Qarabağın işğaldan azad edilməsi xalqımızın ən böyük arzusu idi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində xalqımızın 30 illik torpaq həsrətinə son qoydu. Bu il sentyabr ayının 19-da ordumuzun keçirdiyi antiterror tədbirləri nəticəsində separatçı rejimə birdəfəlik son qoyuldu. Ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olundu. Bu gün hər birimizin ürəyi azad, müstəqil Azərbaycanla, doğma Qarabağla döyünür.
Tarixən Qarabağda elmə, təhsilə böyük maraq olub. İşğaldan azad edilmiş ərazilərdə əvvəllər ümumilikdə 259 məktəbəqədər təhsil, 673 ümumi təhsil, 40 məktəbdənkənar, 14 peşə təhsili, 7 orta ixtisas təhsili olmaqla 993 təhsil müəssisəsi fəaliyyət göstərib. Erməni vandalizmi nəticəsində dağıdılmış bu infrasturukturun bərpası üçün müəyyən vaxt lazımdır. Məskunlaşmanın həyata keçirildiyi ilkin mərhələdə isə yeni təhsil müəssisələrinin yaradılması, təhsil xidmətlərinin göstərilməsi vacib amildir. Çünki təhsil müəssisələri insanların həmin ərazilərdə sürətlə məskunlaşmasında, eyni zamanda xidməti vəzifələrini yerinə yetirən əməkdaşların övladlarının təhsil almasında mühüm rol oynayır.
Bu baxımdan ölkə Prezidenti cənab İlham Əliyevin Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması haqqında Sərəncamı çox mühüm əhəmiyyətə malikdir. Bu dəyərli sənəd respublikamızın hər yerində olduğu kimi, Masallının təhsil işçilərində də sevinc, ruh yüksəkliyi yaradıb. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq hazırda işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, reinteqrasiyası, dayanıqlı inkişafı və yüksək həyat səviyyəsinin təminatı üçün genişmiqyaslı bərpa-quruculuq işləri görülür. Bölgədə ixtisaslı kadr hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili həmin ərazilərin iqtisadi potensialı, eləcə də əmək bazarının tələbləri üçün də çox əhəmiyyətlidir.
Regionda əvvəllər də ali təhsil ənənəsi mövcud olmuşdur. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuş, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmişdir. Ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırmışdır.
Son vaxtlar Qarabağa qayıdışla bağlı bölgədə nüfuzlu ali təhsil ocağının yaradılması barədə fikirlər səslənirdi. Möhtərəm Prezidentimiz cəmiyyətin bu arzusunun da reallaşdırılması üçün müvafiq Sərəncam imzaladı. Nazirlər Kabinetinə 2 ay müddətində yeni universitetin nizamnaməsini təsdiq etmək, onun fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görmək, ali məktəbin Xankəndi şəhərində torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı, eləcə də Sərəncamdan irəli gələn digər məsələləri həll etməklə bağlı tapşırıqlar verdi.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları aqrar sektorun, sənayenin, turizmin inkişafı üçün böyük potensiala malikdir. Bu sahələrdə ixtisaslı kadrlara zəruri ehtiyac vardır. Yeni, modern universitetin açılması isə kadr hazırlığına güclü dəstək olacaqdır. Universitetdə tələbələrin təhsili, müasir biliklərə yiyələnmələri, tələbə şəhərciyində rahat yaşamaları üçün lazımi şərait yaradılacaqdır.
Qarabağda təkcə ali təhsili deyil, həm də orta ixtisas və peşə təhsilini inkişaf etdirmək vacibdir. Açılacaq kolleclərdə, texniki-peşə məktəblərində kənd təsərrüfatı, sənaye, inşaat, turizm, tibb, kompüter elmləri, statistika və digər sahələr üzrə kadrlar hazırlanacaq və bölgənin sürətli inkişafına təkan verəcəkdir.
Xankəndidə yeni universitetin yaradılması çox müdrik və düşünülmüş addımdır. Cənab Prezident burada beynəlxalq səviyyəli bir universitetin yaradılması üçün konkret tapşırıqlar verib. İnanırıq ki, tikinti işləri sürətlə görüləcək, Qarabağın mərkəzində beynəlxalq arenada rəqabətədavamlı yeni, müasir, modern təhsil ocağı fəaliyyət göstərəcəkdir. Burada bizim gənclərlə yanaşı, xarici ölkələrdən də tələbələr gəlib təhsil alacaq, Qarabağ tezliklə beynəlxalq səviyyəli təhsil, tədqiqat və innovasiya mərkəzinə çevriləcəkdir.
Vidadi NƏZƏROV,
Masallı Dövlət Regional Kollecinin
direktoru, "Tərəqqi" medallı.