Paşinyan Qərbi aldadır, yoxsa tarixin təkərrürü?
Siyasət

Paşinyan Qərbi aldadır, yoxsa tarixin təkərrürü?

Paşinyan növbəti tamaşasını Strasburqda AŞPA-nın "teatr"nda sərgiləyib. Adı "sülh" olan bu tamaşanın sujet xətti isə iki hissəyə ayrılır. Birinci pərdə Paşinyan guya sülh istədiyini bildirərək Azərbaycanla əlaqələri yenidən qurmaq istəyir. Bu məqsədlə ölkələr arasında gediş-gəlişin bərpa edilməsi barədə danışan Nikol "bəy" dəhlizin açılmasına razılıq barədə bəzi fikirlər səsləndirir. Tamaşanın birinci hissəsində qeyri-peşəkar aktyor bəzən suflyoru başa düşmədiyi üçün səhvən dəhliz sözü əvəzinə "yol", "Qarabağı tərk edən erməni sakinləri" sözü əvəzinə isə "qaçqın" sözlərindən istifadə edir.

Əvvəlcədən planlaşdırılmış şəkildə lobbinin maliyyə yardımları ilə "qabaq sırada əyləşənlər" və teatrın səs akustikaları vasitəsilə alqış toplayan aktyor beləcə tamaşanın birinci hissəsinə yekun vurur. İkinci hissədə isə fərqli ab-hava müşahidə olunur. Belə ki, Nikol rəhbərlik etdiyi 2018-ci ildən bu yana bütün sahələrin inkişaf etdiyinin bildirməsinə baxmayaraq, ölkəsinin yardıma ehtiyacı olduğunu da qeyd edib. Beləliklə, tamaşanın ikinci hissəsinin əvvəlində verilən reqlament tamaşanın süjet xəttini müəyyənləşdirib: "Dilənçilik". Bütün tamaşa boyu etdiyi hoqqabazlığın və riyakarlığın əsas məqsədi qərbdən  pul dilənmək olan Nikol bu mesajı dinləyicilərə sona yaxın verib. Qərbə yönələn Nikolun bu və indiyə qədər göstərdiyi tamaşalarda isə unutduğu bir məqam var: "Kənar güclərə həmişə güvənmək olmaz".

Baş nazir Nikol Paşinyanın timsalında Ermənistanın unutmamalı olduğu bəzi danılmaz tarixi keçmişi faktlar var: bu gün bəh-bəhlə Ermənistana dəstək verən Avropa Parlamenti 2005-ci ildə Azərbaycanın işğal olunmuş ərazilərində hökm sürən vəziyyətlə bağlı qətnamə qəbul edib. İndi Ermənistanın arxalandığı bəzi dövlətlər keçmişdə ermənilərə birbaşa və ya müxtəlif yollarla badalaq gəlib. Son dövrlər Azərbaycana qarşı qərəzli siyasət yürüdən, öz ölkəsində ermənilərin Azərbaycan səfirliyinin qarşısında təxribat törətmələrini sadəcə izləyən və dəfələrlə ermənilərə humanitar yardım göstərən Argentina dövləti haylarla hər zaman bu qədər dərindən maraqlanmayıb. Yəqin ki, siyasətlə maraqlanan hər kəs "qəbul edilməyən prezidentin siyasi faciəsi"ni  bilir. 2014-cü ildə Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyan öz ölkəsinə sərmayə adı altında "dilənçilik" missiyası məqsədilə Argentinaya səfər edib. Sarkisyana hörmətsizlik elə Argentinaya ayaq basdığı ilk dəqiqələrdən göstərilib. Protokol qaydaları ilə qarşılanmayan Ermənistan prezidenti və onun nümayəndə heyəti Buenos-Ayres hava limanında yoxlanılıb. Argentina mətbuatı yazırdı ki, Sarkisyanın yerləşdirilməsi ilə bağlı da problem yaranıb və o, bir saatdan artıq mehmanxananın foyesində gözlədilib. Səfər etdiyi ölkənin dövlət və hökumət nümayəndələri ilə görüşəcəyini zənn edən Sarkisyan bir neçə saat da hotel otağında gözləməli olub. Ancaq nəzərdə tutulan görüşlər baş tutmayıb, Sarkisyanı qarşılamağa isə məmur tapılmayıb. Çünki dünya çempionatının ən qızğın vaxtında Argentina Prezidenti iyulun 14-də ölkəsinin milli komandasının yarımfinal matçını izləməyə gedib. Və təbii ki, bu, Ermənistanın "dilənçilik" haqqında sərsəm hekayəsini dinləməkdən daha yaxşı idi. Argentinada başı daşa dəyən Ermənistan prezidenti Serj Sarkisyan həmin dövrdə dünyanın ən kasıb prezidenti sayılan Uruqvayın lideri Xose Alberto Muika Kordano ilə görüşüb. Beləliklə, Kordano ilə görüşən Sarkisyan Ermənistana sərmayə qoymağı təklif edib. Yəni Ermənistan lideri hələ də kənd evində yaşayan və dünyanın ən kasıb prezidenti hesab edilən Kordanodan yardım istəyib. Lakin buradan da umduğunu əldə edə bilməyən Serjik peşman halda vətənə qayıdıb.

Qısaca göstərilən faktlar da onu ifadə edir ki, bəzi dövlətlər ermənilərdən özlərinin islamofob məqsədləri və korrupsiya  təhlükəsi zamanı lobbinin maliyyəçilik strategiyasından bəhrələnmək üçün istifadə edir. Bu siyasi avantüra isə heç şübhəsiz Ermənistanı uçuruma sürükləyir. Paşinyan əgər düşünürsə ki, bu yollarla Qərbi aldadıb ondan pul qopara biləcək, o zaman tarix yenidən təkərrür edəcək. Regiona xəyanət edib qərbə meyillənən haylar üçün isə artıq məchul sonun başladığını qeyd edə bilərik.

Tacir SADIQOV,

"Respublika".