Qərbin
Siyasət

Qərbin "parabüzən"i

Qərb bloku öz "portfoliosunu" genişləndirir. Belə ki, hədəflər siyahısına yeni ölkələr əlavə etmək istəyən qlobal güc dairələri öz məqsədlərinə çatmaq üçün hər yola əl atırlar. Dünyanı xallı heyvan cinsinə aid olan "parabüzən" kimi təsəvvür edən hiyləgər qitənin təmsilçiləri hər yerdə bir münaqişə ocağı, yəni "qara nöqtə" və ya "boz zona" yaratmaq istəyirlər. Afrika, Asiya, Balkan yarımadası, Qafqaz və s. Bu siyahı olduqca böyükdür. Rusiyaya qarşı bütün istiqamətlərdən hücuma keçən Qərb blokunun növbəti hədəfi serblərdir. Bu mübarizədə isə həmişəki kimi, ABŞ öz dostlarını tək qoymur. Məhz Marşal planının yeni üsullarla qorunub saxlanılması fonunda məqsəd eyni olaraq qalır: Sovet İttifaqının (indi isə Rusiya) nüfuz dairəsini Şərqi Avropa çərçivəsində "cilovlamaq".

Serbiyada müxalifətin "Serbiya Zorakılığa Qarşı" bloku hakim "Tərəqqi" partiyasının qalib gəldiyi 17 dekabr seçkilərinin nəticələrinin ləğvi tələbi ilə ardıcıl 7 gün Belqradda etiraz aksiyaları keçirib. Müxalifət xüsusilə, parlamentində seçkilərin saxtalaşdırıldığını iddia edərək rəsmi nəticələrdən narazı olduğunu ifadə edib. Qərbin "Ukrayna" ssenarisi Serbiya parlamentinə daxil ola bilməsə də, iğtişaşçılar binaya daxil olaraq orada kütləvi zorakılıq hallarına yol veriblər. Dünyanı Qərbdən asılı hala salmaq istəyən qüvvələr görünür ki, hələlik bu məqsədlərinə nail ola bilmirlər. Ukraynada Rusiyaya demək olar ki, məğlub olan Avropa Serbiyada da eyni trayektoriyanı cızır. Etirazlar fonunda səsləndirilən qərbyönümlü devizlər pozucu dairələri müdaxilə üçün hərəkətə keçirir. Guya müstəqil şəkildə Avropaya inteqrasiya cəhdləri daxildən parçalanma təhlükəsi ilə üz-üzə qalan dövlətin son şansıdır. Bu isə blokun növbəti qələbəsi deməkdir. Bu baxımdan, növbəti hədəfləri Serbiyada panslavizm dəyərlərini dağıtmaq olan Qərb ABŞ-ın da yardımı ilə "Ukrayna ssenarisinə", əsl adı ilə isə Marşal planına start verib.

Serbiyaya olan xislətinin əsl kökünü bilmək üçün isə heç də uzağa getmək lazım deyil. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Qərb bunu fürsət bilərək çoxdandır gözlədiyi sanksiyalar paketini işə saldı və bunu bütün ölkələrə təklif etdi. Məqsəd qısa və qəti idi - "Avropa Birliyinə qoşulmaq istəyirsənsə, Rusiyaya qarşı sanksiyalara qoşul!". ABŞ-ın da sıxışdırmaları ilə bəzi ölkələr bu sanksiya paketini dəstəklədilər. Serbiya isə bu ilin fevralında məsələyə son nöqtəni qoyaraq Rusiyaya qarşı Qərbin sanksiya tələbini rədd etdi. Məhz həmin dövrdən sonra rəsmi Belqrada qarşı çoxşaxəli hücumlar başladı. Serbiya prezidenti Aleksandar Vuçiçin əleyhinə qarayaxma kampaniyaları "qərəzsiz" Qərb media orqanları tərəfindən kütləvi şəkildə aparıldı. ABŞ isə həmişəki kimi daxildən nüfuz etməyə cəhd göstərdi. Öz agentura şəbəkələri - ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), NED, NDİ kimi pozucu maraqlara dəstək verən şirkətlər Serbiyaya göndərildi. Azərbaycanda eyni qərəzli fəaliyyət göstərən USAID burada separatçı meyilləri maliyyələşdirməyə başladı.

