Qışa vaxtında hazırlıq görülür
Region

Qışa vaxtında hazırlıq görülür

Qarşıdan soyuq qış gəlir. Məlumdur ki, qış özü ilə bərabər bir sıra problemlər də gətirir. Odur ki, xidmət sahələri qışa vaxtında hazırlıq görürlər. Soyuq fəslin sərt keçdiyi Şimal bölgəsində qaz istismar idarələri də qarşıdakı qışa   ciddi hazırlaşırlar. Yaşayış məntəqələrində yeni qaz xətləri çəkilir, təmir-bərpa işləri aparılır. Görülən işlər barədə Xaçmaz Regional Qaz İstismar İdarəsinin rəisi Azər Abbasov deyir:

- İdarəmiz tərəfindən əhatə etdiyi Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarının qaz təsərrüfatının qışa hazırlanması ilə bağlı xeyli iş görülmüşdür. Hazırlıq tədbirlərinə hələ yay aylarından başlanmışdır. Ötən aylar ərzində qazlaşmayan Şabran rayonunun Ərəblər, Xaçmaz rayonunun  Maqsudkənd, Quba rayonunun Aşağı Xanagah kəndlərində qazlaşma işləri aparılmışdır. İşlər artıq tamamlanmaq üzrədir. Bundan əlavə əvvəllər qazlaşdırılmış  yaşayış məntəqələrində sonradan salınmış yeni məhəllələrdə də  qazlaşdırılma işləri aparılmışdır. Quba rayonu Qaraçay kəndində yerləşən Ərəbxan məhəlləsi, Barlı kəndində 40 evdən ibarət, Xaçmaz rayonu Bayoba kəndində 50 evdən ibarət, Siyəzən rayonu Böyük Həmyə kəndində 18 evdən ibarət, Siyəzən rayonu Balaca Həmyə kəndində 20 evdən ibarət, Xızı rayonu Giləzi qəsəbəsində 14 evdən ibarət yeni yaşayış massivlərinə daşıyıcı qaz xətlərinin çəkilməsi işləri tamamlanmışdır. Abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə vaxtilə vətəndaşlar tərəfindən pərakəndə şəkildə çəkilmiş, korroziyaya uğramış qaz xətlərinin yenisi ilə əvəz olunması ilə bağlı ümumilikdə 11250 metr uzunluğunda müxtəlif diametrli qaz xətləri çəkilmişdir. Payız-qış mövsümünə hazırlıqla əlaqədar təsdiq olunmuş "Tədbirlər planı"na əsasən qaz kəmərlərinin korroziyadan mühafizəsi üçün  idarəmiz tərəfindən ümumilikdə 8636 metr qaz xətti dayaqlar üzərinə qaldırılmış, 17419 metr qaz xətti isə antipas və parlaq boya ilə rənglənmişdir. Abonentlərin qaz təminatının yaxşılaşdırılması məqsədilə 32 ədəd qaz tənzimləyici şkaf, 17 ədəd siyirtmə quraşdırılmışdır.

Şəhid və qazi ailələrinin mənzil və evlərində qaz təchizatının yaxşılaşdırılması tərəfimizdən daim diqqət mərkəzində saxlanılır. Həmin ailələrin evlərində fasiləsiz qazla təmin edilməsindən ötrü Xaçmaz xidmət sahəsi üzrə 7 ədəd, Quba xidmət sahəsi üzrə 3 ədəd, Siyəzən xidmət sahəsi üzrə 3 ədəd, Şabran xidmət sahəsi üzrə 4 ədəd, Qusar xidmət sahəsi üzrə 4 ədəd, ümumilikdə isə 21 ədəd fərdi yaşayış evi qazlaşdırılmışdır. Xaçmaz xidmət sahəsi üzrə 6 ədəd, Quba xidmət sahəsi üzrə 7 ədəd, Siyəzən xidmət sahəsi üzrə 2 ədəd, Şabran  xidmət sahəsi üzrə 3 ədəd, Qusar xidmət sahəsi üzrə 2 ədəd, Xızı xidmət sahəsi üzrə 2 ədəd olmaqla, ümumilikdə 22 ədəd qaz xəttinin yeri   dəyişdirilmişdir. Hazırda Quba rayonu Pirvahid, Şabran rayonu Ağalıq, Qusar rayonu Hil, Qalacıq və Bədirqala kəndlərində, Siyəzən şəhəri Ə.Zahidov, O.Qoçəliyev küçələrində təmir-bərpa işləri aparılır. İdarəmizin kollektivi qışa hazırlıq işlərini vaxtında başa çatdırmaq üçün bütün imkanlardan maksimum istifadə etməyə çalışır.

Ziyafəddin BAYRAMOV, 

"Respublika".