Azərbaycan ədəbiyyatında memuarlar ilk öncə ayrı-ayrı müəlliflərin əsərlərində, şairlərin fəxriyyələrində, mədhiyyələrində, həbsiyyələrində, mərsiyələrində özlərinin və ya basqalarının, xüsusən də müasirlərinin həyat və fəaliyyətləri haqqında kiçik qeydlər şəklində təzahür etmişdir. Bu tipli məlumatlara ədəbiyyat topluları olan təzkirələrdə daha çox rast gəlinir. Qeyd etmək yerinə düşər ki, Azərbaycan aşıq sənətinin vücudnamə şeir şəkli də avtobioqrafik səciyyə daşıyır, burada müəllifin ömrünün bütün dövrləri əks olunur.
Azərbaycan ədəbiyyatında ən məşhur memuarlardan biri Cəlil Məmmədquluzadənin "Xatiratım" əsəridir. Bu əsər Azərbaycan ədəbiyyatında gündəlik janrından memuar janrına keçidin bariz nümunəsidir. Mübhəm, şəxsi qeydləri özündə əks etdirən gündəlikdən fərqli olaraq memuarın müəllifi hadisələrin başqaları tərəfindən oxunacağını nəzərə alaraq yazır və bu həmin janrda qələmini sınayan müəllifdən əlahiddə bacarıq tələb edir. Memuar müəllifi həm xatirələrini, real hadisələri canlı şəkildə ifadə etməli, həm də əsərin ictimailəşəcəyini nəzərə alaraq onu lüzumsuz duyğu və ştrixlərdən azad etməlidir.
Müstəqillik dövrünün memuar ədəbiyyatından qırmızı xətlə keçən bir obraz var: ümummilli lider Heydər Əliyev obrazı. Dünyaşöhrətli siyasətçinin və xalqının böyük oğlunun xatirələrdə yaşayan real obrazının bədii-publisistik nəsrdə işlənməsi kimi məsuliyyətli və tarixi məqam müstəqillik dövrü ədəbiyyatında Hafiz Paşayevin "Bir səfirin manifesti", Anarın "Unudulmaz görüşlər", Elçinin "Tarixlə üz-üzə dayanmış adam", "Dünya axirət əkini", Mövlud Süleymanlının "Qırx ilin yeddi görüşü", İsa Hüseynovun "Həyatımdan səhifələr", Vidadi Babanlının "Unutmadığım günlər" əsərləri ilə əbədiləşmişdir. Bu bədii-sənədli nümunələrin hər biri Heydər Əliyev fenomeni ilə ünsiyyətdən, onun tarix səhnəsindəki fəaliyyətinə şahidlikdən və müstəqil Azərbaycanın qurucusuna olan ehtiramdan yoğrulmuşdur.
Qeyd etdiyimiz memuarlar Heydər Əliyevin ədəbiyyat, mədəniyyət hamisi obrazını fiksə etməklə yanaşı, ulu öndərin Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması faktının dünyaya qəbul etdirilməsi və yurdumuzun azad olunması uğrunda mübarizəsinin, siyasətinin ştrixlərini əks etdirən tarixi-bədii sənədlər kimi də dəyərlidir. Ümummilli lider Heydər Əliyevin Siyasi Büro üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışması, dünyada tanınan siyasi xadim kimi nüfuzu ermənilərin Qarabağ arzusuna, "böyük Ermənistan" xülyasına mane olurdu. Onun bu vəzifələrdən azad olunması daşnakların əsas məramı və arzusu idi. Heydər Əliyevin ittifaq rəhbərliyindən uzaqlaşdırılması "erməni arzusu"nun reallaşmasına və Azərbaycan üçün faciəli günlərin başlanğıcına səbəb oldu. Xalq yazıçısı Elçin "Dünya axirət əkini" əsərində həmin dövrü belə xatırlayır: "Yarmarkadan sonra mən Almaniya Demokratik Respublikası Yazıçılar İttifaqının dəvətilə "Drujba narodov" jurnalının baş redaktoru, ədəbiyyatımızın ozamankı İttifaq səviyyəsində tanınmasında müəyyən xidmətləri olan Sergey Baruzdinlə birlikdə Şərqi Berlinə getdim və orada eşitdim ki, Heydər Əliyev Siyasi Büro üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən azad olunub. Təkcə elə S.Baruzdinin simasında "sovet cəmiyyəti" deyilən o ictimai əxlaq pozğunluğunun bu hadisəyə necə münasibət bəsləyəcəyi mənim üçün tamam aydın idi: bütün səfər boyu yeri düşdü-düşmədi, mənə və mən iştirak edən məclislərdə başqalarına Heydər Əliyevi şit-şit tərifləyən yazıq Sergey Alekseyeviç birdən-birə 180 dərəcə dəyişdi, onu tənqid etməyə, haqqında şovinist bir istehza ilə danışmağa başladı. Təbii ki, cavabını verirdim və Baruzdin də artıq dünyasını dəyişdiyi üçün bu barədə təfərrüata varmaq istəmirəm, amma məsələ burasındadır ki, onun o gözlənilməz dəyişikliyi küləyin səmt göstəricisi idi. Berlindən qayıdanda gecə Moskvada "Moskva" mehmanxanasına ayaq basarkən ilk gördüyüm dost adam Elmlər Akademiyamızın prezidenti Eldar Salayev oldu və salamsız-kəlamsız ona dediyim sözlər indiyə kimi mənim də yadımdadı, Eldar Salayevin də. Dedim: "Görəcəksən, birinci ermənilər başlayacaq!..". Təəssüf ki