Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə noyabrın 23-də Naxçıvan Dövlət Milli Dram Teatrında "Qərbi Azərbaycana qayıdış" festivalı və "Qərbi Azərbaycana qayıdışa gedən yol" konqresinin açılış tədbiri keçirilib.
Qərbi Azərbaycana məxsus folklor nümunələrindən ibarət kompozisiya və videoçarx nümayiş etdirilib.
Festival və konqresin açılışı münasibətilə tədbir iştirakçılarını salamlayan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, bu gün xalqımız öz tarixinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edib. Uzun illər gizli saxlanılan, zaman-zaman təhrif edilmiş hadisələr özünün əsl mahiyyətini və qiymətini alır. Sözsüz ki, bunun ən mühüm səbəblərindən biri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycanın 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməsi oldu. 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə dövlətimizin suverenliyinin onun bütün ərazisində təmin olunması ilə nəticələndi. Tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın yaratdığı bugünkü reallıqlar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi və inkişafı ilə yanaşı, həm də Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının bərpası işinə stimul verir. Daha dəqiq ifadə etsək, Qərbi Azərbaycana qayıdış üçün zəmin yaradır.
Vurğulanıb ki, 2022-ci il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq ölkəmizdə Qərbi Azərbaycana qayıdışla bağlı sistemli tədbirlərin keçirilməsinə başlanılıb, bu məqsədlə konsepsiya qəbul olunub. "Qərbi Azərbaycana qayıdış" festival-konqresi də Prezidentin bu istiqamətdə müəyyənləşdirdiyi tapşırıqların icrası, xüsusilə də Qərbi Azərbaycanın tarixi, mədəni irsi və azərbaycanlıların tarixi-etnik torpaqlarından kütləvi deportasiyası ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir.
Səlahiyyətli nümayəndə qarşıya qoyulan vəzifələrin icrasında tədbir iştirakçılarına uğurlar arzulayaraq, "Qərbi Azərbaycana qayıdış" konqres-festivalının təşkilatçılarına, dəvəti qəbul edib tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib. Fuad Nəcəfli çıxışını Prezident İlham Əliyevin "Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar" fikirləri ilə tamamlayıb.
Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək bildirib ki, sovet hakimiyyətinin ilk illərində Qərbi Azərbaycanda 1922-1923-cü illərdə 36, 1924-cü ildə 62, 1929-1930-cu illərdə 112, 1931-ci ildə isə 245 Azərbaycan məktəbi fəaliyyət göstərib. Həmin dövrdə 113 azərbaycandilli məktəbəqədər təhsil müəssisəsi mövcud olub. 1981-1982-ci tədris ilində Qərbi Azərbaycanda 155 azərbaycandilli məktəb, 1986-1987-ci tədris ilində isə 206 azərbaycandilli məktəb fəaliyyət göstərib. Nazir vurğulayıb ki, Qərbi Azərbaycandakı Azərbaycan məktəblərinin məzunları arasından elmin müxtəlif sahələrini əhatə edən 10 akademik, akademiyanın 9 müxbir üzvü, 140 elmlər doktoru və 740 elmlər namizədi yetişib. Emin Əmrullayev ali təhsil proqramlarına Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, toponimləri, İrəvan Müəllimlər Seminariyası ilə bağlı dərslərin, seçmə fənlərin daxil edilməsinin olduqca vacib olduğunu bildirib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında vurğulayıb ki, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımıza məxsus tarixi faktlar, ədəbi-mədəni dəyərlər, folklor nümunələri, toponim məlumatları, o yurd yerlərindəki tarixi-mədəni abidələr barədə məlumatların tədqiq olunması ziyalıların, elm adamlarının qarşısında duran mühüm vəzifələrdir.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli qeyd edib ki, Prezident İlham Əliyevin Qərbi azərbaycanlılar məsələsində daim nümayiş etdirdiyi prinsipial mövqe, onların hüquqlarının bərpa olunmasına və öz doğma torpaqlarına qayıtmasına qəti və birmənalı dəstək ifadə etməsi, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını hazırlamaqla bağlı tapşırıqları tarixi torpaqlarımıza dönüş uğrunda səylərə yeni təkan verib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva çıxış edərək, beynəlxalq hüquqda xalqın tarixən yaşadığı doğma yurdundan zorla çıxarılmasının cinayət əməli hesab olunduğunu diqqətə çatdırıb. Ombudsman bildirib ki, soydaşlarımızı Qərbi Azərbaycan torpaqlarından zorla çıxaranlar və etnik təmizləmə siyasətini yerinə yetirənlər beynəlxalq müstəvidə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova vurğulayıb ki, toponimləri və folklor nümunələrini öyrənməklə Qərbi Azərbaycan torpaqlarının tarixən Azərbaycan türklərinə məxsus olduğunu sübut etmək mümkündür. Alim qeyd edib ki, bu xüsusda olan yüzlərlə yer adını, tarixi faktları saxtalaşdırmaq heç nəyi dəyişmir. Çünki Azərbaycan xalqı öz tarixinə sahib çıxır.
Bədii hissə ilə davam edən tədbir işini davam etdirəcək.
“Respublika”.