İkinci Qarabağ müharibəsinin artıq 3 ili tamam olur. Bu zaman kəsiyində Azərbaycan bir sıra postmüharibə reallıqları ortaya qoyub: sərhədlərin delimitasiyası, sülh, bərpa, yenidənqurma işləri, Böyük Qayıdış...
Şübhəsiz ki, müharibə sadəcə olduğu dövrü yox, həm də özündən sonrakı zamanlara da böyük təsir göstərir. Normallaşma prosesi, qələbə və ya məğlubiyyət hissi, yenidənqurma işləri, maliyyə məsələləri, digər dövlətlərin ərazi bütövlüyünü tanıması və s. xüsusi diqqət tələb edir. Müharibədən sonra demək olar ki, ən mühüm məsələ sərhədlərin qarşılıqlı olaraq tanınması, delimitasiya məsələsidir. Bu mənada çoxtərəfli və ikitərəfli görüşlərin keçirilməsi, dövlətlərin ortaq qərara gəlməsi mütləqdir.
Ötən il mayın 24-də Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin sərhəddə görüşü baş tutub. Bu, Qriqoryanla Mustafayev arasında delimitasiya və sərhəd təhlükəsizliyi komissiyalarının işi çərçivəsində ilk danışıqlar olub. Görüşdə komissiyanın birgə fəaliyyətinin təşkilati və prosedur məsələləri müzakirə edilib. Sərhədlə bağlı atılan bu addımları Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də müsbət qiymətləndirib.
İyulun 12-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın dördüncü görüşü keçirilib. Tərəflər Azərbaycan və Ermənistanın rəhbərləri səviyyəsində müxtəlif formatlarda əldə edilən razılaşmaları nəzərə alaraq, delimitasiya məsələlərinin müzakirəsini davam edib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər. Həmçinin burada komissiyaların növbəti görüşünün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər. Həmçinin qeyd edək ki, komissiyanın 2022-ci il mayın 24-də iki ölkənin sərhədində, avqustun 30-da Moskvada, noyabrın 3-də Brüsseldə görüşləri keçirilib.
Görüşlərin nəticəsi olaraq onu deyə bilərik ki, Ermənistan tərəfi artıq həqiqətləri qəbul etməyə başlayıb. Belə ki, bu ilin mayında baş tutan üçtərəfli görüşün sonunda Hayastan tərəfi Azərbaycanın 86,6 min kvadratkilometr və Ermənistanın 29,8 min kvadratkilometrlik ərazi bütövlüyünə sadiqliyini təsdiqləyiblər. Bu, o deməkdir ki, Paşinyan hakimiyyəti Azərbaycanın ən azı 86.6 min kvadratkilometr ərazisini tanımaqla Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən və açıq şəkildə qəbul edib. Lakin bu zaman belə bir sual ortaya çıxır ki, əgər Ermənistan tərəfi reallıqları qəbul edirsə nəyə görə sülhə doğru dəqiq addımlar atmır?
Belə olduğu təqdirdə regionda gərginlik artır və bölgədə yaşayan insanların həyat səviyyəsi aşağı enir. Bununla bağlı ölkə başçısı bildirib: "Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar manipulyasiyanın girovu olmağa son qoyacaqlar. Həmçinin onlar başa düşməlidirlər ki, bizi saymamağa davam etsələr, bizim mövcud olmadığımız kimi davranmağa davam etsələr və ya "prezidenti", "nazirləri", "parlamentariləri" olan qondarma ölkədə yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək. Bütün bunlar yalandır. Biz onlara normal həyat təklif edirik. Düşünürəm ki, onlar mənə qulaq assalar başa düşəcəklər və bilirlər ki, mən sözümə əməl edirəm".
Prezident İlham Əliyev daim sözünü tutan lider kimi, bu günə qədər xalqımızın bütün arzu və istəklərini yerinə yetirib, onların rifahı üçün sərkərdə kimi vuruşub. Dövlətimizin başçısı müharibədən öncəki dövrdə bildirirdi ki, Qarabağ Azərbaycandır və vaxtı gələndə biz öz doğma torpaqlarımıza qovuşacağıq. Biz bu reallığın artıq 3 ildir ki, əyani şahidiyik. Bu gün yüzlərlə vətəndaşımız artıq öz doğma torpaqlarına qayıdıb. Hazırda Qarabağ ərazisində yüksək səviyyəli yenidənqurma işləri davam edir. Bir çox kəndlər ən son texnologiyalarla təchiz olunub. Prezident İlham Əliyev 2021-ci ildə Şuşa şəhərinə səfəri zamanı görülən işlərlə tanış olarkən deyib: "Artıq Vaqifin məqbərəsində işlərə start verilib. Layihəyə baxmışam. Tarixi bərpa edirik. Layihəni Heydər Əliyev Fondu öz vəsaiti hesabına, fonda məxsus zövqlə Mehriban xanımın rəhbərliyi ilə icra edəcək".
