İşğaldan azad edilmiş 10 min kvadratkilometrlik ərazilərimizdə irimiqyaslı yenidənqurma işləri həyata keçirilir
"Bütün çətinliklərə baxmayaraq, Azərbaycan işğaldan azad edilmiş 10 min kvadratkilometrlik ərazidə özünün maliyyə imkanları hesabına sıfırdan irimiqyaslı yenidənqurma işlərini uğurla həyata keçirir". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlər görüşündəki çıxışı zamanı deyib.
Dövlət başçısı yenidənqurma işlərinin planlı şəkildə davam etdiyini vurğulayıb. Qeyd edib ki, ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan indi bir sıra nəhəng çağırışlarla üz-üzədir. Azərbaycanın şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr, məscidlər təhqir olunmuş, qarət edilmişdir. Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törətmişdir.
Torpaqlarımızın işğal altında qaldığı 30 il ərzində Ermənistan öz vandallığını nümayiş etdirib. İşğal olunan ərazilərimizdəki evlər dağıdılıb və təbiət məhv edilib. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Qarabağı işğaldan azad etdikdən sonra bölgəyə həyat yenidən qayıtdı. Qısa müddət ərzində şəhər, rayon və kəndlərimizdə sürətli bərpa işləri həyata keçirildi. Bu işlər indi də uğurla davam etməkdədir.
İşğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədilə ardıcıl işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyevin həmin ərazilərə səfəri, bərpa-quruculuq işləri ilə şəxsən maraqlanması, istehsal müəssisələrinin, sosial obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak etməsi görülən işlərin sürətini artırmaqla yanaşı, keyfiyyətinin də yüksək olmasına təsir edir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, abadlıq-quruculuq işləri sırasında yolların müasir səviyyədə yenidən qurulması istiqamətində mühüm layihələr icra olunur. Ölkə başçısının imzaladığı sərəncamlar yol infrastrukturunun təzələnməsini daha da sürətləndirir.
Dövlətin planlı və mərhələli şəkildə apardığı bərpa prosesinin ilk mərhələsi olan ərazilərin minalardan təmizlənməsinə Azərbaycan Ordusunun şanlı Zəfərindən dərhal sonra başlanılıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin məlumatına görə, 2020-2022-ci illərdə 57,6 min hektar ərazi minalardan təmizlənib. Həmçinin qeyd edək ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın birinci istiqaməti işğaldan azad olunmuş 280 min hektar ərazinin 2022-2026-cı illərdə minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsini nəzərdə tutur. Bununla da həmin ərazilər tam təhlükəsiz yaşayış və sosial-iqtisadi həyatın bərpası üçün uyğun olacaq.
İşğaldan azad edilmiş ərazilərə sosial-iqtisadi həyatın geri qaytarılmasında özəl sahibkarlar əhəmiyyətli rol oynayır. Dövlət həmin ərazilərə yerli və xarici biznes nümayəndələrinin investisiya qoyması üçün əlverişli mühitin yaradılmasını prioritet istiqamətlərdən biri kimi götürüb. Bu məqsədlə, 2022-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiqlənib. Qeyd edək ki, Dövlət Proqramı hazırlanarkən mütərəqqi beynəlxalq təcrübəyə istinad olunub, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. Proqramın konkret əhatə dairəsi var: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər. Qarabağ və Şərqi Zəngəzur regionunun bərpa və yenidənqurma işləri üçün 2021-ci ildə 2,2 milyard, 2022-ci ildə 2,7 milyard manat vəsait ayrılıb. 2023-cü ilin büdcəsində isə işğaldan azad olunmuş ərazilərin bərpası üçün ötən illə müqayisədə 13 faiz daha çox, yəni 3 milyard manat nəzərdə tutulub.
