Bağır Seyidzadə müxtəlif vəzifələrdə çalışsa da, heç vaxt mətbuatdan uzaq düşmədi
Bu məmləkətin başı çox bəlalar çəkib, parçalanıb, bölünüb. İnsanları qılıncdan, süngüdən keçirilib, haqları, hüquqları tapdalanıb. Şimala, cənuba, qərbə bölünən qədim torpaqlarımızda yaşayan soydaşlarımız tarixin acı sınağına çəkilib. Ermənilərə pay verilən, əslində zorla əlimizdən alınan İrəvan mahalından onun əsl sakinləri didərgin salınıb, Göyçəsinə, Vedisinə həsrət qalmışıq. İllərin həsrətliləri üzü bu yandan o yana ürək yanğısı ilə boylanır, ahını dağlara, daşlara söyləyir. Bir gün o yerlərə dönəcəyinə inamını itirmir. Bu inam torpağa sevgidən yaranıb. Bu inam 30 illik Qarabağ həsrətinə son qoyan Liderinin məqsədyönlü fəaliyyətindən qaynaqlanır. O yerlərə hökmən dönəcəyik, çünki bizimdir. Yetirdiyi görkəmli şəxsiyyətlərinin narahat ruhlarını sevindirmək mənəvi borcumuzdur. O gün gələcək. Seyidzadələr nəslinin qərib düşmüş məzarlarının qara daşları da göyərəcək o zaman. O gün yaxınlaşır!..
1918-ci ildə erməni millətçilərinin azərbaycanlı əhaliyə qarşı qırğınları başlayanda İrəvan mahalından hara gəldi üz tutan köç karvanında Seyidzadələr ailəsi də vardı. Mirqasım kişi o zaman ailəsini qorumaq üçün Tiflisə köçmüşdü. Onda balaca Bağırın 6 yaşı yenicə tamam olmuşdu. Tale bu azyaşlı körpəyə daha bir sınaq hazırlamışdı. 1924-cü ildə anası Xədicəni itirəndə isə o, 12 yaşındaydı. Bağır günlərini qəbiristanlıqda keçirir: "Bəlkə bir möcüzə baş verdi. Anam ayılanda ətrafda heç kimi görməyib qorxar", - düşüncəsilə anasının məzarından bir addım belə uzaqlaşmırdı. Bütün bunların onun səhhətinə pis təsir edəcəyindən narahat olan Mirqasım kişi 1925-ci ildə Bakıya köçür. Burada Bağırın zəhmətlə, uğurla dolu həyat hekayəsi başlayır. Bu həyatın dolambacları, gözlənilməzlikləri, haqsızlıqları da... yox deyildi...
Bağır Mirqasım oğlu Seyidzadə 1912-ci il avqustun 9-da Azərbaycanın elm və mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərində anadan olub, ömrünün sonuna qədər Bakı şəhərində yaşayıb. 1968-ci il martın 24-də yaratmaq həvəsinin aşıb-daşdığı bir vaxtda dünyasını dəyişib. Cəmi 56 il yaşayıb. Bu illərə çox şey sığışdıra bilib Bağır müəllim.
Zəhmət onun qanında idi, doğulduğu torpağın suyu, havası ilə hopmuşdu canına. Vətənsevərliyi, insanpərvərliyi isə cəmi 6 il laylasını eşitdiyi, qayğısını gördüyü anasının hərdən qulağına pıçıldadığı ibrətamiz nağıllardan, əfsanələrdən, əhvalatlardan çəkmişdi içinə.
Hər bir insanın müəyyən bir sahədə çalışıb özünü təsdiqləməsi, xalqına, ölkəsinə fayda verməsi adi bir haldır. Bəzilərinin ona müxtəlif işlər, vəzifələr tapşırılanda: "Yox, mən onu bacarmaram, elə öz işimdə qalsam, yaxşıdır", - deyə düşünməsində də qeyri-adi heç nə görünmür. Bəs hər şeyi bacarmaq, ona etimad edilən hər işdə özünü mükəmməl şəkildə ifadə etmək, o işdə öz dəst-xəttini qoymaq, ən başlıcası məktəb yaratmaq necə? Möcüzə deyilmi? Bağır müəllim möcüzə yaradırdı. Qısa, lakin mənalı həyat yolu, həyat hekayəsi də onun qeyri-adi istedad sahibi olduğunu təsdiqləyir. Diqqətli oxucumuz səbrini basıb yazımızı sonadək oxusa, onun həyatının ən maraqlı məqamlarını bizimlə birgə izləsə, dediklərimizin gəlişigözəl sözlər olmadığına əmin olacaq.
Əvvəla, onu deyim ki, həyat və fəaliyyəti haqqında dəfələrlə yazılmış insanlar barəsində yazmaq o qədər də asan deyil. Yəni təzə bir fikir söyləmək, yeni nəsə bir şey demək çətin olur. İndi mən də belə bir vəziyyətdəyəm. Bağır Seyidzadə haqqında necə yazım, onu tanımayanlara necə tanıdım? Bəlkə bir jurnalist, bəlkə də bir diplomat, nazir və tərcüməçi kimi təqdim edim. Adlarını çəkdiyimiz və həyatının müəyyən dönəmlərində sevə-sevə icra etdiyi bu peşələrdə bir məktəb yaradıb axı, Bağır müəllim...
Çox erkən yaşlarında H.Z.Tağıyev adına Toxuculuq fabrikində işə düzələn Bağır Seyidzadə paralel olaraq fəhlə fakültəsində də təhsilini davam etdirir. 1930-cu ildə məzun olub "Kəndli" qəzeti redaksiyasında korrektor kimi işə başlayır və işləyə-işləyə sənədlərini Azərbaycan Sənaye İnstitutuna (indiki ADNSU) verir. 1936-cı ildə "Gənc işçi" qəzetinə redaktor təyin olunur. Onun jurnalistlik fəaliyyəti belə başlayır. O dövrdə Azərbaycanı müstəqil görmək istəyən Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Almas İldırım da Bakıda yaşayırdılar. Onlarla yaxınlıq etməsə də, ictimai-siyasi ab-havanı tezliklə dərk edir, lakin kimlərə rəğbət bəslədiyini bəlli etmir. Yalnız illər sonra Moskvada aspiranturada oxuyan sevimli qızı Dilarəyə o, deyəcəkdi: "Qızım, əgər nə vaxtsa Azərbaycan tarixinin ən şərəfli və vacib dövrünə əsər həsr etsən, mütləq o dövrün mətbuatına diqqət yetir, ələlxüsus da "Füyuzat" jurnalına". Bu, onun illərlə ürəyində gəzdirdiyi bir etiraf idi. Deməli, füyuzatçılara rəğbəti varmış...
Sonralar hansı vəzifədə çalışırsa-çalışsın Bağır