Ölkə başçımızın bu sözlərindən sonra artıq Qarabağda sözün əsl mənasında həyat yenidən canlanıb. Görülən işlər, aparılan islahatlar bu gün özünü büruzə verir. Doğma torpaqlarımızın yenidən canlanması uzunmüddətli, lakin şərəfli bir yoldur.
Ölkə başçımızın 2021-ci ildə Qarabağ bölgəsinə 32 səfəri olub. Şübhəsiz ki, ölkə başçımız bu günə qədər verdiyi bütün vədləri, sözləri yerinə yetirib. İlk gündən yenidənqurma məsələsi prioritet olub. Şuşa şəhərindəki "Qarabağ" hoteli, Bülbülün ev-muzeyi və büstü, Molla Pənah Vaqifin məqbərəsi, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ev-muzeyləri açılıb, heykəlləri qoyulub. Həmçinin "Xarıbülbül" hoteli istifadəyə verilib, yeni hotel və muzey mərkəzlərinin təməli qoyulub. Bununla yanaşı, Zəfər yolunun tikintisi də başa çatıb, 15 fərqli layihə üzrə 1400 kilometrdən artıq uzunluqda yolların, habelə telekommunikasiya şəbəkələrinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə işlər sürətlə davam edir. Hazırda Qarabağ İqtisadi rayonunda ümumi uzunluğu 513 km olan 10 avtomobil yolu layihəsi həyata keçirilir. Bununla yanaşı, həmin bölgədə 157,5 km uzunluğunda iki dəmiryolu layihəsi də reallaşdırılır. Həmçinin Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu layihələrinin də tikintisinə başlanılıb. Rayon ərazisində 35 və 110 kVt-luq 7 yarımstansiya, 5 su anbarı inşa edilib, hansı ki, həmin anbarlardan iki magistral su kanalı çıxır.
Şübhəsiz ki, bu şərait vətəndaşlarımız üçün olduqca əlverişlidir. Bugünə qədər Ağalıda, Talış kəndində, Laçının bir sıra kəndlərində həmyerlilərimiz məskunlaşıb.
Hazırda orada yaşayan vətəndaşlar işlə təmin olunub, bütün ehtiyacları qarşılanıb. Şübhəsiz ki, Qarabağ bölgəsindəki, həmçinin bölgədəki erməni əhalisinin rifahı üçün əsas prioritet sülh məsələsidir. Buna əsasən konstruktiv danışıqlar davam etməlidir. Rəsmi Bakının mövqeyi bəlli və dəyişməzdir. Lakin Hayastan hələ də qeyri-konstruktiv mövqe nümayiş etdirir, Azərbaycanla sülh müqaviləsi imzalamaqdan boyun qaçırır. Paşinyan hakimiyyəti sülhə addım atmayana qədər, təəssüf ki, bölgədə gərginliklər davam edəcək. Ermənistan mütləq şəkildə vandalizm aktlarına son verməli və sülh danışıqlarında müsbət addım atmalıdır. Əks təqdirdə, bunun sonu heç də yaxşı olmayacaq. Çünki istər hərbi, istərsə də, siyasi cəhətdən ölkəmiz Hayastandan qat-qat güclüdür. Buna əsasən də, Paşinyan hakimiyyəti daha çox insanı gözüyaşlı qoymaqdan əl çəkməli və lazımi addımları atmalıdır. Lakin israrla sülhdən boyun qaçırarsa, əlbəttə ki, Azərbaycan da artıq xoş niyyətini bir kənara qoyacaq. Bunu mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda çıxışı zamanı Prezident İlham Əliyev bildirib: "Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq. Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaqlar, sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər".
