Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Böyük Millət Məclisi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu tərəfindən Ankarada keçirilən “Deportasiya və onun cəmiyyətə, xüsusən qadınlara psixoloji təsirləri” mövzusunda beynəlxalq simpoziumda iştirak edib.
Qurumun mətbuat xidmətinin məlumatında deyilir ki, tədbirdə təqdimatla çıxışı zamanı Ombudsman tarixin müxtəlif mərhələlərində Ermənistanda yaşayan azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə siyasəti, həmin ərazilərdə azərbaycanlılara məxsus tarixi-mədəni irsin məhv edilməsi, qəbiristanlıqların dağıdılması, ermənilərin həmin bölgələrdə məskunlaşdırılması və yer adlarının dəyişdirilməsi kimi faktlar barədə ətraflı məlumat verib. Eyni zamanda Azərbaycan türklərinin doğma torpaqlarından deportasiya edilməsindən 75 il ötməsinə baxmayaraq, Ermənistanda bu günədək Azərbaycana qarşı nifrət siyasəti və dözümsüzlük davam etdirilir.
Azərbaycan Ombudsmanı 44 günlük Vətən müharibəsi və bu il sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu, həmin ərazilərin separatçı terror qruplaşmalarından təmizləndiyini, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı üçün şərait yarandığını bildirib.
Bununla yanaşı, Türkiyənin müharibə və postmüharibə dövründə xalqımıza mənəvi dəstəyinin əhəmiyyətinə toxunan S.Əliyeva Türkiyə Respublikası Baş Ombudsmanının Ermənistan tərəfindən mülki əhalinin hədəfə alındığı bölgələrimizdə, habelə işğal dövründə dağıdılmış ərazilərimizdə faktaraşdırıcı missiyalar həyata keçirdiyini xatırladıb.
Yekunda S.Əliyeva deportasiyaya məruz qalmış həmin soydaşlarımızın öz yurdlarına geri qayıtmasının təmini üçün Ermənistan tərəfinin şərait yaratmalı və onlara dəymiş zərərlə bağlı təzminat ödənilməli olduğunu bildirib.
Tədbir zamanı o həmçinin Ombudsman Aparatı tərəfindən hazırlanmış azərbaycanlılara qarşı nifrət siyasətini əks etdirən videoçarx nümayiş etdirilib.
“Respublika”.