Paşinyan öz “quyu
Digər xəbərlər

Paşinyan öz “quyu"sunu qazır

Ermənistan baş nazirinin sentyabrın 2-də ölkəmizin suverenliyinə qarşı səsləndirdiyi fikirlər onun ikiüzlü siyasətini bir daha göstərdi. Tarixən xalqımıza qarşı törədilən insanlıqdan kənar terror aktlarına baxmayaraq, Azərbaycan məsələnin sülh yolu ilə həll edilməsinə çalışıb. Amma Paşinyan da daxil olmaqla ermənilər hər vəchlə prosesə əngəl törədiblər.

Ermənistanın baş nazirinin sentyabrın 4-də İtaliyanın "La Repubblica" qəzetinə verdiyi müsahibəsi bir daha onun siyasətdən anlayışı olmadığını təsdiqlədi. Paşinyanın bu açıqlamasında da, Azərbaycanla sülh sazişinin imzalanmasında maraqlı olmadığı, baş nazirin revanşist qüvvələrin və Qərbin tapşırıqlarını yerinə yetirdiyi bir daha sübut olundu. Əslində, bu Paşinyanın bir-birinə zidd olan fikirlər səsləndirməsi  ilk dəfə deyil. Brüsseldə Ağdam-Xankəndi yolunun açılması ilə bağlı məsələni yada salaq. İlk olaraq buna razılıq verən baş nazir daha sonra utanmadan belə bir razılıq olmadığını dilə gətirir, öz söylədiklərini danır. Bir məsələni də nəzərə çatdırmaq lazımdır ki, Ermənistan baş nazirinin bu cür davranışları və onun Qərbin köləsinə çevrilməsi ölkə daxilində də yaxşı qarşılanmır. Belə ki, erməni politoloqların əksəriyyəti onun siyasi fəaliyyətini məsxərəyə qoyur, özü kimi, xalqını da qula çevirmək istədiyini bildirirlər.

Paşinyanın İtaliya mediasına verdiyi qalmaqallı müsahibədə diqqətçəkən digər bir məqam isə onun Rusiya barədə "narazılıqlarını" birbaşa Qərb mediasına bildirməsi idi. Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan və Rusiya arasındakı münasibətlər gərginləşmişdir. Hətta Paşinyanın Rusiyanın təsis etdiyi KTMT-dən çıxmaq istəməsi ilə bağlı məlumatlar da kifayət qədərdir. Yeri gəlmişkən, Paşinyan qurumun sentyabrda baş tutan hərbi təlimlərindən də imtina etmişdi. Buna arqument kimi isə 44 günlük Vətən müharibəsində KTMT-nin Ermənistana köməklik etməməsi göstərilirdi. Putin isə haqlı olaraq müharibənin Azərbaycan ərazilərində getdiyi üçün müdaxilə edə bilməyəcəyini açıq şəkildə bəyan etmişdi. Rusiyadan "əliboş" qayıdan Ermənistan baş naziri düşdüyü labirintdən çıxmaq üçün özünə yeni ağa tapdı - Qərbə yönəldi. Paşinyan müsahibəsində Rusiya ilə bağlı bildirib ki, Kreml atdığı və ya atmadığı addımlara görə bölgəni tərk edir. O, həmçinin təhlükəsizlik məsələlərində Rusiyadan asılılığın strateji cəhətdən yanlış olduğunu da deyib. Bununla, Paşinyan bir daha axmaqlığını bəlli edib.

Müsahibədə qalmaqallı başqa bir məqam isə Ermənistan baş nazirinin Laçın yolu ilə bağlı rusiyalı tərəfdaşları ilə etdiyi söhbətlər barədə söylədiyi fikirlər idi. Paşinyanın fikrincə, bir çox rusiyalı tərəfdaşlar Qərb dövlətlərinin Ermənistan hökumətini Rusiyanı regiondan sıxışdırıb çıxarmağa yönəlmiş tədbirlər görməyə sövq etməsindən danışırlar. Bunun ardınca baş nazir Rusiyanın özünün atdığı və ya atmadığı addımlara görə bölgəni tərk etdiyini iddia edib. Əslində, Paşinyanın bununla birbaşa Rusiyanı şantaj etdiyini demək mümkündür. Çünki o, iddia edib ki, Rusiya Laçın yolunu nəzarətdə saxlamağı bacarmır, ya da buna maraqlı deyil. Paşinyanın "forpost" ölkənin heç də üstünlük qazanmadığını açıq şəkildə bildirməsi isə, hədsizlikdən başqa bir şey deyil. Çox güman, Rusiya tərəfi baş nazirin sərsəm fikirlərinə görə ona layiqli cavab verəcək. Bu olmadığı təqdirdə də təəccüblənməyə ehtiyac yoxdur. Paşinyan kimi yaltaq baş nazirin erməni xislətini əks etdirən bu davranışları hər kəsə məlumdur. Əslində, Ermənistanın Rusiya əleyhinə bu cür fikirlər səsləndirməsi onun birbaşa Qarabağdakı vəziyyəti gərginləşdirmək istəyi ilə bağlıdır. Hayastan, Rusiyanı Azərbaycana qarşı müharibəyə dəfələrlə cəlb etməyə çalışıb, amma nail ola bilməyib. Yəni Paşinyanın Rusiyaya qarşı ittihamlarının arxasında bu dayanır.

Paşinyanın bu açıqlamalarına gözlədiyimiz kimi cavab da verildi. Belə ki, Rusiyanın rəsmi TASS agentliyi Paşinyanı açıq şəkildə tənqid etdi. Agentliyin məlumatında Ermənistanın baş nazirinin İtaliyanın "La Repubblica" qəzetinə verdiyi müsahibədə Rusiya ilə bağlı səsləndirdiyi bəyanatlardan və Ermənistan Xarici İşlər Nazirliyinin avqustun 31-də verdiyi şərhdən son dərəcə narazı olduğu qeyd olunaraq, bu tonda danışığın qəbuledilməzliyi xüsusi vurğulandı. Son olaraq diqqətə çatdıraq ki, Paşinyanın bu cür ziddiyyətli davranışları istər Rusiya ictimaiyyətində, istərsə də bir sıra erməni politoloqlarının analizlərində yeni münaqişə yaratmaq təşəbbüsü kimi başa düşülür.

Nəzrin ELDARQIZI,

"Respublika".