Qarabağın böyük qayıdış və dirçəliş dövrü
Sosial həyat

Qarabağın böyük qayıdış və dirçəliş dövrü

Üç ilə yaxındır ki, erməni əsarətindən azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda sözə və gözə sığmayan, düşüncələri aşan böyük dirçəliş dövrü başlanıb. İşğaldan azad edilən ərazilərdə quruculuq, bərpa işlərinin sürəti və miqyası gündən-günə artır, ermənilər tərəfindən viran edilmiş yurd yerlərinin miskin görkəmi laləzara çevrilir, bu yerlərə gözəllik və işıqlı bir həyat qayıdır.

Qeyd edək ki, Qarabağın işğaldan azad edilən ərazilərində çox genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır, iri infrastruktur layihələri uğurla icra olunur. Əlbəttə ki, əsas vəzifə keçmiş məcburi köçkünləri tezliklə bu doğma diyara qaytarmaqdır. Üç ilə yaxın vaxt ərzində işğaldan azad edilmiş ərazilərdə mübaliğəsiz demək olar ki, əlli ilin işi görülüb, Böyük Qayıdış toy-bayrama çevrilir, sevinc göz yaşları doğma yurd həsrətinə məlhəm olur, sükunətə və səssizliyə bürünmüş ata-baba yurdları indi gülüşə, fərəhə, qürura, şərəfə qucaq açır. Qarabağın tacı Şuşa öz tarixi görkəmini saxlamaqla yenidən qurulur, burada həm də modern şəhərsalma elementlərindən geniş istifadə edilir, "Qafqazın Xirosiması" adlandırılan Ağdamın xarabalıqları arasından gələcəyə yeni bir şəhər boylanır, Füzuli şəhərində isə yeni yaşayış məhəllələrinə qayıdış başlayıb. Dövlətimizin başçısı Qarabağda bir neçə kəndin təməlini qoyub, artıq quruculuq işləri ermənilər tərəfindən yer üzündən silinmiş kəndləri də əhatə edir. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq 2026-cı ilin sonuna qədər 34 min 600 ailənin köçürülməsi nəzərdə tutulur. Bu istiqamətdə bərpa ediləcək şəhər, kənd və qəsəbələrin konkret siyahısı təsbit olunub. Layihə çərçivəsində ən önəmli komponentlərdən biri də "ağıllı kənd" və "ağıllı şəhər"lərin tikintisidir. Artıq məlumdur ki, ilk belə kənd Zəngilan rayonunun Ağalı kəndində salınıb, yaşayış məntəqəsi sakinlərin istifadəsinə verilib və orada artıq ailələr yaşayır. Növbəti belə bir layihə isə Azərbaycan dövlətinin öz maliyyəsi hesabına Füzuli rayonunun Dövlətyarlı kəndində icra ediləcək.

Bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov məlumat verib. Xüsusi nümayəndə bildirib ki, yaxın günlərdə Dövlətyarlı kəndinin layihələndirilmə işləri yekunlaşacaq, növbəti mərhələdə kənddə torpaq işlərinə başlanılacaq. Bu istiqamətdə üçüncü belə bir layihə Ağdam rayonunun Baş Qərvənd kəndində icra ediləcək. Digər əvvəlki layihələrdən fərqli olaraq Baş Qərvənd kəndinin Slovakiya Respublikasının mütəxəssisləri tərəfindən layihələndirilərək "ağıllı kənd" kimi bərpa olunması nəzərdə tutulur. Sözsüz ki, bu layihə də Azərbaycan dövlətinin vəsaiti hesabına reallaşacaq. Amma burada tətbiq ediləcək "ağıllı" həllər məhz Slovakiyanın mütəxəssisləri və mühəndisləri tərəfindən böyük effektivliklə infrastruktur sahəsində tətbiq olunacaq. Hesab edirik ki, bu da bərpa prosesində baş verən yeniliklərdən biridir. Layihə çərçivəsində ümumilikdə ərazisi 470 hektar olan bir kəndin tamamilə yenidən qurularaq "ağıllı kənd" kimi bərpası nəzərdə tutulur. Kəndə birinci mərhələdə 5500, ikinci mərhələdə isə 1170 nəfər köçürüləcək. Layihəni önəmli edən digər bir məqam isə Baş Qərvənd kəndinin keçmiş təmas xətti dediyimiz ərazidə yerləşməsidir.

Qeyd edək ki, Baş Qərvənd kəndi Ağdam rayonunun ən iri yaşayış məntəqələrindən biri olub. Kənd keçmiş sovetlər dönəmində böyük təsərrüfata malik olub. Baş Qərvənd kəndi Xaçınçayın sahilində, Qarabağ düzündə yerləşir. Qərvənd Kəbirli tayfasının bir qolunun adıdır. 1994-cü il aprel ayının 26-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş kənd 26 ildən sonra 2020-ci il noyabrın 20-də işğaldan azad edilib.

Salman ALIOĞLU,

"Respublika".