Qərbin və ABŞ-ın diktəsini yerinə yetirməyən ölkələrdə kütləvi iğtişaş yaratma planı dekabrın 17-də keçirilən seçkilərdən sonra gündəmə gəldi. Azərbaycanda da vaxtilə eyni siyasəti reallaşdırmağa çalışan pozucu qüvvələr xalq-iqtidar birliyini sarsıtmaq və öz diktəsi altına saldığı Ermənistanı "sevindirmək" istəyirdi. Bütün bu planlar isə Cənubi Qafqazın ən güclü ölkəsində təbii ki, iflasa məhkum idi və belə də oldu.

Serbiya Yuqoslaviya Sosialist Federativ Respublikası Balkan yarımadasında 1945-1992-ci illərdə mövcud olmuş keçmiş sosialist ölkəsinin tərkibində yer alıb. Respublikaya Serbiyadan başqa Bosniya və Herseqovina, Xorvatiya, Şimali Makedoniya, Monteneqro, Sloveniya kimi dövlətlər daxil idi. 1991-ci ildə SSRİ-nin dağılması ilə sosial siyasət yürüdən respublika öz adından sosialist sözünü çıxarmağa məcbur olur və Yuqoslaviya Federativ Respublikası yaranır. Təbii ki, Qərb həmin dövrdə Balkan yarımadasında yaranmış bu vəziyyəti Rusiyanı qabaqlamaq üçün öz xeyrinə dəyişmək istəyirdi. Bunun üçün isə əsl fürsət 1998-ci ildə yarandı. Həmin il kosovolu albanlar ilə serblərin üstünlük təşkil etdiyi Yuqoslaviya Federativ Respublikası arasında müstəqillik uğrunda toqquşmalar başladı. Serbiyanın məqsədi Yuqoslaviyanın daxilindəki dövlətlərin eyni müqəddəratı davam etdirməsi idi. Qərb isə buna əsla icazə verə bilməzdi. Çünki blok Balkan yarımadasında ikinci SSRİ respublikasının mövcudluğunu həzm edə bilmirdi. Buna görə də öz ordularını cəmləşdirdiyi NATO 1999-cu ilin yayında müharibəyə lazımsız "burnunu soxdu". Beynəlxalq arenada da kütləvi sanksiyalar yolu ilə artan hücuma daha müqavimət göstərə bilməyən Yuqoslaviya müharibəni uduzdu. Mahiyyət etibarilə nə vaxtsa onsuz da ayrılacaq ittifaq dövlətlərinin daxili işinə müdaxilə cəhdi ilə "qəhrəman" və "sülh quşu" imici formalaşdıran Qərbin Balkan planının birinci hissəsi baş tutdu.

Müharibənin təsiri ilə keçmiş nüfuzunu itirmiş Yuqoslaviya tənəzzül dövründən dağılma dövrünə qədəm qoydu. 2000-ci ildə Qərb öz "rəngli inqilab"ının ilk variantını Slobodan Miloşeviçin hakimiyyəti illərində sınaqdan çıxardı. Nəticədə, Yuqoslaviya 2003-cü ildə müstəqil dövlətlərə parçalandı. Serbiya isə bu dövlətlərdən biri olaraq Rusiya ilə SSRİ nümunəsində olduğu kimi özünü Yuqoslavoyanın varisi hesab edirdi. Belqradlılar köhnə panslav ruhunu yaşatmaq üçün 2003-cü ildə Monteneqro ilə qısamüddətli birləşməyə müvəffəq oldular. Monteneqronun paytaxtı Podqoritsaya Qərb tərəfindən ardıcıl müdaxilələr edilir və şəhərdə qərbyönümlü etirazlar baş verirdi. Bundan sonra 2006-ci ildə keçirilən referendumun nəticəsi olaraq Monteneqro əhalisi Serbiyadan ayrılmağa qərar verdi. Bununla da Serbiya üçün panslav birliyi yekunlaşdı.