Bu günə qədər Brüssel, Moskva və Vaşinqton da daxil olmaqla bir çox görüşlər keçirilib. Hazırda iki tərəfin də ortaq məxrəcə gəlməsi üçün yeni yol xəritələri hazırlanır. Bu baxımdan, bu ilin mayında baş tutan Vaşinqton görüşü xüsusi əhəmiyyət kəsb edir. ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə iki ölkənin XİN başçıları ilə görüş keçirilib. Ceyhun Bayramov və Ararat Mirzoyan, həmçinin onları müşayiət edən nümayəndə heyətinin üzvləri aparılan danışıqlar əsasında Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə ediblər. Görüş tam olaraq gözlənilən nəticəni verməsə də, bundan əvvəlkilərə nəzərən məhsuldar olub. Bundan əvvəlki Brüssel və Moskva görüşlərindən fərqli olaraq Vaşinqton mərhələsi 4 gün davam edib.
Digər önəmli və xüsusi əhəmiyyət kəsb edən görüş isə mayın 14-də baş tutan Brüssel görüşü olub. Sayca 5-ci olan bu görüşdə bir çox məsələlərin həll yolu tapılmasa da ciddi addımlar atılıb. Görüşdə Prezident İlham Əliyev və Nikol Paşinyan iştirak edib. İlk növbədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşən ölkə başçımız son aylarda yaşanan Azərbaycan-Ermənistan münasibətləri haqqında da söhbət açıb. 4 saatlıq görüşdən sonra mətbuata açıqlama verən Aİ Şurasının Prezidenti Şarl Mişel gündəlikdəki bütün məsələləri nəzərdən keçirdiklərini və iki ölkənin də Cənubi Qafqazda sülhün formalaşmasına dair ortaq mövqedə olduğunu bildirib: "Bu yaxınlarda Birləşmiş Ştatlarda sülh müqaviləsi üzrə aparılan müsbət danışıqlardan sonra Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinin imzalanması istiqamətində qətiyyətli addımların atılması sürətləndirilməlidir. Sərhəd məsələsinə gəlincə, biz sərhədin delimitasiyası ilə bağlı irəliləyişləri və növbəti addımları nəzərdən keçirdik. Bu kontekstdə liderlər sərhəd məsələlərinə dair ikitərəfli görüşlərin bərpası barədə razılığa gəliblər. Liderlər 1991-ci il Almatı Bəyannaməsinə, eləcə də Ermənistanın və Azərbaycanın müvafiq ərazi bütövlüyünə birmənalı sadiq olduqlarını təsdiq etdilər".
Ölkə başçımız sülh mövzusunda ciddi atdımlar atmağa davam edir. Prezident İlham Əliyevin göstərişi ilə Qarabağ ermənilərinin nümayəndələri ilə təmas qurmaq üçün xüsusi nümayəndə təyin edilib və o, Qarabağa göndərilib. Birinci görüş məhz orada, Xocalı qəsəbəsində Rusiya sülhməramlı kontingentinin bazasında baş tutub. Daha sonra Qarabağ ermənilərinin nümayəndələri dialoqu davam etdirmək üçün Bakıya dəvət edilib. Lakin onlar imtina ediblər. Müəyyən vaxtdan sonra onlar yenidən dəvət edilib. Prezident İlham Əliyev əlavə edib ki, ola bilərdi ki, hansısa səhv olub, onların həqiqətən də bunu istəmədiklərinə əmin olmaq məsələsində yanlışlıq ola bilərdi. Lakin onlar yenə də imtina ediblər. Ölkə başçımız vurğulayıb ki, üçüncü dəvət olmayacaq. İstəmirlərsə, demək, istəmirlər. Görünür həmin görüşün Qarabağ iqtisadi rayonunda məskunlaşmış ermənilərin reinteqrasiyasının həyata keçirilməsi, əhalinin mövcud ağır sosial problemlərdən, həmçinin separatçıların təzyiqlərindən qurtulması baxımından əhəmiyyətli ola biləcəyini anlaya bilməyiblər. Məlum məsələdir ki, reinteqrasiya prosesinin həyata keçiriləcəyi təqdirdə regionda yeni iqtisadi inkişaf dövrü başlayacaqdı.
Şübhəsiz ki, hazırda Qarabağda yaşayan erməni icmasının Azərbaycana reinteqrasiyaya meyil etməməsi onların vəziyyətini daha da çətinləşdirir. Əminik ki, qısa zaman ərzində orada yaşayan ermənilər İlham Əliyevin müraciətlərinə müsbət yanaşacaq və lazımi addımlar atacaqlar. Nəhayət anlayacaqlar ki, yeganə yol sülh və reinteqrasiyadır.
Töhfə SƏMƏDOVA,
"Respublika".