Qışa hazırlıq görülür
Region

Qışa hazırlıq görülür

Qax

Sərt iqlimi ilə seçilən rayonda qış mövsümünə hazırlıqla bağlı aidiyyəti xidmət təşkilatları tərəfindən tələb olunan müvafiq işlər görülmüşdür. Belə ki, Qax Kommunal Müəssisələri Kombinatında qarlı hava şəraitində nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək məqsədilə küçələrə səpilməsi üçün 40 kubmetr qum və 10 ton texniki duz ehtiyatı yaradılmışdır. Mənzil-İstismar İdarəsinin balansında olan ictimai yaşayış binalarının qışa hazırlığı vəziyyəti və təhlükəsizlik tədbirlərinin görülməsi üçün komissiya yaradılmış və mütəmadi reydlər keçirilmişdir.

Avtomobil Yolları Dövlət Agentliyi "13 saylı Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyətində tədbirlər planına uyğun olaraq qışa hazırlıq məqsədilə yol texnikaları və nəqliyyat vasitələrindən - 3 ədəd avtoqreyder, 1 ədəd buldozer, 2 ədəd ekskovator, 6 ədəd yükünüözüboşaldan maşın, 1 ədəd qum-duz səpən, 2 ədəd yükləyici və 1 ədəd fəhlə maşını hazır vəziyyətə gətirilmişdir.

İstilik sistemləri istismarı sahəsinin balansında olan qazanxanalarda elektrik və qaz avadanlıqlarının, nəzarət ölçü cihazlarının və qaz borularının yoxlanılması təmin olunmuşdur. Qaşqaçay və Şıxlar kənd məktəblərinə yanacağın gətirilməsi təmin edilmişdir.

Qeyd edək ki, oktyabr ayına qədər rayonun 14574 ev təsərrüfatından 10908-i, yəni 74.8%-i, 59 yaşayış məntəqəsindən isə 23-ü, yəni 39%-i qazlaşdırılmışdır. Hazırda Qarabaldır kəndinin qazlaşdırılmasında son tamamlama işləri aparılır. Görülən işlərlə yanaşı, Qax şəhərinin yeni yaşayış massivlərində inşa olunmuş 400-dək fərdi yaşayış evinin, həmçinin rayonun digər 35 yaşayış məntəqəsinin qazlaşdırılmasına ehtiyac vardır.

Qış mövsümündə texniki təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qax sahəsi və "Təmiz Qaz" QSC tərəfindən təbii qaz itkisinin qarşısının alınması məqsədilə yeraltı, yerüstü yivli və qaynaq birləşmələrində aşkar olunmuş 1156 ədəd qazsızması aradan qaldırılmışdır.

M.NƏRİMANOĞLU,

"Respublika".