Ölkəmizin mövqeyi ədalətli və qətiyyətlidir
Digər xəbərlər

Ölkəmizin mövqeyi ədalətli və qətiyyətlidir

"Bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər. Hər halda mən hesab edirəm ki, belə imkanlar var… Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük. Ancaq yenə də deyirəm, hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır olmalıdır və sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə də keçirməlidir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib.

Dövlət başçısı qeyd edib ki, Ermənistan tərəfinin mövqeyində müsbətə doğru dəyişiklik var. Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb.

Bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın. Hər halda biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik.

Ölkəmiz 30 ilə yaxın müddətdə ərazisinin 20 faizini işğal edən Ermənistanla danışıqlar apararaq Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışdı. Danışıqlar heç bir nəticə vermədi, əksinə, aydın şəkildə müşahidə edildi ki, Ermənistan tərəfi sadəcə olaraq vaxt udmaq istəyir. Otuz il ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlarda öz haqq səsimizi ucaltdıq. Ancaq əfsuslar olsun ki, sözümüzə reaksiya verən qurum tapılmadı. Əksinə, Qarabağ münaqişəsi ilə məşğul olmuş vasitəçilər məsələni həll etmək yox, dondurmaq üçün səylər göstərirdi. Biz öz haqqımızı, hüquqlarımızı döyüş meydanında bərpa etdik. Qırx dörd gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan bayrağını ucaltdıq. Bu, çoxəsrlik tariximizin ən parlaq səhifəsidir. Azərbaycan xalqı ordumuza dayaq oldu, yumruq kimi birləşdi. Biz işğal edilmiş torpaqları qan tökərək azad etdik. Əfsuslar olsun ki, bu gün İkinci Qarabağ müharibəsindəki məğlubiyyəti Ermənistana dərs olmayıb. Revanşist qüvvələr yenə də Azərbaycana qarşı ərazi iddiaları irəli sürür.

Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi səhifəni çevirmək, hərbi əməliyyatları arxada qoymaq və beynəlxalq hüquqa əsaslanan münasibətləri normallaşdırmaq üçün tarixi imkan yaradıb. Təəssüf ki, Ermənistan və xarici havadarları son vaxtlar bu faktların qarşısını almaq üçün yalan və böhtanla dolu təbliğat kampaniyasına başlayıblar. Kampaniyanın birbaşa məqsədi Bakıya təzyiq etməkdir. Daha dəqiq desək, məqsəd 2020-ci ilin noyabrında Ermənistanın müharibədə məğlubiyyətini etiraf etdiyi zaman başlayan sülh prosesini pozmaqdır.

Hindistan istehsalı olan silahların İran vasitəsilə Ermənistana tədarükü Cənubi Qafqaz regionundakı sabitliyə təhdid yaradır. Silah və sursatdan ibarət yüklərin göndərilməsi gərginliyi artıra, Cənubi Qafqaz regionunda sabitliyi poza və vəziyyəti daha da çətinləşdirə bilər. Təxribat xarakterli bu addımlar təkcə regional sülhə deyil, həm də Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanmasına mane olur. Beynəlxalq ictimaiyyət, xüsusən də BMT vəziyyətə reaksiya verməlidir. Müharibələrin mümkün bərpasının qarşısını almaq üçün Ermənistanın hərbi ambisiyaları məhdudlaşdırılmalı və Hindistanın silah tədarükündə iştirakına ciddi nəzarət edilməlidir.

Dezinformasiya kampaniyası Ermənistanı Azərbaycanın Qarabağ bölgəsi ilə birləşdirən Laçın yolu boyunca baş verən hadisələrə yönəlib. Dərman, ərzaq və digər zəruri mallar da daxil olmaqla humanitar yüklər asanlıqla Qarabağa çatdırılır. Təcili tibbi və digər zəruri ehtiyaclarla üzləşən yerli sakinlər Ermənistana gedə və geri qayıda bilərlər. Hər hansı humanitar böhranın qarşısını almaq üçün Bakı Beynəlxalq Qırmızı Xaç Komitəsinə yola əngəlsiz çıxış imkanı verir. Rusiya sülhməramlılarına da sərbəst hərəkət imkanı yaradılıb. Xarici İşlər Nazirliyinin bölgədəki son vəziyyətə dair bəyanatında deyilir ki, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürməsinə və onların Avropa İttifaqı, BQXK tərəfindən dəstəklənməsinə baxmayaraq, ermənilərin bu təkliflərə qarşı çıxması, alternativ yollara beton maneələr düzməklə əraziyə girişi bloklaması Ermənistanın humanitar vəziyyət barədə iddialarının siyasi şantaj və manipulyasiya olduğunu bir daha göstərir.

Hayların prosesi əngəllədiyi və gecikdirmə taktikasına əl atdığı, üçtərəfli Bəyanat üzrə öhdəliklərini ciddi pozduğu və son aylar genişmiqyaslı hərbi təxribatlar törətdiyi dünya ictimaiyyətinə yaxşı məlumdur. Ermənistan tərəfinin destruktiv fəaliyyətlərinə baxmayaraq, ölkəmiz sülh gündəliyini irəlilətməkdə əzmli və qətiyyətlidir. Məhz ona görə də danışıqlar davam etdirilir. Onu da qeyd etmək lazımdır ki, artıq Ermənistan ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Sərhədlərin delimitasiyası bizim şərtlərimiz əsasında, ədalətli olmalıdır, Naxçıvana yolumuz açılmalı və Qarabağda kök salmış Ermənistan ordusunun qanunsuz birləşmələri oradan çıxarılmalıdır.

Dövlət başçısı bildirib ki, biz bu gün buradayıq, burada oturmuşuq, burada durmuşuq və əbədi burada yaşayacağıq. Qırx dörd günlük müharibə və müharibədən sonrakı dövr bir daha göstərdi ki, kim kimdir, kim nəyə qadirdir. Heç kim bizə təzyiq edə bilməz. Heç kim bizə təsir edə bilməz. İndi bəzi ermənipərəst ölkələr, dairələr hansısa açıqlamalar verirlər. "Heç kimdə şübhə olmasın ki, əgər kimsə yenə də bizim gücümüzü sınamaq istəsə, öz layiqli cavabını alacaqdır".

Mustafa KAMAL,

"Respublika".