Nəzarət-buraxılış məntəqəsinin qurulması beynəlxalq hüquqa və üçtərəfli Bəyanata uyğundur
Digər xəbərlər

Nəzarət-buraxılış məntəqəsinin qurulması beynəlxalq hüquqa və üçtərəfli Bəyanata uyğundur

Vətən müharibəsindən sonra növbəti tarixi hadisə aprelin 23-də Laçın rayonunun Ermənistanla sərhəd bölgəsində Laçın-Xankəndi yolunun Azərbaycan hissəsində nəzarət-buraxılış məntəqəsinin qurulması idi. Dövlət sərhəd xidmətçilərimizin bu uğuru postmünaqişə dövrünün yeni reallığıdır.

Azərbaycanın həm ölkə konstitusiyasına, həm də beynəlxalq hüquqa əsaslanan addımı bəzi ölkələr tərəfindən haqsız olaraq narazılıqla qarşılansa da dövlətimizin qətiyyətli və prinsipial mövqeyi sayəsində Ermənistan bu dəfə də məğlubiyyətlə barışmalı olub. Dövlət Sərhəd Xidməti artıq NBM-ə nəzarət edir. Təbii ki, ölkəmizə qarşı hər zaman hücuma keçməyə hazır olan bəzi dairələr bu fürsəti də əldən verməyib, Azərbaycanın 10 noyabr üçtərəfli Bəyanata əməl etmədiyini söylədilər. Dövlət başçısı isə bildirib ki, bu məntəqənin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib.

Əvvəla qeyd etmək lazımdır ki, dünyanın hər bir ölkəsinin öz sərhədlərinə nəzarət etmək hüququ var və bu, üçtərəfli Bəyanatın tələblərini pozmur. Azərbaycanın əksinə olaraq Ermənistan və Rusiya tərəfi 2020-ci ildən bəri dəfələrlə üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozmuşdur. Xüsusilə humanitar dəhlizə nəzarət edən sülhməramlılar aprelin 23-nə qədər Xankəndi istiqamətində yerləşən erməni qüvvələrinə silah-sursat, mina və əlavə hərbi birləşmələrin daşınmasında birbaşa iştirak ediblər. Azərbaycan tərəfinin dəfələrlə etdiyi xəbərdarlıqlara rəğmən sülhməramlı kontingent cinayət əməllərini davam etdirib. Belə olan halda dövlət başçısı hüquqi baxımdan heç bir qanunazidd olmayan təklif səsləndirib, NBM-in qurulmasının zəruriliyini bildirmişdi.

Bununla da Azərbaycan Laçın rayonu istiqamətində Vətən sərhədlərinin bütövlüyünü bərpa etmiş oldu. Əslində, Qərbin də bu məsələyə baxış bucağı Ermənistan tərəfindən baxdıqda heç də ürəkaçan deyil. Fransa və ABŞ istisna olmaqla heç bir ölkənin bu məsələyə ciddi reaksiya verməməsi İrəvanın Bakı ilə bu dueldən də məğlub ayrıldığını göstərir. Verilən bəyanatlara gəlincə isə əvvəlkilərdən fərqli olmayaraq söz xatirinə deyilmiş fikirlərdir. Bunun başlıca səbəbi kimi hazırda yeni dünya düzəninin formalaşdığı dövrdə qlobal güclərin Azərbaycana olan ehtiyacının həddən artıq çox olmasıdır. Ölkənin yerləşdiyi coğrafi mövqe qərblə-şərq arasında ən qısa məsafəni təmin edə bilir. Və bu nəqliyyat-logistika xəritəsində ölkəmizi ön plana çıxarır. Digər vacib məqam isə Avropanın enerji təhlükəsizliyi məsələsidir ki, bu fonda da Azərbaycanın yeraltı sərvətləri qərbin diqqətini çəkən əsas amildir.

Son illərdə Ermənistanda baş verən hadisələr ölkə rəhbərliyini xarici siyasət kursunu köklü şəkildə dəyişməyə vadar edir. Nikol Paşinyan da başa düşür ki, onlara verilən vədlər sadəcə söz səviyyəsində qalır və praktikada isə heç bir nəticə əldə olunmur. Elə bu səbəbdən Paşinyan yaxın günlərdə parlamentdə çıxışı zamanı bildirmişdi ki, Azərbaycan mövcud şəraitdə Rusiya və Qərb üçün daha önəmli tərəfdaşdır, nəinki Ermənistan.

Laçın dəhlizində baş verən hadisələrə gəlincə, Ermənistan tərəfinin humanitar yolu "bufer zona" adlandırması qarşı tərəfin növbəti əsassız iddiasıdır. Erməni tərəfini bu qədər həyəcanlandıran əsas səbəb isə əslində odur ki, bundan sonra Ermənistandan Qarabağa qanunsuz yüklərin, eləcə də hərbi qulluqçuların daşınması praktiki olaraq mümkün deyil. Lakin sadə vətəndaşlar üçün heç nə dəyişməyib. Keçid məntəqəsi quraşdırıldıqdan sonra belə Rusiya sülhməramlıları və Azərbaycan sərhədçiləri NBM-ə birgə nəzarət edirlər. Qarabağda yaşayanlar, humanitar ləvazimatlar, Qırmızı Xaç avtomobilləri əvvəlki kimi hər iki istiqamətə gedib-gələcəklər. Laçın rayonunda nəzarət-buraxılış məntəqəsinin qurulmasından sonra 2022-ci il dekabr ayının 12-dən başlayan ekoloji aksiya müvəqqəti olaraq dayandırılıb. Buna səbəb kimi qeyd etmək olar ki, Qarabağdakı separatçı rejim faydalı qazıntıların Ermənistana qeyri-qanuni daşınması imkanından da birdəfəlik məhrum olub. Faydalı qazıntıların qanunsuz istismar edib daşınmasının qarşısı da belə alınmış oldu. Çünki Laçın-Xankəndi yoluna alternativ olan digər torpaq yollar son olaraq Həkəri çayının üzərindən keçən yola birləşir.

Musa BAĞIRLI,

"Respublika".