlarına mənfi təsirini qeyd edən Azərbaycan Prezidenti QH-nin bu ilin iyul ayında Bakıda keçirilmiş konfransında Hərəkatın Qadınlar Platformasının yaradılması təklifini irəli sürdüyünü də bildirmişdir.
Beynəlxalq münasibətlərin tənzimlənməsində mühüm rol oynayan, çoxtərəfli platforma, Birləşmiş Millətlər Təşkilatından sonra ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatı dünyada sülhün, əmin-amanlığın, təhlükəsizliyin bərqərar olması, problemlərin həllinə sülh, əməkdaşlıq yolu ilə, müasir çağırışlara cavab verməsi baxımından qloballaşan dünyada mühüm əhəmiyyət kəsb edir. Qoşulmama Hərəkatının əsas məqsədi beynəlxalq hüququn normaları çərçivəsində dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etməklə üzv ölkələr arasında əməkdaşlıq üçün forum rolunu oynamaqdır.
2011-ci ildə İndoneziyanın Bali adasında üzv dövlətlərin yekdil dəstəyi ilə QH-yə tamhüquqlu üzv qəbul olunan ölkəmiz sülhsevər, humanist siyasət yürüdərək beynəlxalq hüququn norma və prinsiplərini müdafiə etməklə təsisat daxilində böyük nüfuz və etimad qazanmışdır. Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri Qoşulmama Hərəkatının əsasında dayanır və bu da Azərbaycanın daxili və xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür. 2016-cı ildə Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının XVII Zirvə görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsinə və 2019-2022-ci illərdə sədrliyin Azərbaycana həvalə edilməsinə yekdilliklə qərar verilməsi, XVIII Zirvə görüşündə isə quruma növbəti üç ildə sədrliyin Azərbaycana keçməsi ölkəmizə olan etimadın göstəricisidir. Hərəkatın gündəliyinin irəlilədilməsi və beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində ölkəmizin fəaliyyətini yüksək dəyərləndirən üzv dövlətlər Azərbaycanın Hərəkata sədrliyinin daha bir il uzadılmasına qərar vermişlər.
2019-cu ilin sonundan etibarən sürətlə yayılmağa başlamış və bütün dünyanı bürümüş COVID-19 pandemiyasının dövründə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürmüş və inkişaf etmiş ölkələrdən fərqli olaraq pandemiya ilə mübarizədə qlobal çağırışlarla çıxış etmişdir. Azərbaycan inkişaf etmiş ölkələri və donor təşkilatları inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırmış, həm də Qoşulmama Hərəkatının sədri kimi dünyada vaksinlərin ədalətli bölgüsü və inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirmişdir. Bununla yanaşı, ölkəmiz 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olmuş, Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı etmişdir. Dövlət başçımız konfrans iştirakçılarına ünvanladığı müraciətdə bu barədə demişdir: Biz bəzi ölkələrin yürütdüyü "vaksin milliyyətçiliyi" siyasətinə səssiz qalmadıq və vaksinlərin ədalətli şəkildə bölüşdürülməsini təşviq etdik. Humanist dəyərləri əsas götürərək Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv dövlətlər olmaqla 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım göstərdi. Bununla yanaşı, bu il Azərbaycan Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiyanın fəsadlarının aradan qaldırılması məqsədilə maliyyə vəsaitinin ayrılması barədə qərar qəbul etdi".
Ötən il iyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin "Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi" mövzusuna həsr olunan Bakı konfransı keçirilmiş və üzv dövlətlər Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini yaratmaqla ölkələr arasında həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində daha bir addım atmışlar. Konfransdan qısa müddət sonra Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammitinin keçirilməsi ölkəmizin BMT-nin gənclərlə bağlı siyasətini dəstəklədiyini və buna əsaslanaraq təşkilatın gənclik qolunu yaratdığını nümayiş etdirmişdir.
BMT-dən sonra ikinci ən böyük təsisata sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin, Gənclər Təşkilatının təsis edilməsi, Qadınlar Platformasının yaradılması, fəaliyyətində dekolonizasiya gündəliyinə xüsusi yer ayırması, qadın hüquqlarının təmin olunması və onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artırılması, daim diqqət mərkəzində saxlanılması, "vaksin milliyyətçiliyi" siyasətinə qarşı çıxması və s. kimi mühüm addımların atılması Azərbaycanın Hərəkata uğurlu sədirlyinin, eyni zamanda dünya dövlətləri ilə əməkdaşlıq, tərəfdaşlıq münasibətləri quran müstəqil dövlətimizin tərəqqiyə, inkişafa töhfə vermək missiyasını yerinə yetirdiyinin təzahürüdür.
Mehparə ƏLİYEVA,
"Respublika".