Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, tarixini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər.
Heydər ƏLİYEV,
Ümummilli Lider.
Müstəqil Azərbaycan Respublikasının qurucusu və banisi Heydər Əliyevin anadan olmasının 100 illiyinin böyük qürur hissilə qeyd edilməsi, xalqımızın şərəfli tarixində böyük əhəmiyyətə malik olan mühüm hadisədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan edilmişdir. Sərəncamda deyildiyi kimi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqını müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir.
Azərbaycan xalqı özünütəsdiq edib bəşər sivilizasiyasının, xüsusilə Şərq və türk dünyasının mədəniyyət mərkəzinə çevrildiyi vaxtdan çağdaş dövrümüzə qədər qüvvətli dövlətlər və bu dövlətləri idarə edə bilən görkəmli dövlət xadimləri yetirmişdir. XX-XXI əsrlərin qovuşuğunda Heydər Əliyevin zəngin ictimai-siyasi və dövlət xadimi kimi fəaliyyəti buna ən parlaq misaldır. Azərbaycan gerçəkliyinin, Azərbaycan zəkası və mənliyinin müasir reallıqları məhz Ulu Öndər Heydər Əliyevin geniş və hərtərəfli fəaliyyətində aydın şəkildə öz əksini tapır.
2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Prezident Sərəncamında deyilir: "Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir".
Heydər Əliyevin hərtərəfli fəaliyyəti və bacarığı müstəqil Azərbaycanın inkişafında, uğurlu daxili və xarici nailiyyətlərin qazanılmasında həyata keçirilən tədbirlər onu xalqımızın Ümummilli Lideri səviyyəsinə yüksəldə bilmiş, adına və mənalı ömür yoluna şərəf gətirmişdir.
Heydər Əliyev müasir tariximizdə inkişaf edən Azərbaycanın qüdrətli dövlət rəhbəri, müstəqilliyimizin qorunması, dövlətimizin möhkəmləndirilməsinin etibarlı qarantı və memarıdır. Onun yaratdığı yeni-yeni dövlət strukturları, həyata keçirdiyi köklü islahatlar və cəsarətli dövlət tədbirləri Azərbaycanın getdikcə qüvvətlənməsinə istiqamətlənən prioritet vəzifələr idi.
Heydər Əliyev xalqımızın tarixini yaşadan görkəmli dövlət xadimi və dahi rəhbəri idi. Ulu Öndər bizim tarixi yaddaşımızı özümüzə qaytardı.
Hələ Azərbaycana birinci rəhbərliyi dövründə, ötən əsrin 70-ci illərində xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və daha da inkişaf etdirilməsi istiqamətində ciddi və əhəmiyyətli addımlar atıldı, gələcək müstəqilliyə doğru azadlıq ideyaları bir ideoloji baxış sistemi kimi genişlənməyə başladı. 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Prezident Sərəncamında deyildiyi kimi, "azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı 70-ci illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir". Ulu Öndərin həyata keçirdiyi tədbirlər milli ruhun canlanmasına, soykökümüzə, milli özünüdərkə qayıdışa doğru qətiyyətli addımlar idi. 1978-ci ildə Konstitusiya qəbul edilərkən Azərbaycan dilinin Konstitusiya statusu alması o zaman üçün böyük tarixi hadisə və Heydər Əliyevin böyük cəsarəti idi.
1969-cu ildə Azərbaycanın rəhbəri seçildikdən sonra rəsmi Moskvanın diqqətini cəlb etmədən respublikada milli-mənəvi dəyərləri inkişaf etdirmək üçün müdrik addımlar atmağa başladı. Azərbaycan SSR Ali Soveti 1938-ci il mayın 7-də Laçın, Kəlbəcər, Qubadlı və Qazax bölgələrindən 2 min hektar torpaq sahəsinin Ermənistana verilməsi haqqında protokolu təsdiq etdi. Lakin az sonra hakimiyyətə gəlmiş Heydər Əliyev bu qərarın icrasına yol vermədi.
Heydər Əliyev böyük uzaqgörənliklə respublikanın bütün dövlət hakimiyyəti orqanlarının, Azərbaycan parlamentinin fəaliyyətini xalqın sosial-iqtisadi və sosial-mədəni tərəqqisi, habelə milli oyanış siyasətinin reallaşmasına yönəltdi. Geniş rəhbərlik təşkilatçılığı və istedadlı bacarığı ilə həm Azərbaycanın partiya rəhbəri və həm də SSRİ Ali Sovetinin deputatı (VIII-IX çağırışlar) və İttifaq Sovetinin sədr müavini, Azərbaycan SSR Ali Sovetinin deputatı və Rəyasət Heyətinin üzvü kimi geniş dövlətçilik fəaliyyəti göstərirdi. Onun təşəbbüsü ilə SSRİ rəhbərliyi, yəni Sov. İKP MK və SSR