"Xüsusi olaraq bildirmək istəyirəm ki, mülki əhali və infrastruktur obyektləri hədəf alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır. Keçirilən tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi mütəmadi olaraq məlumatlandırılır. Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə cavab tədbirləri görülüb".
"Respublika" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Anar Eyvazov brifinq zamanı bildirib.
"Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Xocalı rayonu və Qırmızı Bazar istiqamətindəki döyüş mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri ordumuzun arsenalında olan yüksək dəqiqli silahların tətbiqi ilə dəqiq atəşlə məhv edilib. Demək istəyirəm ki, Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı mülki əhali və heç bir mülki infrastruktur obyektləri hədəfə alınmır. Bundan əlavə, lokal xarakterli antiterror tədbirləri zamanı yaşayış yerlərinin yaxınlığındakı Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən atəş vasitələrinin yerləşdirilməsini nəzərə alaraq, ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənarda durmağı və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırırıq. Bu barədə SMS vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni əsilli sakinlərinə məlumat göndərilib".
Nəzrin ELDARQIZI,
"Respublika".