Politoloq: “Ermənistan bu hərəkətləri tək başına etmir
Gündəm

Politoloq: “Ermənistan bu hərəkətləri tək başına etmir"

“Ermənistanın BMT-dəki daimi nümayəndəsinin beynəlxalq təşkilatın mənzil qərargahında bir çox dövlətlərin nümayəndələri ilə birgə gizli toplantı keçirməsi və qapının önünə mühafizə qoyularaq içəriyə heç kimin buraxılmaması ilə bağlı Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin bir neçə gün öncəki münasibəti tamamilə haqlı idi”.

Bu sözləri “Respublika”ya verdiyi açıqlamada politoloq Oqtay Qasımov bildirib.

O, qeyd edib ki, beynəlxalq təşkilatın platformasında bu tipli gizli işlər çevirmənin, yaxud qapalı bu cür görüşlərin keçirilməsi və ora heç kimin buraxılmaması, əlbəttə, diplomatik etiketə sığan bir hərəkət deyil: “Ermənistan bu hərəkətləri tək başına etməyib. Onu dəstəkləyən BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri kimi Fransanın önəmli bir rolu var və keçirilən bu görüşün müzakirələrin əsas məqsədi, əlbəttə ki, bəllidir. Belə ki, ayın 16-da Ermənistanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında Laçın yolundakı vəziyyətlə bağlı müzakirələr keçirilib. Burada Ermənistan istədiyi nəticələri almayıb və bu, erməni diplomatiyası üçün  məhsuldar bir görüş olmayıb. Qeyd etdiyimiz kimi, nəticələr düşünüləndən tam fərqli oldu. Belə ki, çıxış edən dövlət nümayəndələrinin əksəriyyəti Ermənistanın bu iddiasını qəbul etmədilər və Qarabağı Azərbaycan ərazisi kimi tanıdılar. Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadənin vacibliyi xüsusi qeyd edilməlidir. Bütün bunlara baxmayaraq, Ermənistan və Fransa növbəti dəfə qarşıdakı günlərdə bu məsələni təkrar Təhlükəsizlik Şurasının gündəminə çıxarmağa cəhd edəcəklər ki, bununla bağlı Fransa mətbuatı məlumatlar yayıb. Ümumiyyətlə, ermənilər və onu dəstəkləyən dövlətlər tərəfindən belə addımların atılacağı təəccüblə qarşılanmamalıdır. Biz bu cür hərəkətlərə və məsələlərə hazır olmalıyıq və bununla bağlı adekvat tədbirlərimizdə olmalıdır. Nəzərə almalıyıq ki, Qarabağda proseslər finala doğru getdikcə Azərbaycana qarşı təzyiqlər daha da artacaq və bu cür beynəlxalq təşkilatlarda və platformalarda təzyiqi artırmaq üçün ermənilər və onu dəstəkləyən havadarları, xüsusilə də Fransa əllərindəki bütün imkanlardan istifadə etməyə çalışacaqlar. Bütün bunlarla yanaşı, hesab edirəm ki, bizim BMT-dəki nümayəndəliyimiz də bu cür fəaliyyətlərə qarşı özünün müəyyən hazırlanmış proqram əsasında fəaliyyətlərini davam etdirməli və ermənilərin bu kimi addımlarını neytrallaşdırmağa çalışmalıdır”.

Töhfə SƏMƏDOVA,

"Respublika".