Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində ölkəmizin iqtisadiyyatının sürətli və dayanıqlı inkişafı, beynəlxalq aləmdə artan nüfuzu, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün dövlətimizin sülh təşəbbüskarı olması barədə beynəlxalq ictimaiyyətə məlumat verdi.
Azərbaycan bu gün dünyada iqtisadiyyatı sürətlə inkişaf edən dövlətlər arasında ön sıralarda dayanır. İqtisadiyyatımızda qeyri-neft-qaz sektorundan gələn gəlirlərin həcmi hər il artmaqdadır. Son 20 ildə Azərbaycana 300 milyard ABŞ dollarından artıq sərmayə qoyulmuşdur ki, onun da 200 milyard dolları qeyri-neft-qaz sektorunun payına düşür. ÜDM dörd dəfədən çox artıb ki, bu da dünya ölkələri arasında ən yüksək göstəricilərdəndir. Gələcək illərdə iqtisadi artımı təmin edəcək sahələrə yerli və xarici sərmayələrin qoyuluşu ölkəmizin strateji planlarında əsas yerlərdən birini tutur. İqtisadi artım işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması üçün kifayət qədər vəsait ayrılmasına böyük imkanlar yaradır. Bu ərazilərimizdə sürətlə aparılan yenidənqurmanın nəticəsidir ki, artıq minlərlə soydaşımız öz doğma evlərinə dönüblər. İnsanlarımızın burada rahat yaşamaları və işlə təmin olunmaları üçün əlverişli şərait yaradılıb. 2026-cı ilin sonunadək 140 min soydaşımızın öz yurd yerlərində məskunlaşdırılması planlaşdırılıb. Bütün bu işləri öz hesabına həyata keçirməsi dövlətimizin iqtisadi gücünün nümunəsidir.
Ölkəmizdə enerji istehsalı sahəsində də böyük layihələr icra edilmişdir. Azərbaycan təbii ehtiyatlar baxımından böyük potensiala malikdir. Bu gün Avropada Azərbaycan qazına böyük ehtiyac var və bu ehtiyac artmaqdadır. Bununla yanaşı, ölkəmizdə bərpaolunan enerji istehsalı sahəsində də böyük layihələr icra edilib və bu işlər davam etdirilir. Ötən ay regionun ən böyük və xarici investorlar tərəfindən tam maliyyələşdirilən günəş elektrik stansiyasının açılışı oldu. Yaxın vaxtlarda Azərbaycandan Avropaya yaşıl enerji də nəql olunacaq. Artıq üç ildir Azərbaycandan Avropaya Cənub Qaz Dəhlizi vasitəsilə təbii qaz ixrac edilir. Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniyaya təbii qaz verilir. Yaxın vaxtlarda bu coğrafiya daha da genişlənəcək. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Ölkəmizdə şaxələnmiş nəqliyyat logistika infrastrukturu yaradılıb. Azərbaycandan keçməklə bu nəqliyyat marşrutları ilə yükdaşımaların həcmi hər il artır.
Azərbaycan hər zaman müstəqil daxili və xarici siyasət həyata keçirib. Bu siyasət xalqımızın milli maraqlarına xidmət etməklə yanaşı, beynəlxalq hüquq normalarına əsaslanır. Eyni zamanda ölkəmizdə siyasi sabitlik hökm sürür. Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur. Xalqımız öz Prezidentinə inanır, etibar edir və onun ətrafında sıx birləşib. Bu gün beynəlxalq aləmdə böyük nüfuza malik olan Azərbaycan dördüncü ildir dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik edir. Bu, təşkilata üzv dövlətlərin Azərbaycana olan böyük inam və etibarının nümunəsidir. Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə dünyada böyük nüfuz qazanmış bir təşkilata çevrilmişdir. Ölkəmiz üzv olduğu bütün beynəlxalq təşkilatların fəaliyyətlərinin genişlənməsinə və inkişafına töhfə verir.
Azərbaycan regionla yanaşı, dünyada sülhün, ədalətin bərpasına yönəlmiş siyasət həyata keçirir. Ölkəmiz regionda sülhün bərqərar olunması üçün Ermənistanla münasibətlərin normallaşdırılmasına, xalqların bir yerdə dostluq şəraitində yaşamaları üçün səy göstərir. Prezident cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, Qarabağı öz istəyi ilə tərk edən ermənilər qayıdıb Azərbaycan vətəndaşlığını qəbul edib yaşamaq istəsələr Azərbaycan Konstitusiyasına uyğun onların bütün hüquqları qorunacaq. Eyni zamanda 1988-ci ildə Ermənistandan deportasiya olunmuş azərbaycanlılar da öz tarixi torpaqlarına geri dönməlidirlər. Bu insanlar öz doğma torpaqlarına qayıtmaq arzusundadır. Azərbaycan və Ermənistan dövlətləri arasında ikitərəfli danışıqların aparılması və xalqların qarşılıqlı inteqrasiyası sülhə aparan ən asan yoldur.
Kamilə ƏLİYEVA,
Milli Məclisin deputatı,
professor.