Azərbaycanın qəti qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsinin ardından işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışın təmin olunması ölkəmizin əsas prioritetlərindəndir. 2022-ci il iyulun 19-da xalqımızın çoxdan gözlədiyi tarixi an yaşandı. Belə ki, bu tarixdə Böyük Qayıdışın ilk uğurlu addımları atıldı - Zəngilanın Ağalı kəndinə əhalinin dörd mərhələdə köçürülməsinə başlanıldı. Bundan sonra 2023-cü ilin mart ayında - Novruz bayramı ərəfəsində Tərtərin Talış kəndinə bir qrup əhali köçürüldü. 28 May - Müstəqillik Günündə isə Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim etdi. Ümumilikdə, Laçının bərpası istiqamətində ötən dövr ərzində böyük həcmdə işlər görülüb. İşğaldan azad edilmiş regionlarımızda yeni infrastrukturun qurulması, evlərin tikilməsi, o cümlədən yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində aparılan sürətli işlər onu deməyə əsas verir ki, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın öz doğma yurd-yuvalarına qovuşmaları uğurla davam etdirilir.
Avqustun 21-də isə Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən Füzuli şəhərinə daha bir köç karvanı yola salınıb. Bu mərhələdə 68 nəfərdən ibarət 24 ailə doğma şəhərinə qayıdıb. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Qeyd edək ki, avqustun 18-də Füzuli şəhərinə ilk köç baş tutub, 90 nəfərdən ibarət olan 23 ailə doğma şəhərinə qayıdıb. Birinci mərhələdə Füzuli şəhərinə ümumilikdə, 144 ailənin (509 nəfər) köçürülməsi nəzərdə tutulur.
Millət vəkili Vüqar Bayramov bildirib ki, Füzuli şəhərinə qayıdış Qarabağ üçün tarixi günlərdən biridir: "Çünki bu, məhz 30 illik Ermənistan işğalından sonra qayıdışdır. Bundan öncə Şərqi Zəngəzurda vətəndaşlarımızın öz ata-baba yurdlarına qayıdışı baş verib. Keçmiş məcburi köçkünlər Zəngilan və Laçında öz doğma torpaqlarına qayıdıblar. Bu baxımdan təbii ki, Füzuliyə qayıdış da Qarabağın tarixində əlamətdar hadisədir. Çünki işğal nəticəsində Füzuli şəhəri tamamilə dağıdılmışdı, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan ordusu Füzuli şəhərini azad edən zaman Azərbaycanın üçrəngli bayrağını asmaq üçün hətta bir tikili belə tapmaq mümkün deyildi. Amma bu gün Füzuli yenidən qurulur. Füzuli şəhəri 50 minlik əhalisi olan şəhərə çevriləcək və ilin sonuna qədər 800 ailə burada məskunlaşacaq. Füzuli şəhəri, eləcə də Füzuli rayonu böyük iqtisadi potensiala malikdir. Ümumiyyətlə, ilkin qiymətləndirmələr göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası bütövlükdə Azərbaycan iqtisadiyyatına əlavə olaraq 10 faizə yaxın yeni dəyər gətirəcək. Bu da təbii ki, Qarabağın yaxın illərdə Azərbaycan iqtisadiyyatında lokomotivə çevriləcəyindən xəbər verir. Füzuli həm aqrar rayondur, həm də təbii ki, sənaye potensialı olan bölgələrimizdəndir. Yəni bir tərəfdən Füzulidə torpaqların məhsuldar olması kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar yaradır, digər tərəfdən isə əməkdaşların çoxluğu həm də sənaye məhsullarının istehsalı baxımından əlverişlidir".
Deputat qeyd edib ki, Füzulinin digər özəlliyi məhz turizm potensialının yüksək olmasıdır: "Nəzərə almalıyıq ki, Füzulidə həm tarixi turizm, həm yay-qış sağlamlıq turizmi imkanları kifayət qədər böyükdür. Bu da təbii ki, həm şəhərə, həm də bütövlükdə rayona daha çox turistlərin cəlb edilməsinə imkan yaradılacağından xəbər verir. Füzuli, eyni zamanda Qarabağın hava qapısıdır. Yəni bu o deməkdir ki, Füzuli şəhəri və bütövlükdə Füzuli rayonu Qarabağın və Şərqi Zəngəzurun nəqliyyat və logistik infrastrukturunun formalaşmasında xüsusi paya malikdir. Bu pay da növbəti dövrlərdə daha da artacaq. Belə ki, Zəngəzur dəhlizi, Horadiz, Zəngilan dəmir yolu xətti, eləcə də Horadiz-Ağbənd dəmir yolu və avtomobil yolunun artıq istifadəyə hazır olması ondan xəbər verir ki, rayon həm də bütövlükdə nəqliyyat və logistik baxımdan əhəmiyyətli mövqedədir. Təbii ki, bu da birbaşa Qarabağın inkişafına xüsusi töhfənin xəbərçisidir. Bütövlükdə Füzuli rayonunun bərpası, yenidənqurulması və məskunlaşma prosesi cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsidir. Çünki ölkə rəhbəri İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xaricdən borc istəmədən, daxili mənbələr hesabına Qarabağ və Şərqi Zəngəzuru qurub bərpa edir. Bu isə ondan xəbər verir ki, biz yaxın illərdə Qarabağ və Şərqi Zəngəzurda daha çox keçmiş məcburi köçkünlərin məskunlaşmasını müşahidə edəcəyik".
Nuranə DAXİLQIZI,
"Respublika".