...Pəncərə önündə dayanmışam. Elə bilməyin ki, qədim və zaman-zaman təkrarlanan bir bayatını xatırlatmaq istəyirəm. Xeyir. Sadəcə, dünyanın bir pəncərə olduğunu və hər kəsin də bu pəncərədən baxıb getdiyini bilə-bilə mən yenə pəncərə önündə dayanmağa üstünlük verdim... Bunun nədən qaynaqlandığını, niyə məhz bu seçimi etdiyimi ilk anda fəhm edə bilmədim. Elə bil özüm özümdən sıxıldım. Amma sonra baxdığım pəncərə sanki mənə dayaq oldu, əlimdən tutdu. Bunun da səbəbi var. Səbəbi də ömrün 43 anıdı...
Bir məşhur film var. Yəqin onu xatırlayırsınız: "Baharın on yeddi anı!". Mən onunla bərabər bu həyatın on yeddi anın təqribən üç dəfəsi həcmində anlar yaşamışam. Və bu anlar məhz pəncərə önündə dayandığım həmin o məqamda gözümün önündə canlanmağa başladı. Çox qəribədi. Görünür, insan yaşlaşdıqca o, təkcə kövrəlmir, həm də xatirələrə daha çox meyil edir. Bu da səbəbsiz deyil. Axı, torpaq insanı çəkir... İnsan torpağa daha çox yaxınlaşır. Deyilənlərə görə, torpaqdan yaranmışıq. Elə bu da bir səbəbdi. Yarandığımıza qayıdış... İstəsək də, istəməsək də, bu, danılmaz və əbədi bir gerçəklikdi...
Bax, pəncərəyə dirsəklənib baxdığım həmin o məqamda mən ömrün 43 anının birinci hissəsini xatırlayıram. 1980-ci il idi. Ordudan qayıdıb dövlət universitetinə daxil olmuşdum. Bir az ordu havası, bir az yazı-pozu havası... və beləcə, həmin ilin təqribən sentyabr ayının bir istirahət günü qala divarının yanındakı çayxanada onu gördüm. Öz dostları ilə çılğın, əl-qolla danışan, saçları da az qala çiyinlərinə düşən bu ortaboylu oğlan əvvəllər adını eşitdiyim bugünkü 70 yaşlı yazıçı, millət vəkili Aqil Abbas idi.
Beləcə, dostlarımın çevrəsində tanıdığım adamların sırasında onunla ilk ünsiyyətim yarandı. Sonra ömrün ikinci anı başladı.
Bir "Sovet kəndi" qəzeti var idi. Redaksiya təkcə şeirlərimi çap etmirdi, həm də söz-sənət adamları barəsində yazılar yazmaq barədə mənə tapşırıqlar da verirdi. Məhz "Sovet kəndi" qəzetində həmin o qala divarının dibindən tanıdığım, salamlaşıb hal-xoş etdiyim oğlanla bir az da yaxın münasibətimiz yarandı.
Daha bir an. Artıq onu söz adamları da, mədəniyyət-ictimaiyyət aləmi də tanıyır... böyük bir qəzetin şöbə müdiridi... öz ətrafı, öz üslubu, necə deyərlər, öz dəst-xətti, öz yolu var. Pəncərəsindən baxdığım "Azərbaycan" nəşriyyatının əksər işçiləri, özü də təkcə jurnalistlər yox, eləcə də çap sexində çalışanlar da onu tanıyırdılar. Hətta nəşriyyatın birinci mərtəbəsindəki böyük yeməkxana və burada çalışan yaşlı kassir xanım da onun gəlişinə sevinirdi. Burada hər kəs özü-özünə xidmət edirdi. Əlimizdə sini götürdüyümüz yeməklərlə kassaya yaxınlaşanda o bizdən öndə dayanıbsa, mütləq arxaya çönüb özündən sonra növbə gözləyən dostların, tanışların da yeməyinin pulunu ödəyirdi. Özünəməxsus şəkildə kassir xanıma:
- Hamısı mənlikdi! - deyirdi.
Dördüncü an. Artıq Qarabağ göylərini qara buludlar alır... Ölkədə mitinq havası hökm sürür... meydan aşıb-daşır... hər kəs öz bildiyi, öz bacardığı, özünün gücü çatdığı bir şəkildə nəyinsə qulpundan tutmağa, nə isə etməyə çalışır. İndi mən hərbi müxbir kimi Qarabağdayam. Ordudan təxris olunandan sonra yaxınlaşdığım bir məmur gözlərimin içinə baxa-baxa dedi:
- Səni orduya mən göndərməmişəm ki, indi gəlib məndən iş istəyirsən...
Hə, bu da beşinci an...
...Ölkə müstəqillik qazanıb. Doğulduğum kənd işğal olunub, özü də gözlərimin qarşısında yandırılıb