Sosialist yönümlü ikinci bir ittifaqı dəfn edən Qərb bloku isə "parçala və hökmranlıq et" tezisinin ikinci hissəsini icra etməyə başladı. İttifaqdan ayrılan dövlətlərin ABŞ-ın da dəstəyi ilə Qərbə inteqrasiyası təmin edildi. Bu isə bloka əks siyasət yürüdən hər hansı bir dövlətə qarşı "Balkan" alternativini formalaşdırmaq cəhdləri idi. Rusiyaya qarşı dünyanı birləşdirməyə çalışan Qərb bəzi məqamlarda bu istəyinə nail olsa da, Moskvaya qarşı açıq mübarizə apara bilmir.

Cənubi Qafqazın üç dövlətindən ikisinin Qərbə inteqrasiyası artıq reallaşmaq üzrədir. Dünyaya avrosentrizmi qəbul etdirmək cəhdləri Azərbaycan kimi müstəqil siyasət yürüdən dövlətlər tərəfindən isə ciddi maneələr ilə rastlaşır. Məhz Qərbin qarşısında dayanan qüvvələr "ruh birliyi" deyil, Azərbaycan və Serbiya öz müstəqil siyasətləri olan suveren ölkələrdir. Əslində, mahiyyətin kökü Qərb əleyhinə olub onun bütün təkliflərindən imtina etməkdə deyil. Hazırda Avropanın nüfuzlu mətbuat orqanlarında aparılan təbliğat bu yöndədir ki, guya ki, Qərb münaqişələrin sülh yolu ilə bitməsini dəstəkləyir. Lakin reallığa baxsaq, görərik ki, bəzi Avropa dövlətləri müharibənin bitməsi üçün sülhə dəstək vermək əvəzinə, Rusiyanı sanksiyalar yolu ilə daha da "azğınlaşdırmağa" və Ukraynaya isə silah satmaqla onu şirnikləndirməyə çalışır. 2 ildir ki, davam edən müharibənin artıq Ukraynanın qələbəsi ilə yekunlaşması variantı mümkün görünmür. Bu halda zəncirvari şəkildə illərdir parçalanmağa gedən ölkədə qərbyönümlü meyillər elə həmin hiyləgər qitənin Dnestryanı ərazilərə xoşbəxtlik gətirməyəcəyini hələ də başa düşmürlər. Gürcüstan və Ukrayna kimi Avropa Birliyinə üzv olmaq üçün can atan dövlətlərin bəzi məsələlərə səthi yanaşdığı açıq-aydın hiss olunur. Çünki ittifaqa daxil olmaq üçün ilk şərt ərazi bütövlüyünün tam olmasıdır ki, hazırda hər iki dövlətin ərazi problemi mövcuddur.

Bu aspektdə Aİ-yə üzv olsa belə, gələcəkdə Gürcüstan və Ukraynanın qarşısına bu məsələ ciddi şəkildə qoyulacaq. Həll üçün isə 2 variant mövcuddur: ya həmin ərazilərin müstəqilliyi ilə barışıb separatizmə əngəl olmamaq, ya da itirilmiş torpaqların geri qaytarılması üçün yeni genişmiqyaslı müharibə aparmaq. Hər iki variantda qazanan Qərb treki olacaq. Dünyanın hər tərəfində "qara nöqtə" və ya "boz zona" yaratmaq istəyən blokun "parabüzən" strategiyası hələlik tam effektiv olmasa belə, cəmiyyətdə ciddi çətinliklər yaradır. Bəşəriyyət isə minilliklər boyu davam edən bu kimi problemləri həll etməsə, heç bir inkişaf yolu görünməyəcək.

Tacir SADIQOV,

"Respublika".