Moldovanın paytaxtı Kişineuda Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Ermənistanın baş naziri Nikol Paşinyan, Almaniyanın kansleri Olaf Şolts və Fransanın dövlət başçısı Emmanuel Makron arasında keçirilmiş beştərəfli qeyri-rəsmi görüşdə regional nəqliyyat və iqtisadi infrastrukturların blokadadan çıxarılması, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası üzrə işlər, münasibətlərin tənzimlənməsi, Qarabağ əhalisinin hüquq və təhlükəsizliyi, habelə humanitar məsələlər müzakirə edilib. Eyni zamanda iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə görüş planlaşdırılıb.
Kişineuda keçirilən görüşdə həlledici bir nəticə hasil olmadı. Yeganə yenilik bu idi ki, danışıqlarda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ənənəvi moderator, Fransa Prezidenti Emmanuel Makron Cənubi Qafqazda ölkəsinin gizli gündəmini həyata keçirən fiqur olub. Almaniya kansleri Olaf Şolts Fransanın regional və qlobal ambisiyalarının Azərbaycana tuşlanan oxlarını neytrallaşdıran tərəf hesab olunurdu. Yekunda Ş.Mişel koordinasiyaedici idi, Makron və Şolts isə qeyri-formal tərəf kimi çıxış etmək məcburiyyətində qaldılar. Ermənistanın baş naziri Nikol Paşinyan Moldovadakı erməni icması ilə görüşməkdən imtina edib. O, bu addımı ilə erməni icmasının ona ünvanlayacağı ittihamedici suallardan yayınmaq istəyib.
İndi ermənilər belə qənaətə gəliblər ki, baş nazirləri Azərbaycan Prezidentinə hər dəfə uduzmağı ənənə halına salıb və artıq işğaldan azad edilən torpaqlardan, ərazilərdən, Qarabağdan Nikol Paşinyan imtina da edib, həmin ərazilərin Azərbaycan xalqına məxsus olmasını qəbul etməklə də, eyni zamanda guya öz xalqından da imtina edib. Bu fikirlər Ermənistan cəmiyyətində formalaşıbsa, deməli, erməni baş nazirin hansı halda, hansı rüsvayçı durumda olduğu bəllidir.
Ermənistanın baş naziri N.Paşinyan məhz işğalçı və təcavüzkar siyasətin daşıyıcısı və iştirakçısı olduğu üçün ilk siyasi iflasa Münhen Təhlükəsizlik Konfransında uğradı. Dövlət başçıları arasında keçirilən ilk ictimai debatda Azərbaycan Prezidenti cənab İlham Əliyev məhz haqlı tərəfin təmsilçisi olduğu üçün haqq və tarixi ədaləti, beynəlxalq hüququn tələblərini yüksək siyasi və peşəkar diplomatik səviyyədə Ermənistanın dövlət başçısına başa saldığına görə Paşinyan bütün dünyanın gözü önündə aciz və çıxılmaz duruma düşdü. Ortada olan odur ki, bu gün ölkəsinin baş naziri olaraq guya sülh sazişi imzalamaq üçün canfəşanlıq edir. İndi o, buna məcburdur. Onu buna Azərbaycanın yaratdığı yeni reallıqlar vadar edir. "Qarabağ Azərbaycandır" deyir. 3 il əvvəl bu vaxtlar isə "Qarabağ Ermənistandır, nöqtə" deyirdi. İndi o, Brüssel və Moskva arasında oynayır. Hətta burada İran faktoru da var. Məhz buna görə də Paşinyan manevr edə bilmir, çoxlu səhvlər buraxır. Onun buraxdığı ən böyük səhv Azərbaycanla razılaşdırılmış məsələlərdən tez-tez yayınmasıdır. Bir tərəfdə ABŞ, digər tərəfdə Avropa ölkələri və Rusiyanın Ermənistana diktə etməsi Paşinyanı çıxılmaz vəziyyətə salıb. O, gah Qərbin tezislərini təkrarlayıb Rusiyanı pisləyir, daha sonra Moskvanın irəli sürdüyü təkliflərə boyun əyərək, Kremllə eyni mövqedən çıxış edir. Belə qeyri-müəyyən vəziyyət Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını əngəlləməklə yanaşı, İrəvanın özünü də böyük bir təhlükə ilə üz-üzə qoyur.
Moskvada keçirilən Ali Avrasiya İttifaqı Şurasının toplantısında Ermənistan baş naziri Nikol Paşinyanın Prezident İlham Əliyevin çıxışına gözlənilmədən şərh verməyə çalışması Ermənistan liderini bir daha pis vəziyyətə salmışdı. Paşinyanın yersiz müdaxiləsinə İlham Əliyevin ilk reaksiyası diqqətdən yayınmamışdı. İlham Əliyevin gülməkdən özünü zorla saxladığı hiss edilirdi. Bunun ardınca isə İlham Əliyevin ona cavabı da maraqlı olmuşdu. Qeyd edək ki, Paşinyanın diplomatik etikadan kənar olan qeyri-peşəkar müdaxiləsi və özünü rusca ifadə etməkdə çətinlik çəkməsi iclasda iştirak edən digər liderlərin də gülüşünə səbəb olmuşdu