Avqustun 7-də Qərbi Azərbaycan İcmasında (QAİ) Ümumilli Lider "Heydər Əliyev İli" çərçivəsində Qərbi Zəngəzurun Nüvədi kənd sakinləri ilə görüş keçirilib.
Tədbirdə İcmanın aparat rəhbəri Qalib Qasımov, QAİ-nin Müşahidə Şurasının üzvü, Meğri rayon icmasının sədri, akademik Fikrət Əliyev, BDU-nun kafedra müdiri İsmayıl Əliyev, YAP Təftiş Komissiyasının üzvü Musa Musayev, "Respublika" qəzetinin baş redaktoru Hümbət Musayev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Musayev, professor Qoşqar Əliyev və digərləri iştirak ediblər.
Görüşdə Ulu Öndər Heydər Əliyevin, ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərin və dünyasını dəyişmiş kənd sakinlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ümummilli Liderin Nüvədi kəndi və sakinləri haqqında söylədiyi fikirləri əks etdirən videoçarx nümayiş etdirilib. Tədbir iştirakçıları Heydər Əliyevlə bağlı xatirələrini danışıb bildiriblər ki, ulu öndər kəndin sona qədər mübarizə aparmasını hər zaman yüksək qiymətləndirib və nüvədililərə daim diqqət və qayğı göstərib.
Akademik Fikrət Əliyev qeyd edib ki, kənd sakinləri hətta 1991-ci ildə də Nüvədidən çıxmırdılar. Sonra zorla çıxarıldılar, nəticədə Zəngilanın Vejnəli kəndində məskunlaşıb çadırlarda yaşamağa məcbur oldular.
Çıxış edənlər bildirdilər ki, qədim yaşayış məskənlərindən biri olan Nüvədi kəndi 1929-cu ilə qədər inzibati ərazi bölgüsü cəhətdən Azərbaycanın Cəbrayıl qəzasına tabe olub. Nüvədi kəndi Qərbi Azərbaycanda 1991-ci il avqustun 7-də sonuncu tərk edilən azərbaycanlı yaşayış məskənidir. Kənddən azərbaycanlıların çıxarılması ilə Ermənistan soydaşlarımızın deportasiyasını tamamladı və monoetnik dövlətə çevrildi.
Tədbir iştirakçıları onu da qeyd etdilər ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın işğaldan azad edilməsi nüvədililərin də yurd həsrətinə son qoyulacağına inamı artırıb və o torpaqların yerli sakinləri kimi ata-baba ocaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.
Tədbirdə İkinci Qarabağ müharibəsi şəhidi Rauf İbadovun atası Məhərrəm İbadov Nüvədi İcmasının sədri seçildi.
Musa BAĞIRLI,
"Respublika".