Müasir həyat tərzinin və mədəniyyətin mühüm atributu, beynəlxalq əlaqələrin bir forması kimi inkişaf etdirilən, müasir dünyamızda qlobal əhəmiyyətə malik olan turizm sahəsi müxtəlif ölkələr və xalqlar arasında qarşılıqlı münasibətlərlə yanaşı, biznes maraqlarını da gücləndirir. Turizm sahəsi ümumilikdə həyat üçün birinci dərəcəli tələbat növü olmasa da, insanın inkişafının və onun həyat tərzinin müxtəlif sahələrində vacib amil hesab edilir. Elə bu səbəbdən də dünyanın hər yerində turizmin inkişafına böyük maraq göstərilir, daha doğrusu ölkələrin sosial-iqtisadi maraqları turizm sahəsinə əsaslanır. Son illərdə respublikamızın iqtisadi inkişafı, turizmin perspektiv sahə kimi prioritet plana keçirilməsi bu sahənin qanunvericilik bazasında iqtisadi, hüquqi və sosial normalara uyğun təkmilləşmələr edilməsini zərurətə çevirmişdir. Belə ki, respublikamızda turizmin inkişafına dövlət səviyyəsində diqqət göstərilmiş, ölkədə turizmin inkişafını təşkil edə biləcək dövlət strukturları yaradılmışdır. Turizm üzrə dövlət və kommersiya strukturlarının yaradılması, qanunvericilik sənədlərinin qəbul edilməsi, beynəlxalq turizm əlaqələrinin qurulması istiqamətində atılan addımlar bunun əyani sübutudur.
İstər daxili, istərsə də xarici turizmin sülhə, qarşılıqlı anlaşmalara, bütün dünyada insanların sağlamlığına və rifahına olan təsirini sürətləndirmək və genişləndirmək, ölkələrarası əməkdaşlığın əlaqələndirilməsi üzrə beynəlxalq agentlik rolunda çıxış etmək missiyası daşıyan Ümumdünya Turizm Təşkilatı bu sahədə milli təşkilatlar üzrə yaranan turlara xidmət göstərir, turist operatorları birlikləri arasında daimi əlaqə saxlanılmasına yardım edir.
2001-ci ildən BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) üzvü olan Azərbaycan 2013-cü ildə UNWTO Baş Assambleyasının 20-ci iclasında Təşkilatın İcraiyyə Şurasına 2013-2017-ci illər üçün üzv, İcraiyyə Şurasının 104-cü sessiyası zamanı isə 2017-ci il üçün Təşkilatın İcraiyyə Şurasının sədri vəzifəsinə seçilmişdir. Səyahət zamanı insanların təhsil almasına və mədəni səviyyəsinin artırılmasına zəmin yaradan, az inkişaf etmiş rayonlarda turistlərin yaşayış normalarının standartlara yaxınlaşdırılmasına kömək göstərən, turist qəbul edən ölkələrin imkan dairələrini genişləndirən Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyası 2019-cu ildə Bakıda keçirilmiş, tədbirdə dünyanın 37 ölkəsindən və bir sıra beynəlxalq təşkilatlardan turizm sahəsi üzrə yüksək səviyyəli nümayəndələr iştirak etmişdir.
Müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasında turizmin inkişafına dövlət səviyyəsində diqqət göstərilmiş, ölkədə turizmin inkişafını təşkil edə biləcək dövlət strukturları yaradılmışdır. 1999-cu ildə Milli Məclisdə “Turizm haqqında” Qanun qəbul edilmiş, həmin ilin 27 iyulunda isə ulu öndər Heydər Əliyev “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” fərman imzalamışdır.
Tarixən qədim, zəngin mədəni abidələri, əlverişli coğrafi mövqeyi, ləziz mətbəxi, yüksək qonaqpərvərlik ənənələri və müxtəlif dinlərin qovşağında yerləşməsi Azərbaycanda turizmin inkişafına geniş imkan yaratmışdır. Əlverişli coğrafi şəraitin, müxtəlif iqlim qurşaqlarının, zəngin heyvanat aləminin, dənizin və dənizsahili qumluqların, qədim mədəni tarixi irsin, milli ənənələrin, zəngin milli mətbəxin olması respublikamızın bütün bölgələrində diqqəti cəlb edən amillərdir. Bu xüsusiyyətlər sovetlər dönəmində belə Azərbaycana gələn turistlərin marağına səbəb olmuşdur. Hələ XX əsrin 30-cu illərində təbii gözəllikləri ilə göz oxşayan, milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi olan Şuşada kurort məqsədilə istirahət evi, panisonat və sanatoriyalar fəaliyyət göstərmiş, Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, əfsanəvi Cıdır düzü buraya səyahətə gələnlərin sevimli yeri olmuşdu.
İşğalçı Ermənistan 30 ilə yaxın müddət<