Qırmızı Xaç Komitəsinin “xəstə
Digər xəbərlər

Qırmızı Xaç Komitəsinin “xəstə" əməliyyatları

Ötən əsrin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları daha geniş vüsət aldı. Əvvəlcə, Qərbi Azərbaycan, ardınca isə Qarabağ torpaqları işğal olundu. O zamanlar Azərbaycan öz haqq səsini nə qədər ucaltsa da həm keçmiş SSRİ, həm də dünya dövlətləri Ermənistanı müdafiə etdilər. Bu, bir tərəfdən ölkəmizə rəhbərlik edənlərin siyasi zəifliyi, digər tərəfdən də erməni lobbisinin dünyada artan "nüfuzu və gücü" idi. Bölgəyə gələn beynəlxalq qurumlar, münaqişənin həlli üçün yaradılan bir sıra beynəlxalq təşkilatlar da faktiki Ermənistanın maraqlarından çıxış etdilər. Eləcə də, Beynəlxalq Qırmızı Xaç Komitəsi. Bu qurum regionda fəaliyyətə başladığı gündən hələ bir dəfə də olsun Azərbaycan maraqlarından çıxış etməyib, missiyası münasibətləri normallaşdırmaq olsa da... Azərbaycana gəldiyi 30 ildən çox müddət ərzində bu komitə azərbaycanlılara qarşı ermənilərin törətdiyi haqsızlığa göz yummaqla, vəhşi erməniləri himayə etməkdən belə çəkinmədi.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı Nümayəndəliyi 1992-ci il mart ayının 3-dən ölkəmizdə fəaliyyət göstərir. 1996-cı il iyulun 29-da Azərbaycan Respublikası ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında onun ölkəmizin ərazisində yerləşən nümayəndəliyinin hüquqi statusu haqqında saziş imzalanıb. İndi Qarabağ torpaqları Azərbaycan ordusu tərəfindən işğaldan azad edilib. Qarabağ və Şərqi Zəngəzur ərazisində yalnız Azərbaycan qanunları keçərlidir. Lakin 44 günlük Vətən müharibəsindən sonra bəzi beynəlxalq qurum və təşkilatlar ya bunu anlamaq istəmir, ya da erməni məhəbbətindən əl çəkə bilmirlər. Dəfələrlə Qırmızı Xaç Komitəsi bölgədə Azərbaycan qanunlarına zidd hərəkətlərə yol vermişdir. Məsələn, son günlərdə Laçın postunda Qırmızı Xaç Komitəsinin maşınlarında qaçaqmalın keçirilməsinə cəhd göstərilmişdir. Üstəlik qanunazidd daha bir hərəkətə yol verilmişdir. 1991-ci ildə Meşəli soyqırımı zamanı azərbaycanlılara divan tutaraq, dəhşətli cinayətlər törədən ən amansız qatillərdən biri olan Vaqif Xaçaturyanı öz avtomobillərində Xankəndidən Ermənistan ərazisinə keçirməyə çalışmışlar. Hansı ki, bu şəxs illərdir Azərbaycan tərəfindən qatı cinayətkar kimi beynəlxalq axtarışa verilib. Qırmızı Xaç Komitəsinin özü də çox gözəl bilir ki, Vaqif Xaçaturyan hərbi cinayətkardır. Buna baxmayaraq, cinayətkarı xəstə adı ilə bölgədən qaçırmaq cəhdi komitənin ermənipərəst mövqeyinin göstəricisidir. Lakin Azərbaycan sərhədçilərinin sayıqlığı sayəsində hərbi cinayətkar həbs edilmişdir.

Görünən odur ki, Qırmızı Xaç Komitəsi erməni mövqeyindən çıxış edir. Azərbaycan vətəndaş cəmiyyəti Qırmızı Xaç Komitəsinin respublikamızdakı fəaliyyətindən və ikili mövqeyindən narahatlığını bildirərək yaxın günlərdə Komitəyə açıq məktub ünvanlamışdı. Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti xanım Mirjana Spoljariç Eqqerə müraciətdə qeyd edilir ki, otuz ildən çoxdur ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycanda fəaliyyət göstərir: "Biz bu təşkilatın mandatını və missiyasını çox vacib hesab edirik. Amma təəssüf hissi ilə bildirməliyik ki, 4 min nəfərə yaxın azərbaycanlı Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində itkin düşsə də, ötən 30 illik dövr ərzində onların aqibəti, taleyi barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəzərəçarpacaq uğurları olmayıb".

Göründüyü kimi, bu komitənin fəaliyyəti ilə bağlı narazılıqlar olduqca çoxdur. Əlbəttə ki, Qırmızı Xaç Komitəsinin yarıtmaz və qeyri-qanuni fəaliyyəti təkcə bununla bitmir. Hələ 2000-ci ildə Qırmızı Xaç Komitəsi Azərbaycan hökuməti ilə razılaşdırılmadan onun suveren ərazisi olan Xankəndidə ofis təşkil etmişdir. Bu ofisin açılması üçün isə razılıq sazişini Azərbaycan dövləti ilə deyil, qondarma, separatçı rejimlə imzalamışdır. Məktubda Azərbaycan dövlətinin dəfələrlə bu haqda rəsmi müraciətinin də nəticəsiz qaldığı qeyd olunur. Qırmızı Xaç Komitəsinin Xankəndidəki ofisi təşkilatın Bakıdakı nümayəndəliyinə deyil, Ermənistandakı nümayəndəliyinə tabedir. Qırmızı Xaç Komitəsi tərəf tutmalı deyil. O, öz prinsip və qaydalarına obyektiv, şəffaf şəkildə əməl etməlidir. Lakin komitənin fəaliyyəti birmənalı olaraq sülh prosesinə zərbədir. Ümumiyyətlə, beynəlxalq təşkilatlar heç də münaqişə zonalarında hər hansı cinayətkarın, qanunsuz silahlı dəstənin sığınacaq yeri olmamalıdır. Bu təşkilatlar hər iki tərəfin maraqları çərçivəsində vəziyyəti stabilləşdirməyə, sülhə doğru addım atmağa çalışmalıdırlar. Çünki dünyanı xilas edə biləcək qüvvə yalnız sülh və barışıqdır.

 Ramidə YAQUBQIZI,

"Respublika".