Dövlət başçısının Xocavənd və Xocalı rayonlarına səfəri qədim yurd yerlərinin bərpasına stimul verəcək
44 günlük müharibədə məğlub olan Ermənistan kapitulyasiya aktı imzalasa da Qarabağdan silahlı birləşmələrini çıxarmamaqla yenidən münaqişə yaratmağa, münasibətlərin normallaşmasına deyil, əksinə gərginləşməsinə çalışırdı. Laçın sərhəd-buraxılış məntəqəsi qurulana qədər Azərbaycanın Qarabağ bölgəsinə minalar daşıyaraq, torpaqlarımızı zəhərləməyə davam edir, tarixi ərazimizdə qanunsuz yerləşən birləşmələrini silahlandırır, sadə vətəndaşlarını bir qrup xuntaçıların əlində girov saxlayaraq onlardan təxribat əməllərini həyata keçirmək üçün istifadə edirdi. Dövlət başçımızın dəfələrlə silahlı birləşmələrini ərazilərimizdən çıxarılması tələbinə, sülh çağırışlarına məhəl qoymayan qarşı tərəf Azərbaycanın konstitusion hüquqlarını pozur, beynəlxalq hüquqazidd hərəkətlər edirdi.
Vətən müharibəsində misilsiz şücaət göstərən qəhrəman Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu il sentyabr ayının 19-20-də birgünlük antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. 24 saat ərzində Qarabağdakı qanunsuz hərbi birləşmələr məhv edildi, separatçılar silahı yerə qoyaraq təslim oldular. Yüksək peşəkarlıqla aparılan, yalnız legitim hərbi hədəflərin məhv edildiyi antiterror tədbirlərində mülki əhaliyə və obyektlərə zərər dəymədi. Oktyabrın 15-i müasir tariximizə daha bir şərəfli səhifə kimi yazıldı. Ali Baş Komandan, Prezident İlham Əliyev separatçılardan təmizlənən Ağdərə, Xocalı, Əsgəran, Xocavənd və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı və bununla da müstəqil dövlətimiz öz ərazilərində suverenliyini tam olaraq bərpa etdi.
İşğaldan azad olunmuş əraziləri yenidən qurmaq, keçmiş məcburi köçkünlərin yurd yerlərinə qayıdışını layiqli şəkildə təmin etmək Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasətin əsas istiqamətidir. Müharibənin bitdiyi 3 il ərzində ölkə başçımızın həmin bölgələrə davamlı səfərləri çərçivəsində yaşayış yerlərinin, obyektlərin təməllərini qoyması və genişmiqyaslı yenidənqurma işlərinə birbaşa nəzarət etməsi bunu bir daha təsdiq edir. Dekabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Xocavənd və Xocalı rayonlarına səfərləri də məhz düşmən əsarətindən azad olunmuş yurd yerlərimizin inkişafının, bərpasının dövlətimizin diqqət mərkəzində olduğunun isbatıdır. Qeyd edək ki, ilk insanların yaşadıqları mağaralar, qədim yaşayış yerləri, erkən şəhər mədəniyyət qalıqları, möhtəşəm qala divarları, müxtəlif dövrlərdə inşa edilmiş türbələr, daş-qoç heykəllər kimi nadir mədəniyyət nümunələrinə malik olan Xocavənd rayonu 1923-cü ilədək Aşağı Qaranlıq adlandırılmış, 1991-ci ildə "Dağlıq Qarabağ Muxtar Vilayəti" ləğv edildikdən sonra əraziyə tarixi adı - Xocavənd adı qaytarılmışdır.
Xocavənd rayonu 1,5 milyon il yaşı olan Azıx mağarası, qədim tarixə malik Tağlar mağarası, Tuğ kəndi ərazisində yerləşən V-VIII əsrlərə aid Ritiş qalası, Ərgünəş qalası, Düdükçü kəndi ətrafında XIII əsrə aid Rzaqulu Bəy türbəsi, Xocavənd kəndi yaxınlığında Aşıqlı Qoşa günbəzi, Böyük Tağlar kəndində Alban məbədi, Tuğ kəndindəki Qırmızı məbəd kimi antik, orta əsrlər, yeni və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələri özündə yaşadır. Azərbaycanın sosial, siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan rayon 1992-ci ilin oktyabr ayında ermənilər tərəfindən işğal olunmuş, Tuğ kəndi ərazisində XII-XVII əsrlərə aid Alban kilsələri, I-V əsrlərə aid Alban qəbiristanlıqları, "Dəmrov", "Dağdağan" ocaqları, Xocavənd kəndi ərazisində yerləşən "Cicim" ocağı, Bəhrəmli kəndi ərazisində yerləşən "Bəhmənli" piri, Muğanlı kəndində yerləşən "Seyid Rza" günbəzi, Qaradağlı kəndi ərazisində "Yel" piri erməni işğalçıları tərəfindən vəhşicəsinə dağıdılmışdır.
Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa, Xocalı rayonları ilə həmsərhəd olan rayon Xocavənd şəhəri, Qırmızı Bazar və Hadrut kimi iki böyük qəsəbə və 81 kənddən ibarətdir. Dekabrın 20-də Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə Xocavənd rayonuna səfəri zamanı təbii sərvətlər, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngin, böyük kənd təsərrüfatı və turizm potensialına malik, Qırmızı Bazar qəsəbə inzibati dairəsinə daxil olan Şıx Dursun kəndində olub, həmçinin 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Xocalı rayonunun qədim tarixə malik, eramızın əvvəllərində Şimali Qafqazda yaşamış türkdilli tayfaların məskunlaşdığı Şuşakənd kəndinin ərazisinə də baxış keçirib.
30 illik işğala son qoyan, Azərbaycanın gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirən Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün uğurla həyata keçirilir. Reallaşdırılan layihələr, görülən işlər isə əhatəli və genişmiqyaslıdır. Maddi və mədəni dəyərlərimizin, tarixi abidələrimizin bərpası isə bu işlərin mühüm tərkib hissəsidir. Respublikamızın hər bölgəsi inkişaf etdirilir. Ölkə başçımızın işğaldan azad olunmuş ərazilərimizə davamlı səfərləri bu yerlərdən erməni vandalizminin izlərinin silinməsi, tarixi yurd yerlərimizin dirçəldilməsi ilə müşayiət olunur. Bütün bunlar bir daha təsdiq edir ki, işğaldan azad olunmuş əraziləri qısa müddət ərzində sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirmək, rayonları, kəndləri, qəsəbələri, bütün yaşayış yerlərini tezliklə bərpa etmək, bir sözlə, Qarabağı yenidən qurmaq güclü dövlətin, güclü liderin sayəsində mümkündür .
Mehparə ƏLİYEVA,
"Respublika".