Qərbə deyil, sülhə tərəf
Siyasət

Qərbə deyil, sülhə tərəf

Ermənistanın baş naziri Nikol Paşinyanın dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlər görüşündə sülhün imzalanmasına dair açıqlama verməsi Azərbaycan və Ermənistan arasında 7 dekabr anlaşmasından sonra real praktiki addımların atılacağına işarədir. Paşinyan hakimiyyəti artıq yaxşı anlayır ki, Ermənistanın başqa çıxış yolu yoxdur, sülhə başqa alternativ ola bilməz. Azərbaycanla razılaşma əsasında real addımlar atılmalıdır. Əks halda, mövcud gərgin vəziyyət davam edəcək. Bu isə Ermənistanı məchul sonluğa sürükləyir. Həmçinin konfransda 30 ildir ki, Ermənistanın Azərbaycan və Türkiyə sərhədlərinin bağlı olduğunu bildirən Nikol Paşinyan konkret addımlar atmağın vaxtının çatdığını deyib. Ermənistanın Baş naziri artıq öz ölkəsinin bioqrafiyasını dəyişmək istəyir. Tarix boyu işğalçı və terrorçu damğasından bezən Paşinyan artıq Cənubi Qafqazda Azərbaycanın sülh çağırışlarına qoşulub regiondan təcrid olunmuş ölkəsini yenidən həyata qaytarmaq istəyir.

Lakin burada əsas məqam Ermənistanın sülhə hansı yolla gələcəyidir. 30 ildir sərt dolanbaclar, vasitəçi maneələri, həmçinin öz günahı səbəbindən mümkün sülhün bərqərar olmamasıdır. 3 aydır istifadəyə verilən "yeni yol" isə sülhə varmaq üçün daha əlverişlidir. Bu yol müstəqil xarici siyasətə əsaslanır. Hazırda marionet statusunda olan ölkə üçün bu yol təbii ki, çətindir, amma mümkün situasiyanı dəyişmək məhz ermənilərin öz əlindədir.

Əgər son açıqlama reallaşsa, ikinci yolun açıldığını göstərəcək. Vəziyyət isə həmişəki kimi o qədər də sadə deyil. 30 il vasitəçilərin himayəsinə sığınan Ermənistan son 3 aydır ki, Azərbaycan tərəfindən müstəqil siyasət yürüdülməyə vadar edilir. İrəvan isə hələlik bu siyasəti yeni mənimsəyir. Qərbə yaxınlaşıb Rusiya ilə də əlaqələri qorumaq cəhdi iki qüvvə arasında gedən "soyuq müharibə"də Ermənistanı daxildən parçalanmaq ilə üz-üzə qoya bilər. Hər nə qədər qonşusu Azərbaycan kimi müstəqil siyasət yürütməyə çalışsa da, görünür ki, hələ keçilməli çox maneə var. Çünki ermənilər tarix boyu müstəqil olmayıb, müstəqil dövlət və xarici siyasət anlayışları haylar üçün yaddır. Ermənistan üçün iki stolda oturmaq cəhdi müstəqil siyasətdən daha rahat görünür. Lakin bu, regiona əsla sülh və əmin-amanlıq gətirə bilməz. Sülh müqaviləsi tərəflər arasında müharibənin sona çatdığını əks etdirən anlaşmadır. Məlumdur ki, Azərbaycan ilə Ermənistan münaqişəsində iki tərəf mövcuddur. Hər nə qədər kənar qüvvələr olsa belə, sülhü məhz Cənubi Qafqazın iki dövləti imzalayacaq. Ermənistan isə tərəf missiyasını hələlik uğurla yerinə yetirə bilmir. 30 il göstərdi ki, vasitəçilər sülhə deyil, münaqişənin aktiv saxlanılmasına tərəfdir. Azərbaycan isə daima sülhə tərəf olmaqla Ermənistanı da müstəqil xarici siyasət yürütməyə çağırır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən Forum zamanı Ermənistanın 5 baza prinsipini qəbul etməyə yaxın olduğunu bildirib. Bir gün sonra isə Azərbaycan və Ermənistan birgə bəyanat qəbul ediblər. Göründüyü kimi, ölkə başçısının fikirləri Azərbaycanın qətiyyətli addımları ilə üst-üstə düşür. Ermənistan isə sülhün digər tərəfi kimi öz missiyasını yerinə yetirməli, təkəbbürdən əl çəkməli və Azərbaycanın yürütdüyü siyasi mövqedən nümunə götürməlidir. Regionda sülh yalnız region dövlətlərinin iştirakı ilə, vasitəçi olmadan mümkündür.

Tacir SADIQOV,

"Respublika".