Azərbaycanın ərazi bütövlüyünü 2022-ci ilin oktyabrında "Avropa Siyasi Birliyi"nin Zirvə Toplantısında Ermənistan rəsmən tanıdı
"...Keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Yəni qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır. O da nəyi göstərir? O da göstərir ki, müttəfiq respublikalar arasında olan sərhədlər dövlət sərhədləri sayılır. Beləliklə, bax, bu rəsmi addımı atmaqla Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il aprelin 18-də Neftçala və Salyan rayonlarına səfəri zamanı yerli televiziya kanallarına müsahibəsində bildirib.
2022-ci il oktyabrın 6-da Çexiya Respublikasının paytaxtı Praqa şəhərində "Avropa Siyasi Birliyi" Zirvə Toplantısında Azərbaycan-Ermənistan münasibətləri müzakirə obyekti oldu. Azərbaycan Prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan dördtərəfli görüşün nəticələri Azərbaycanın növbəti diplomatik qələbəsi kimi qiymətləndirildi.
Qeyd edək ki, "Avropa Siyasi Birliyi" yeni təşəbbüs olaraq qitənin ölkələri arasında siyasi əlaqələndirmə platforması kimi yaradılıb. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Təbii ki, Azərbaycanın Zirvə Toplantısına dəvət olunması ölkəmizin dünyada və Avropada getdikcə artan nüfuzundan xəbər verir və Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində əsas aktorlardan biri kimi çıxış etdiyini göstərir.
Beləliklə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla həm də ölkəmizin Qarabağ üzərində hakimiyyətini də tanımış oldu. Ancaq bu görüşün ən uğurlu məqamlarından biri havadarlarının, o cümlədən üzdə daim dialoq tərəfdarı olan Fransanın dəstəyilə regional siyasi coğrafiyada qonşu dövlətlərə, xüsusən də Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən, şər və böhtan kampaniyalarını dövlət siyasətinin əsasına çevirən Ermənistanın Azərbaycanın 86.6 min kvadratkilometr ərazisini məhz ilk dəfə Praqa Zirvə Toplantısında tanıması idi. Elə həmin görüşdən sonra erməni siyasətçisi Vahe Ovannesyan demişdi: "...nəinki üç milyon, hətta erməni xalqının gələcək nəsillərinin taleyi belə İlham Əliyevin əlindədir. Artıq yalanlar bitdi, biz bu reallığı qəbul etməliyik. Ya yaşayırıq, ya da köçəri kimi mövcud oluruq".
Ermənistanın baş nazirinin o addımından sonra sülh danışıqlarına başlanmasına ümidlər artdı. Prezident İlham Əliyev Praqada Azərbaycan telekanallarına verdiyi müsahibəsində xüsusi olaraq vurğuladı ki, yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar və artıq bu ilin sonunadək razılaşmaya nail oluna bilər. Əlbəttə ki, sülh müqaviləsində Qarabağın erməni əhalisinin müqəddəratı barədə heç bir müddəa yer ala bilməz. Çünki bu, Azərbaycanın daxili məsələsidir və Azərbaycan bu mövzuda heç bir ikinci tərəflə müzakirələr aparmaq niyyətində deyil. Kommunikasiyaların açılması, konkret olaraq Naxçıvana quru yolun verilməsi məsələsi də hazırlanacaq sülh müqaviləsinin bir hissəsi ola bilməz. Belə ki, bu, Ermənistanın 2020-ci il noyabrın 10-da üzərinə götürdüyü, amma yerinə yetirmədiyi öhdəlikdir və mahiyyətcə kommunikasiyalar indiyədək artıq açılmalı idi.
Praqa görüşünün sonunda bəyanat da qəbul edilib və həmin bəyanatda da deyilir: "Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir. Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib