Separatçılar, xunta rejimi, Ermənistandan gələn emissarlar, ermənipərəst dövlətlərin xəfiyyələri Xankəndidəki və ətraf ərazilərdə məskunlaşan Azərbaycanın erməni vətəndaşlarını girovluqda və təzyiq altında saxlamaq üçün yalan və saxta açıqlamalar, bəyanatlar verirlər.
Bu işdə əlləri korrupsiyaya və təxribatlara bulaşan təcavüzkar ermənilər və zəbt etdiyi vəzifələrdən qovulan, talançı, oğru Vardanyan daha çox baş aparır. Ərazilərimizdə müvəqqəti nəzarət həyata keçirən Rusiya sülhməramlılarının arxasında gizlənən, erməniləri aclığa və səfalətə sürükləyən R.Vardanyan başından yekə danışaraq Azərbaycanı təhdid edir, hədələyir, şantaja keçir və böhtan, iftira atmaqdan çəkinmir. Əslində, bu dələduz milyarderi Xankəndidə qoruyub saxlayanların kimliyi məlumdur və Cənubi Qafqazdakı kirli caynaqları ilə ermənilər arasında qarşıdurma yaratmaq məqsədi güdürlər. Əbəs yerə özlərini yormasınlar, ermənilərin dabbaqda gönünə bələdik, bəli, onlar Xankəndidə bəzi qruplar arasında qarşıdurma yarandığı haqqında tez-tez yalan məlumatlar yayırlar. Əslində, ermənilərin "birlik" təşkilatlarının yaranması və kökü çox dərinlikdədir, ermənilərin boğazına diri ilan dolasan da bu barədə danışmırlar.
Maskası cırılan, desant sifəti açılan, hiyləgər Vardanyanı Qarabağda mühafizə edən Rusiya sülhməramlıları açıq-aşkar üçtərəfli Bəyanatın müddəalarını kobud surətdə pozur, təxribatçılara, qanunsuz silahlı dəstələrə kuryerlik edirlər. Ona görə də Vardanyan torpağımızda bizə meydan oxumaq cəsarəti göstərir, ərazi bütövlüyümüzü, suverenliyimizi təhdid edir, dövlət içində "dövlət" qurur. Rusiya isə Qarabağa gündə bir komandan göndərir, imza atdıqları üçtərəfli Bəyanatın müvafiq maddələrini yerinə yetirmir. Separatçılara, təxribatçılara, cinayətkarlara meydan yaradan Rusiya sülhməramlılarının rəhbərliyi öz Prezidentlərinin imzasına belə hörmət qoymurlar. Adıçəkilən Bəyanatın 11-ci bəndində deyilir: "Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar". Alınırmı?! Əsla yox, əksinə, həmin ünsürlərə şərait yaradılır. Üçtərəfli Bəyanatın 18-ci bəndində aydınca yazılıb: "Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə... eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər". Bu günə qədər Rusiya sülhməramlıları Xankəndidə və ətraf ərazilərdə terrorçulara qarşı hər hansı bir əməliyyat keçirməyib, əksinə, həmin cinayətkarlara silah-sursat daşınmasına yardım edir, ermənilərə ərzaq bağlamaları paylayır, məktəb tikir, yol çəkir, bir sözlə, səlahiyyətlərinə aid olmayan işlərlə məşğul olurlar. Hətta rus kontingentinin keçmiş komandanı Volkov azərbaycanlı jurnalistlərin sualına cavab verərkən erməni silahlı separatçılarını "yerli qanuni strukturlar" adlandırdı. Bu, əsl riyakarlıq və həyasızlıqdan başqa bir şey deyil.
Rusiya sülhməramlıları ilə dil tapan separatçılar Laçın-Xankəndi yolu ilə qanunsuz silahlı dəstələrə silah-sursat daşıyır, terrorçuları müxtəlif ölkələrdən Xankəndiyə gətirir, Qarabağ iqtisadi rayonundakı faydalı qazıntı yataqlarını istismar edirdilər. Buna görə də ötən il dekabrın 12-dən Laçın-Xankəndi yolunun Şuşa rayonundan keçən hissəsində azərbaycanlı ekofəallar və könüllü gənclər etiraz aksiyalarına başladılar. Yolu kəsilən cinayətkar ermənilər ərazidəki torpaq yollardan istifadə etdilər. Həmin silahlı dəstələri zərərsizləşdirərkən üç hərbi qulluqçumuz şəhid oldu. Nəhayət, Azərbaycan Dövlət Sərhəd Xidməti Laçın yolunun başlanğıcında, suveren ərazilərimizdə nəzarət-buraxılış məntəqəsi yaratdı. Rusiya sülhməramlılarının komandanı və Ermənistan dərhal bu qanuni addıma reaksiya verdilər, hay-küy saldılar, Fransanı köməyə çağırdılar, necə deyərlər, əlləri ətəklərindən uzun qaldı, sərhədimizdə güclü nəzarət bərpa edildi. Ancaq məni bir məsələ düşündürür, Xankəndidəki separatçılar elə də səs-küy salmadılar. Qarabağın dağlıq hissəsinə yaxşı bələd olduğum üçün şübhələnirəm ki, ermənilər Xankəndidən başlayan, dağlıq ərazilərdən və Xaçınçay üzərindəki körpüdən keçərək (həmin körpü keçmiş