Bu ərazilərdə investisiya mühitinin yaradılması üçün növbəti mərhələ sayılan fiziki infrastrukturun böyük hissəsi artıq qurulub. İşğaldan azad olunmuş ərazilər elektrik enerjisi ilə tam təmin olunub. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ölkənin vahid enerji şəbəkəsinə qoşulub. Nəqliyyat infrastukturu tam sürətlə bərpa olunmaqla, ölkənin digər şəhər və rayonlarının yol infrastukturu ilə birləşdirilir. Füzulidən Şuşaya çəkilən ilk yol infrastrukturu uğurlu start götürdü, ardınca digər yol layihələri də hazırlandı və həyata keçirildi. Azərbaycan qısa müddətdə Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut, Füzuli-Hadrut yollarında tikinti işlərinə də başladı. Bundan başqa, Xanlıq-Qubadlı yolunun da təməli qoyulub. Hazırda Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkilir. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcək. Bu sırada Bərdə-Ağdam, Füzuli-Ağdam yollarını da qeyd etmək lazım gəlir. Göründüyü kimi, nəhəng bir yol infrastrukturu aktuallıq daşıyır və davamlı olaraq həyata keçirilir. Yol ərazilərin logistik əhəmiyyətini artıran mühüm faktor olduğu üçün 2020-ci ilin noyabr ayından etibarən işğaldan azad edilmiş ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işləri də diqqətdə saxlanıldı və bu işlərin müsbət bəhrəsi kimi "Qarabağın hava qapısı" adlandırılan Füzuli Beynəlxalq Hava Limanı, az sonra isə Zəngilan Beynəlxalq Hava Limanı açıldı. Laçında Beynəlxalq Hava Limanının tikintisi sürətlə davam edir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrində ümumi uzunluğu 66 kilometrə yaxın olan 39 avtomobil tunelinin inşası həyata keçirilir.
Əhalinin infrastruktur təminatının yaxşılaşdırılması, eyni zamanda layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər görülür ki, məhz bunlar da Dövlət Proqramının əsas prioritet istiqamətlərindəndir. Həmçinin "ASAN", "DOST", kiçik və orta biznesə dəstək xidmətləri də yaradılıb. Yüksək texnologiyaların tətbiqi ilə müasir rabitə, o cümlədən telekommunikasiya və poçt şəbəkələrinin qurulması, qabaqcıl standartlara uyğun təhsil, səhiyyə və sosial xidmətlərin yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi, məşğulluq imkanlarının artırılması, insan kapitalının inkişaf etdirilməsi, sosial dəstək mexanizmlərinin geniş tətbiqi kimi vəzifələr icra olunacaq.
Doğma torpaqlarından köçkün düşmüş soydaşlarımızın geri qayıtması üçün həyata keçirilən layihələr "ağıllı kənd", "ağıllı şəhər" konsepsiyalarına əsaslanır. Bu, həm də ondan xəbər verir ki, Azərbaycan dövləti öz vətəndaşları üçün ən yüksək standartları tətbiq edir. O cümlədən, Qarabağ və Şərqi Zəngəzurda "yaşıl enerji" zonası yaradılır ki, bu da müasir qlobal çağırışların Azərbaycanda uğurla reallaşdığını göstərir. Qarabağ və Şərqi Zəngəzurda dövlət tərəfindən həyata keçirilən işlər və qarşıdakı müddət ərzində reallaşdırılması nəzərdə tutulan layihələr əsas etibarilə sosial xarakterlidir. Burada qurulan sosial infrastruktur və dövlət tərəfindən görülən digər işlər doğma yurd-yuvalarına qayıdacaq insanların rahatlığına, təhlükəsiz şəraitdə yaşamalarına xidmət edir. Dövlət Proqramında 2026-cı ilədək görüləcək işlərin miqyası kifayət qədər böyükdür. Bütün bu işlər ona görədir ki, "Böyüş Qayıdış" uğurla icra edilsin. Keçmiş məcburi köçkünlərin öz ata-baba torpaqlarında məskunlaşması dayanıqlı və əbədi olsun.
Mustafa KAMAL,
"Respublika".