Burada şəraitimiz nə qədər yaxşı olsa da, doğma yurdumuzun bir parçası və əzəli torpaqlarımız olan Qərbi Azərbaycanın hər qarışı, yolu, məhəlləsi və hətta cığırı üçün də darıxırıq. Doğulub boya-başa çatdığımız, uşaqlıq günlərimizin xoş xatirəsi olan torpaqlarımızı daim xəyallarımızda yaşadır, tez-tez yuxularda görürük. Kəndimizə son dərəcə yaxın olan Türkiyə ərazisindən çəkilən video və fotogörüntüləri səbirsizliklə gözləyir və daim izləyirik. Tezliklə o yerlərə qayıtmaq, dünyaya göz açdığımız, suyu və havası ilə bizə dünyanın ən böyük xoşbəxtliyini yaşadan yurd yerlərimizi bir də görmək arzusundayıq. Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə dediyi tarixi fikirlər o yerlərə qovuşmaq istəyimizi daha da artırdı.
Erməni silahlı qüvvələrinin təcavüzkar hərəkətləri nəticəsində Qərbi Azərbaycanın Amasiya rayonundan didərgin salınaraq Zaqatala rayonunun Fındıqçılar kəndində məskən salan soydaşlarımız söhbətlərində bu fikri qətiyyətlə bildirdilər. Hər biri yurd həsrətinə tezliklə son qoyulacaq günün çox da uzaqda olmadığını vurğuladı. Kənd sakinləri ilə xeyli dərdləşdik.
Rizvan Abbasov qeyd etdi ki, Amasiya rayonunun Quzu kəndində qalırdıq. Yaşamaq üçün normal şəraitimiz olsa da ermənilər buna imkan vermirdilər, bizi çox incidirdilər. Hər əməllərində azərbaycanlılara düşmən olduqlarını göstərirdilər. 1980-ci illərin sonunda isə erməni faşizm siyasətinin xalqımıza düşmən kəsildiyini bir daha qabarıq formada açıq-aşkar gördük. Bu vəziyyət 1988-ci ildə daha da ağırlaşdı və nəticədə soydaşlarımız doğma yurdundan kütləvi şəkildə didərgin salındı.
Həmin vaxt mən hərbi xidmətdə idim. Kəndimizə qayıdan zaman gördüm ki, kəndimizin girəcəyində hərbçilər dayanıb. Hər birimizi ciddi yoxlamaqla yurdumuzdan çıxmağa məcbur etdilər. Evimizdə cəmi 2 gün qala bildim. Baxmayaraq ki, hər şərait varıydı, ermənilər qoymadılar. Kəndimiz Arpa gölünün kənarında yerləşirdi, böyük təsərrüfatımız - 15-20 inəyimiz, 30-40 qoyunumuz və xeyli sayda toyuq-cücəmiz vardı. Ermənilər evimizdən heç nə götürməyə imkan vermədilər. Bu səbəbdən də kəndimizin camaatı özləri ilə heç nə gətirə bilmədi. Məcbur olub hamısını orada qoyub gəldik. Hər gün internetdə o yerlərə baxıram. Yurdumuzu heç vaxt unuda bilmirəm, uşaqlığım orada keçib. İndiyə kimi hər daşını da xatırlayıram. Gəzdiyim yerlər gecələr yuxuma girir. İmkan olan kimi o yerlərə uça-uça gedərəm. Kim istəməz ki, uşaqlıqda gəzdiyi torpaqlara qayıtmasın. Prezidentimizin Qərbi azərbaycanlılarla görüşündə dediyi fikirlər mənə yeni ömür bəxş etdi. Kaş o günləri yaşayaq. Dağın ətəyində olan bulaqların suyu bir həyatdır. Bulağımız 3 kəndin tələbatını ödəyirdi. Evimizin aşağısında artezian vurmuşdular, Cermux suyu çıxırdı. Gürcüstanda yaşayan qohumlarımız Qaraxac yolu ilə tez-tez gəlib o sudan aparırdılar. Elə gözəl suyu vardı. Bir sözlə, orada yaşayışımız son dərəcə yaxşı idi. Yaşlı insanlar o anları xatırlayanda özlərini ağlamaqdan saxlaya bilmirlər.
Elşad Əliyev həmkəndlisinin söhbətini davam etdirdi. Kəndimizin füsunkar təbiəti vardı. İmkan olan kimi çayda balıq tuturduq. Kəndimizdə qazlı sular çıxırdı. Arpa gölü yanımızda idi. Uşaqlığımız orada keçib. Çox yaxşı şəraitimiz vardı. Ancaq ermənilər bizə qarşı düşmən siyasətindən əl çəkmirdilər. Yurdumuzda normal yaşamaq üçün imkan vermirdilər. Kəndimizin havası və suyu şəfalı idi. Ermənilər faşist niyyətli rəhbərlərinin göstərişi ilə bizimkiləri incidirdilər. 1988-ci ildə qışın sərt vaxtlarında yurdumuzdan deportasiya olunduq və soyuqdan qorunmaq üçün evdən nəsə götürməyə imkan vermədilər. Sağlıq olsun o torpaqlara tezliklə qayıdıb yurdumuzu yenidən dirçəldəcəyik.
M.NƏRİMANOĞLU,
"Respublika".