İkiüzlü Ermənistan hakimiyyəti Qərblə Rusiya arasında vurnuxur. Bu ölkənin siyasi hakimiyyətinin regional hadisələrə, xüsusən Azərbaycanla münasibətlərin normallaşmasına konkret baxışı və mövqeyi yoxdur. Bu, rəsmi İrəvanın ardıcıl siyasət yürütmədiyinin göstəricisidir. Verdiyi açıqlamaları, əməlləri ilə Nikol Paşinyan ikiüzlü, riyakar xislətini hər dəfə sübut edir. Onun 2019-cu il avqustun 5-də “Qarabağ Ermənistandır. Nöqtə" deyimi, sonra isə 2023-cü il mayın 22-də “Biz Qarabağ da daxil olmaqla, Azərbaycanın 86 min 600 kvadratkilometr ərazi bütövlüyünü tanımağa hazırıq” bəyanatını dilə gətirsə də, indi yenidən əsassız açıqlamaları ilə regionda vəziyyəti gərginləşdirməyə çalışır.
Bu barədə “Respublika”ya verdiyi açıqlamada deputat Elşad Mirbəşiroğlu bildirib ki, Paşinyan sadəcə olaraq müəyyən reallıqların təsiri altında bəyanatlar vermək məcburiyyətindədir: “O, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə qeyd edib və bunu Brüssel platformasında da səsləndirib. Təbii ki, Ermənistan hər zaman səsləndirdiyi mövqelərə zidd olan davranışlar sərgiləyir. Paşinyandan öncə də Ermənistan rəhbərliyi həmişə özlərini dünyaya sülh tərəfdarı kimi təqdim etməyə çalışıb, Azərbaycanın isə mənfi obrazını formalaşdırmaq üçün kompleks fəaliyyət göstərib, bu istiqamətdə bütün resurslarını səfərbər ediblər. Bu gün də Paşinyan ilk baxışda bəyanatlar verməklə, Azərbaycana qarşı, siyasi, qərəzli, mövqelərin formalaşdırılmasına çalışır. Yəni Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirir və belə olan halda, guya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini Azərbaycan əngəlləyir. Yəni guya Ermənistan tərəfdə heç bir problem yoxdur , məsələni sülh yolu ilə həll etməyə çalışır və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu, sadəcə olaraq sözdə bəyanatdır. Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, fikir, mövqe səsləndirmək yetərli deyil, kağız üzərində onu imzalamaq lazımdır. Bu halda biz Ermənistanın həqiqi mövqeyini görmüş olacağıq. Paşinyan bəyanatlarının ardınca elə bir mövqe sərgiləyir ki, əvvəlki səsləndirdiyi fikirlərlə daban dabana ziddiyyət təşkil edir. Faktiki olaraq Paşinyan hökuməti fəaliyyət planında istiqaməti kimi Azərbaycan ərazisində separatçıları dəstəkləməyi müəyyən edibdir. Əsas ziddiyyət elə burdan meydana gəlir. Daha doğrusu, paşinyanın siyasi riyakarlığı və ikiüzlülüyü burdan ortaya çıxmış olur”.
"Son olaraq sentyabr ayının ikisində Paşinyan bildirdi ki, Qarabağdakı ermənilərin statusları bəlli olmadan sülh haqqında danışmaq olmaz, yəni mahiyyət etibarilə belə bir qənaət hasil olur. Bu o deməkdir ki, yenə də Paşinyan özünün qeyri-konstruktiv mövqeyindədir və o, sadəcə olaraq imitasiyalarla məşğuldur. Paşinyanın iştirakı ilə keçirilən müzakirələr mahiyyət etibarilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində heç bir irəliləyişə gətirib çıxara bilməz. Çünki Paşinyan da sələfləri kimi, Azərbaycana qarşı düşmənçilik mövqeyindədir, işğalçı, təxribatçı obrazlarını öz üzərlərində saxlamaqdadır. Bu baxımdan biz aydın görürük ki, Ermənistan elə kənar dairələrin əlində bir alət rolunda çıxış etməklə, Cənubi Qafqaz regionunda gərginliyin qalmasında maraqlıdır. Ermənistan çox yaxşı dərk edir ki, Azərbaycan ərazisində yaşayan ermənilərin statusundan söhbət belə gedə bilməz. Digər xalqların nümayəndələri hansı statusa malikdirlərsə, digər vətəndaşlarımız kimi, elə azərbaycanlıların özləri kimi ermənilər də o statusa sahib olaraq Azərbaycan ərazilərində mövcud olacaqlar. Yəni əlavə olaraq ermənilərin vəziyyəti istiqamətində addımların atılması ümumiyyətlə, müzakirə predmeti deyil. Biz dəfələrlə qeyd etmişik ki, ermənilərin vəziyyəti bizim daxili işimizdir, bu məsələyə kimsə qarışa bilməz. Amma biz görürük ki, bəlli dairələr ermənilərin vəziyyəti üzərindən özlərinin geosiyasi ambisiyalarını həyata keçirmək üçün siyasi spekulyasiyalarını davam etdirirlər”.
Röya RÜSTƏMLİ,
“Respublika”.