Dünya ölkələrinin texnologiya sahəsindəki inkişaf prosesində müxtəlif beynəlxalq tədbirlərin, festivalların və yarışların keçirilməsi müstəsna rol oynayır. Bu tədbirlərdə iştirak etmək dövlətlərin modern dünyaya açılmasına da geniş imkan yaradır. Texnologiya sahəsində öz sözünü deyən ölkələrdən biri də qardaş Türkiyədir. Türkiyənin bu istiqamətdə keçdiyi inkişaf yolu dövlətin adını texnologiya sahəsindəki qabaqcıl dünya ölkələri siyahısına əlavə etmişdir. Qardaş ölkənin təşkil etdiyi "Teknofest" Aerokosmik və Texnologiya Festivalı da Türkiyənin nüfuzuna mühüm töhfələr vermişdir.
2018-ci ildən bəri keçirilən bu festivalın əsas məqsədi cəmiyyətdə, xüsusən gənc nəsil arasında texnologiyaya marağı artırmaqdır. Belə ki, festival çərçivəsində müxtəlif fənlər və kateqoriyalar üzrə texnologiya yarışları təşkil edilir ki, bu da insanların diqqətini cəlb edir. 2018-ci ildə keçirilən festivalda 14 fərqli kateqoriyada texnologiya yarışlarında iştirak üçün ümumilikdə 4333 komanda və 20 min gəncin müraciət etməsi də bunun bariz nümunəsidir. Növbəti illərdə isə müraciətlərin sayıdaha da artmışdır.
Qardaş ölkənin təşəbbüsü ilə təşkil olunan bu yarışa Azərbaycanda da böyük maraq göstərilir. 2022-ci ildə keçirilən "Teknofest" isə ilk dəfə olaraq ölkə xaricində - Azərbaycanın paytaxtı Bakıda baş tutub. Belə bir əlamətdar hadisənin məhz respublikamızda reallaşması qardaşlığa ən gözəl nümunə hesab olunur. "Türkiyə Texnologiya Komandası" - T3 Fondu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi tərəfindən təşkil olunan festivala 10 fərqli kateqoriya üzrə 1010 komanda və 5636 nəfərin müraciəti qəbul edilmişdir. Ölkəmizdə keçirilən "Teknofest" çərçivəsində isə müxtəlif texnologiya müsabiqələri, "Smart Qarabağ" Hakatonu, "Take Off" Azərbaycan Startap Sammiti və "Rocket League" videooyunu üzrə Avropa Kiber İdman Kuboku da təşkil edilmişdir. Festivalın ən yaddaqalan hissəsi isə sərgidir. Belə ki, sözügedən sərgidə tərəfdaş şirkətlərin məhsulları, eləcə də gənclərin hazırladıqları prototiplər və STEM (Science - təbiət elmləri, Technology - texnologiya, Engineering - mühəndislik və Mathematics - riyaziyyat) layihələri, açıq səma altındakı statik ərazidə isə pilotsuz uçuş aparatları və helikopterlər nümayiş olunmuşdur. Bundan başqa, Azərbaycan Milli Pavilyonunda 11 yerli şirkət və startapın məhsul və həlləri, həmçinin dövlətimizin yerli istehsalı olan pilotsuz uçuş aparatları (PUA) da sərgilənmişdir.
Bu il aprelin 27-də Türkiyənin ən böyük şəhəri olan İstanbulda baş tutan festival may ayının 1-dək davam edəcək. Azərbaycan da hazırda 200 kvadratmetr ərazini əhatə edən milli pavilyonla festivalda təmsil olunur.
Tədbirdə Azərbaycanın Kosmik Agentliyi olan "Azərkosmos"un da yer aldığı milli pavilyonda gənc tədqiqatçılar və tələbələr üçün 2-6 oktyabr tarixlərində Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi haqqında təqdimatların da nümayişi həyata keçirilir. Festivala üz tutanlara "Onno", "PENÇE", "Uvodo" və "WakeX" adlı startap-layihələr, "Kızılelma" və "VR Ay səyahəti" kimi oyunlar da təqdim olunur. Teknofest zamanı Türkiyənin İstanbul Texniki Universiteti, Qalatasaray Universiteti, Yeditepe Universiteti, Boğaziçi Universiteti, İstanbul Nişantaşı Universiteti, Mərmərə Universiteti, Bahçeşehir Universiteti və İbn Haldun Universiteti kimi aparıcı təhsil müəssisələrinin müəllim və tələbə heyəti ilə də görüşlərin keçirilməsi festivalın elmə, texnologiyaya verdiyi dəyərin göstəricisidir.
Əlavə olaraq, "Teknofest" festivalı Türkiyə ilə sarsılmaz və əbədi əlaqələrin yeni, daha yüksək mərhələyə qədəm qoymasının, hər iki dövlətin ildən-ilə artan nüfuzunun, elmi-texniki potensialın və hərbi qüdrətin rəmzidir. 30-dan çox ölkənin iştirak etdiyi tədbir Azərbaycan və Türkiyənin iqtisadi, hərbi və mədəniyyət sahələri də daxil olmaqla elm və texnika sahəsində birliyinin təcəssümüdür. Şübhəsiz ki, belə tədbirlərin keçirilməsi digər dövlətlər üçün də faydalıdır. Belə festivallar elmi, təfəkkürü, yaradıcılığ