Bu gün Azərbaycan region və ətraf ölkələrlə mühüm strateji əməkdaşlıq edir. Bu baxımdan Orta Asiya dövləti olan Qazaxıstan ən etibarlı tərəfdaşlardan biridir. Azərbaycan və Qazaxıstanı ortaq etnik köklər, dil, tarix, mədəniyyət, adət-ənənə oxşarlığı kimi fundamental amillər birləşdirir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Hər iki ölkə də böyük İpək Yolu dövlətləri hesab olunur. Tarix boyu əlaqələrimiz mədəniyyət və ticarət sahəsində böyük inkişaf yolu keçib. Azərbaycan və Qazaxıstan həm müttəfiq, həm də strateji tərəfdaş olan iki qardaş ölkələrdir. Bu günə qədər ölkələrimiz arasında illər ərzində heç bir problem yaşanmayıb, həmçinin Qazaxıstan Qarabağ münaqişəsində də hər zaman Azərbaycanın haqq işini, ədalətli mövqeyini dəstəkləyərək beynəlxalq münasibətlər sistemində qardaş ölkə olduğunu sübut edib.
Son illərdə ölkə başçımızın mütəmadi şəkildə region və ətrafı ölkələrə səfər etməsi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin aprelin 10-da Qazaxıstana rəsmi səfəri baş tutub. Paytaxt Astanada Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub. Görüş zamanı mühüm məsələlər ətrafında söhbət edilib. Bundan sonra dövlət başçısı Qazaxıstan Prezidentinin tapşırığına əsasən, Heydər Əliyevin adı verilən paytaxtın ən iri küçəsinin açılışında iştirak edib. Uzunluğu 1400 metr olan küçə Qazaxıstan paytaxtının Yesil rayonunda yerləşir. Heydər Əliyev küçəsində türk köklərinin ortaqlığını, mədəni dəyərləri və Azərbaycan xalqına hörməti ifadə edən monument ucaldılıb. Həmçinin monumentin üzərindəki QR-kodu skanlamaqla Heydər Əliyevin həyatı haqqında daha çox məlumat əldə etmək olar. Bu da yeni nəslə keçmişin izlərini daha yaxşı ötürmək üçün istifadə olunan ən gözəl üsullardan biridir. Açılış zamanı Prezident İlham Əliyev bildirib: “Heydər Əliyev bizə onun işlərini davam etdirməyimizi vəsiyyət edib. Onun əsas vəsiyyəti ondan ibarət idi ki, biz torpaqlarımızı işğaldan azad etməli, ərazilərimizi özümüzə qaytarmalı, Azərbaycan xalqının ləyaqətini bərpa etməliyik. Biz onun xatirəsinə, vəsiyyətlərinə sadiqik, onun bütün tapşırıqlarını şərəflə yerinə yetirmişik. Bu gün, ulu öndərin 100 illik yubileyi ərəfəsində inamla deyə bilərik ki, onun düşündüklərinin hamısı reallaşıb”.
Kasım-Jomart Kemeleviç deyib: “Heydər Əliyev qardaş qazax xalqına xüsusi münasibət və sevgi bəsləyirdi. Bu, həqiqətən belədir, mən bunun şahidiyəm. O, qazaxların ənənələrini, adətlərini yaxşı bilir, qazax xalqının mədəniyyətinə, onun çoxəsrlik tarixinə hörmət bəsləyir, qazaxlarla azərbaycanlıların qardaşlığını çox yüksək qiymətləndirirdi. O, Türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edirdi. Bu gün biz onun işinin, fəaliyyətinin nəticələrini, o cümlədən bunda görürük ki, Türk dünyası birləşir. Biz bu gün beynəlxalq arenada böyük nüfuz sahibi olan güclü təşkilat yaratmışıq... Qazaxıstanın irəli sürdüyü və reallaşdırdığı təşəbbüslər, sözün geniş mənasında, Avrasiya məkanında etimad tədbirlərinin, sülhün möhkəmlənməsinə yönəlib. Biz də dostlar, qardaşlar kimi sizin uğurlarınıza ürəkdən sevinirik”.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev daha sonra bildirib: “Bu hadisənin xüsusi rəmzi mənası var. Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətlərin xatirəsini əbədiləşdirmək və qorumaq bizim borcumuzdur. Bu, Azərbaycan xalqının böyük oğluna bizim səmimi münasibətimizin və ehtiramımızın əlamətidir. Bu küçə Astana gənclərini və qonaqlarını cəlb edən yerdir. Küçə boyunca dünyada ən böyük sferik bina olan “Nur Aləm”, Astana Balet Teatrı, Mərkəzi Botanika bağı, habelə şəhərin ən iri ticarət-əyləncə mərkəzi kimi mühüm obyektlər yerləşir. Qeyd etmək istəyirəm ki, bu küçənin açılışı Qazaxıstanda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş bir sıra mühüm tədbirlərə start verəcək...”.
Qazaxıstan xalqının Azərbaycana və Heydər Əliyevə olan sevgisi, hörməti təkcə Qazaxıstanın ən böyük küçəsinə ulu öndərin adının verilməsi ilə ifadə edilməyib, həmçinin “Qazaqstan” telekanalı ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş film hazırlayıb. Film ümummilli liderin 100 illik yubileyinə həsr olunmuş layihə çərçivəsində həyata keçib. Filmdə Qazaxıstan və Azərbaycanın siyasətçilərinin, dövlət və ictimai xadimlərinin Heydər Əliyevlə bağlı xatirələri nümayiş etdirilib.
Hər iki ölkənin hazırda regionda öz çəkisi, yeri var. Şərq-Qərb Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq edən ölkələr arasında neft və neft məhsullarının ticarəti sahəsində əməkdaşlıq uğurla davam etdirilir. Qazaxıstan mənşəli xam neftin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə dünya bazarına çatdırılması, həmçinin xam neftin Azərbaycanda emalı istiqamətində işlərin həcmi də genişləndirilir.
Töhfə SƏMƏDOVA,
“Respublika”.